23 Dekabr 2024
Müsahibə

Əmrah Çəlikəl: “Ola bilər ki, Fransada belə halla qarşılaşaq” – MÜSAHİBƏ

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl “Ədalət” qəzetinə müsahibə verib. Müsahibəni kiçik ixtisarla dərc edirik.

– Əmrah bəy,  klubun yeni transferi Emeqara barəsində nə deyə bilərsiniz?

– Bu barədə danışmaq hələ çox tezdir. Qurban müəllim uzun müdddətdir ki, onu izləyir. Əsas odur ki, transfer edilməsi gərəkli bilinən futbolçudur. Baş məşqçimiz onu bəyənib. Biz də buna şadıq.

– Çətin olmadı ki, onun transferi?

– Biz transfer edərkən gizliliyə üstünlük veririk. Özümüz gedib futbolçu ilə danışırıq. Lazım gəldikdə baş məşqçimiz söhbət edir. Emeqarada da belə oldu. Onunla çox klub maraqlanırdı. Biz daha cəld tərpəndik və sərfəli təkliflərlə onu heyətə cəlb etdik.

– İtaliya “İnter”i ilə oyunda “Qarabağ”da nə çatmırdı?

– Məncə, bəxtsizlik. Matç öncəsi əsas oyunçularımızdan olan Maksimin zədələnməyi bir qədər bizə mane oldu. Amma tam da demək olmaz ki, bu bəxtsizlikdən idi. Əlbəttə ki, “İnter” bizdən daha güclü oynadı və qələbə qazandı. Ümumiyyətlə, komandanın oyunu Azərbaycanda alışdığımız oyunlardan xeyli fərqli idi. Bir neçə təhlükəli epizodumuz olsa da, qola çevirə bilmədik. Zənnimcə, hər kəs əlindən gələni artıqlamasıyla etdi.

– Komandadan “Dnepr”lə oyunda uğurlu nəticə gözləmək olar?

– Biz buna borcluyuq. Qrupdan çıxmaq istəyiriksə, “Dnepr”lə oyunda uğurlu nəticəyə nail olmalıyıq. Çünki bizim “İnter”ə uduzmağımız və digər iki klubun heç-heçə etməsi hər üç klubun ikincilik şanslarını demək olar eyniləşdirib. Hazırda mübarizə üç klub arasında gedir. Biz Ukraynadan xalla qayıtmalıyıq ki, şanslarımızı saxlayaq.

– “Dnepr”ın Ukrayna çempionatdakı oyunu “Qarabağ”ı qorxutmur ki?

– Biz artıq bu turnirdə iştirak edirik. Kimdənsə qorxmağımız, çəkinməyimiz heç nəyi dəyişdirməyəcək. Mənə elə gəlir ki, onlar bizdən qorxur və qorxmalıdırlar. Çünki “Qarabağ”ın bu ilki çıxışı illərin partlayışıdır. Əlbəttə, “Dnepr” Ukrayna çempionatında birinci yerdə gedir. Ukrayna çempionatı ilə Azərbaycan çempionatını müqayisə etmək də doğru olmaz. Amma bizim buna qarşı həm adımız, həm ürəyimiz, həm də baş məqçi amilimiz var. Bu üç meyar “Qarabağ”ı istənilən klubun öhdəsindən gələ biləcək gücə malik edir …

– Ukraynadakı hazırkı vəziyyətlə bağlı komandada hər hansı narahatlıq var?

-Turnir UEFA bayrağı altında keçirilir, oyunların təşkilatçısı UEFA-dır. Yəqin ki, onlar lazımi səviyyədə təhlükəsizlik şəraitinin yaradılmasını tələb edəcəklər. Biz sadəcə oyun barədə fikirləşirik və fikirləşməliyik. Yoxsa biz “Dnepr”ə xal vermiş olarıq. Ora getməkdən heç kəs çəkinmir.  İnşallah, orda ölkəmizi, bayrağımızı, torpağımızı layiqincə təmsil edəcəyik.

– Çempionat oyunlarında xeyli xal itirdiniz. Oyun qrafikinin sıxlığı “Qarabağ”ın çempionluğa iddialarını reallaşdırmağa problem yaratmayacaq?

– “Qarabağ” həmişə iddialı olub, bundan sonra da iddialı olacaq. Təsir etməyəcəyini düşünmək mümkün deyil. Amma söhbət oyun qrafikasından sıxlığından gedirsə, bu bütün klublar üçün belədir. Avropa kubları da bundan əziyyət çəkir. Həftədə iki oyun oynamaq həm yol yorğunluğu birlikdə gələndə əlbəttə ki ağırdır.

– İtirilən xalların bərpası komanda üçün çətinlik törədəcəkmi?

– Onu zamanla görəcəyik. Təbii ki, törədəcək. Biz də istərdik ki, xal itkisi olmasın.

– Hazırda klubun yeni stadionu inşa olunur. Məlumat lövhəsində işlərin dekabr ayınadək tamamlanacağı göstərilib. Ancaq belə görünür ki, stadionun tikintisi hələ xeyli uzanacaq…

– Gördüyünüz kimi, burda çox güclü iş gedir. Biz tikinti işlərinin yekunlaşmasını dekabrın sonuna nəzərdə tutmuşuq. Əlbəttə, hava şəraiti amili də var. Həm də bu elə bir iş deyil ki, göstərilən gündə tam qurtarsın. Bizim hədəfimiz ikinci yarıda məşqlərimizi burda keçirməkdir. Çatdıra bilsək, oyunlarımızı da burda keçirməyi planlaşdırırıq.

– Stadion neçə minlik nəzərdə tutulub?

– 5 minlik.

– Avroliqa oyunlarını da burda keçirmək fikriniz var?

– Avroliqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyirik. Orda ab-hava tam başqa olur. Avropa komandalarını orada qarşılamaq bizim üçün daha məqbuldur.

– Klubun oyunlarını Ağdamdan kənarda keçirməsi bütün qarabağlıların qəzəbinə tuş gəldi. Bu, bir növ komandanın Ağdamdan, Qarabağdan uzaqlaşması kimi qələmə verildi. Hətta təklif olundu ki klubun adı dəyişilib “Qarabağ-Suraxanı” qoyulsun…

– Bu barədə çox danışıldı. Hər kəs öz sözünü dedi. Bu gün “Qarabağ” Azərbaycanı təmsil edir. “Qarabağ” İtaliyaya Azərbaycan adından gedir, Fransaya, Ukraynaya da Azərbaycan adından gedəcək. Adımızın qarşısında Ağdam adı yazılacaq. Bizim Ağdam adını, Qarabağ adını ən yüksək səviyyədə təmsil etməyimiz, o ada yaraşan mücadilə etməyimiz lazımdır. Hazırlıq şəraitimiz buna uyğun olmalıdır. Bunun üçün biz ya Ağdamda yerləşməliyik, komanda orda yaşamalıdır, ya da biz Ağdamda ümumiyyətlə, oynamamalıyıq. Hazırda biz Avroliqada, yerli çempionatda oynayırıq, sabah ölkə kuboku yarışları başlayır.

Ağdamda da bizə çox böyük dəyər verirlər. Rayon icra başçısına burdan təşəkkürümü bildirirəm. Bizi orda çox yaxşı qarşıladılar. Kuboku ora aparanda bizə böyük mənəvi dəstək oldular. Biz istəyirik ki Ağdam adını ən yüksəyə daşıyaq, Qarabağı ən yüksək səviyyədə təmsil edək. Tək Ağdamın yox, işğal altında olan bütün torpaqlarımızın təbliğatını aparaq.

– Reynaldonun transferi ilə bağlı yay transfer pəncərəsində xeyli təklflər oldu. Bir çox nüfuzlu klubların onunla maraqlandığı söylənildi. Çətin olmadı ki, Reynaldonu saxlamaq?

– Əsas odur ki, biz Reynaldonu saxladıq. Üç illik də müqavilə bağladıq. Bunu öz razılığı ilə etdik. Onunla bağlı bizə çox müraciətlər oldu. “Zalzburq”dan və digər adını xatırlamadığım klubdan rəsmi təklif gəldi. Futbolçu özü də azad agent statusuna malik idi, rahat çıxıb gedə bilərdi. Biz ona öz şərtlərimizi bildirdik. O, həm mühitə öyrəşdiyindən, həm komandanı, həm Qurban müəllimi sevdiyindən, həm rəhbərliklə yaxşı münasibəti olduğundan burda qalmağa üstünlük verdi.

– Yeni transfer nəzərdə tutulur?

– Bu Qurban müəllimin səlahiyyətində olan bir məsələdir. Bizim menecerlərimiz var ki, onlar Qurban müəllimlə birgə işləyirlər. Mütəmadi olaraq gözaltı etdikləri futbolçular haqqında olan məlumatları Qurban müəllimə təqdim edirlər. Qurban müəllim bunların içərisində lazım bildiyi, istədiyi futbolçunu seçir, bizə bildirir və biz onun tranferini gerçəkləşdiririk. Bu gün Emeqara gərəkli bilindi və biz onu transfer etdik. Bundan sonra yenə elə bir futbolçu olarsa, Qurban müəllim istərsə, biz onu transferini həyata keçirəcəyik. Bu mövzuda tək söz sahibi Qurban müəllimdir.

– Bildiyimiz kimi, klubun çıxışı tək idman çərçivəsində əhəmiyyət kəsb etmir. Müəyyən qədər siyasi təbliğat- Qarabağ həqiqətlərinin dünyaya çatdırılması xarakteri də daşıyır. Bununla əlaqədar olaraq, indiyədək ermənilərin təzyiqi və ya təxribatı ilə rastlaşmısınız?

– Bu günə qədər bu halla üzləşməmişik. Ola bilər ki, Fransada belə halla qarşılaşaq. Ancaq bu bizi heç vaxt hədəfimizdən yayındıra bilməz. İndiyə qədər öz oyunumuzla adımızdan söz etdirmişik. Bundan sonra da belə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43