23 Dekabr 2024
Milli komanda

Millimizin baş məşqçisi: “Əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev AFFA– nın saytına müsahibə verib.

İdmanxeber.com  müsahibəni sizə təqdim edir:

– Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı təəssüratlarınız necədir?

Komandamızın Avropa çempionatının elit-raunduna vəsiqə qazanmasına
görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə
də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə
AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında
işə başlayarkən AFFA-nın Texniki direktoru Bernhard Lippert sual verdi
ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş
katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib
məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik.
Şükürlər olsun ki, Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ
çıxdıq. Bu da ilk növbədə futbolçularda xarakterin olması sayəsində baş
verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.
– Keçirdiyiniz hər 3 oyunu şərh edə bilərsinizmi?

İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Atletik
baxımdan çox güclü idilər. Futbolçularının əksəriyyəti İngiltərə,
Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın
üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən
liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər.
İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə
ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə
qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq.
Oyundan əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları,
sarı vərələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik vardı.
Uşaqları psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Hesabda yenə
geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər
bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdür,
ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir
penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadır.
Əsas odur ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın
əziyyətinin bəhrəsidir. 6 il idi bu nəticəni gözləyirdik.

Futbolçular təxminən 10 ay sizin rəhbərliyinin altında toplanışlarda
oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan
istədiyinizi oyunu, mübarizliyi ala bildinizmi?

Turnirə böyük itkilərlə getmişdik, 7-8 futbolçumuz yox idi. Zədə və
digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid
İbadov, David Dadaşov, Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər
futbolçunun yoxluğu böyük itki idi. Ancaq sevindirici haldır ki, seçim
imkanımız vardı. Bunu da təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki
məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir
ki, futbolçuları tam yoxlaya bilsin.  Seçmə mərhələdə heç-heçə etdiyimiz
Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə
uduzmuşduq. Ancaq həmin oyunda biz Hacıağa Hacıyevi qazandıq və bu gün
o, komandanın kapitanıdır. Əziyyətinin, zəhmətinin hesabına buna nail
oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.
– Maraqlıdır ki, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?

Çünki o, tapıntı idi. Bakıdakı və Xorvatiyadakı son toplanışlarda bütün
qapıçıları yoxladıq. Bəziləri zədən səbəbindən komandaya qoşula
bilmədilər.

Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda
çıxış edən futbolçulardır. Sizcə, bu seçim həmin liqalardakı
futbolçuları stimullaşdıracaqmı?

Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Bediyev isə Gürcüstanda çıxış
edir. Qalanları öz klublarımızda oynayırlar. Bu onu göstərir ki,
material var, sadəcə, işləmək lazımdır. Nizam-intizam ön planda
olmalıdır. Seçmə mərhələyə qədər 10 ayda ərzindəki oyunların
nəticələrinə gəldikdə vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi
oyunlardır. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdır.  Bir
faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə,
onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki
ünsiyyət qurmaq üçün bu vacibdir.
– Elit-raunda hazırlıqla bağlı planınız hazırdırmı?

Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasaydıq, istefa
verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdir. Çünki müqaviləm
başa çatıb. Təklif olsa, danışacağıq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43