Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Dnepr”lə üz-üzə gələcək “Qarabağ” klubu oyunöncəsi saxta bilet satışının qarşını almaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” – “Dnepr” matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq.
Bu holoqram məxsusi “Qarabağ” üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil. Klub azarkeşlərə səslənərək biletin hər hansı fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından alınmasını xahiş edib. Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçının biletləri noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq.