“NEFTÇİ”NİN ƏFSANƏVİ “7 NÖMRƏ”SİNİN HƏYAT HEKAYƏSİ
“Respublika stadionunda meydançanı sulamaqla məşğul idim. Boş vaxtlarımda isə orada məşq edirdim. Fələyin işinə bax, bir il əvvəl zavodda şlanq daşıyan, ardınca meydança sulayan və heç kimin tanımadığı gənc bir neçə ay sonra minlərlə azarkeşin qarşısında, arzuların komandası olan “Neftçi”nin heyətində “meydan sulayacaqdı…” Bu sözlər “Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarovla həyatı haqqında söhbətimizin bir parçasıdır. Bu gün çoxları, əsasən də gənc nəslin nümayəndələri onu tanımaya bilər. Çünki indi Messi, Ronaldo zəmanəsidir. Amma vaxt var idi, uşaqdan böyüyə kimi futbolla maraqlananlar və bəlkə də maraqlanmayanların hamısı Səmədağa Şıxlarovun adı gələndə söhbətin kimdən getdiyindən xəbərdar olurdular.
“Mən futbolçu olanda” rubrikasının budəfəki qonağı məhz “Neftçi”nin unudulmaz “7 nömrə”sidir. Maraqlıdır ki, onunla bir neçə dəfə vədələşsəm də, işlərininin çoxluğu üzündən 7-ci cəhddə görüşə bildim. Şıxlarovla uşaqlığı, futbola gəlişi, karyerası və digər məqamlardan danışdıq. Əlbəttə, ənənəvi “əlifba dərsi”miz də oldu.
Çilingər, suçu və futbolçu Şıxlarov
Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Həmin vaxt Xıllı Salyan və Neftçala rayonlarının arasında yerləşirdi və Neftçalanın inzibati ərazisi hesab edilirdi. Sonradan kənd Salyan rayonunun tabeçiliynə keçib. Xıllı Səmədağa müəllimin ana kəndidir, atası Məhəmməd kişi isə əslən Salyandan idi. Balaca Səmədağanın 2 yaşı olanda ailəsi Əli-Bayramlıya köçüb. Futbola 6 yaşında həvəs göstərib. Vaxtilə “Neftçi” və “Dinamo” (Tiflis) kimi komandaların şərəfini qorumuş Nağı Babayev onların binasında yaşayırdı. Məhz Nağı müəllimlə tanışlıq onun futbola həvəsini daha da artırıb.
Valideynləri övladlarının futbolla məşğul olmasına o qədər də həvəsli deyildilər. Təsəvvür edin ki, onu 15 yaşına kimi bir dəfə də olsun başqa rayonlardakı oyunlara getməyə icazə verməyiblər. Məşqlərə, Əli-Bayramlıdakı oyunlara buraxırdılar, amma kənara yox. Axırda məşqçiləri Nağı Babayev və Xudaverdi Babayevin xahiş-minnətindən sonra Məhəmməd kişi oğlunun Lənkərana getməsinə razı olub.
Hələ uşaq vaxtlarından tay-tuşlarının, qohum-əqrəbanın yanında “Neftçi”də oynayacağını söyləyən balaca Səmədağaya hamı istehza ilə baxırdı – sən hara, “Neftçi” hara? Amma Şıxlarov dediyini etdi.
1973-cü ildə orta məktəbi bitirib sənədlərini İdman İnstitutuna verən gənc 7 imtahandan keçsə də, səkkizincidən – fizikadan kəsilir. Çar-naçar Əli-Bayramlıya qayıdaraq məşqlərini davam etdirməklə yanaşı, atasına kömək edir, həm də sənətini öyrənməyə başlayır. Həmin il “Neftçi”nin hazırlıq qrupunda çalışan məşqçisi Nağı Babayevin təklifi ilə Səmədağa müəllim bu qrupa yazılır: “Bakıya gələn kimi anamın yaxın rəfiqəsinin köməkliyi ilə “8-ci km” qəsəbəsindəki yataqxanaya qeydiyyata düşdüm. Nağı müəllimin sayəsində isə NBNZ-də (Yeni Bakı Neft Emalı Zavodu – İ.T.) şagird kimi işə düzəldim. Zavodun futbol komandası Bakı birinciliyində çıxış edirdi və komandaya bir vaxtlar “Neftçi”nin futbolçusu olmuş Zinin rəhbərlik edirdi. Yarım ildən sonra Respublika stadionuna işə düzəldim və işim xeyli rahat oldu. Həm işləyir, həm də məşq edirdim”.
Həmin ilin sonunda Səmədağa müəllim “Neftçi”nin əvəzedici komandasına çağırılır. İlk oyununu səfərdə “Spartak” (İvano-Frankovsk) və “Karpatı”ya (Lvov) qarşı keçirən gənc hücumçunun çıxışı məşqçiləri razı salır və dekabrda komandaya qəbul edilir. 1974-cü il yanvarın 1-dən etibarən isə ştata götürülür: “Mənə və Ələkbər Məmmədova 140 manat maaş ayırdılar və pulu yarı bölürdük. Ələkbər rəhmətlik Ələkbər Məmmədovun adaşı idi. Həmin il əsas komanda ilə Gürcüstana təlim-məşq toplanışına getmişdik. İlk oyunda 2:0 hesabı ilə qalib gəldik və hər iki qolu mən vurdum. Oyundan sonra mənə dedilər ki, hazırlaş, axşam əsas komanda ilə Zuqdidiyə gedirsən. Nurəddin Əliyevin ayağı sınmışdı və məni onun yerinə aparırdılar. Elə oldu ki, Zudididəki oyundan sonra məni əvəzedicilərdən ayırdılar. Beləcə, “Neftçi”nin əsas heyəti ilə məşq etməyə başladım”.
Şıxlarov əsas komanda ilə məşq etsə də, oyunlara əsasən əvəzedicilərin birinciliyində çıxırdı. Buna baxmayaraq, ona əsas komandada 1974-cü ilin aprelində Sverdlovskun “Uralmaş” komandası ilə oyunda debüt etməyə imkan yaradılır. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi matçın bitməsinə 20 dəqiqə qalmış oyuna qoşulan Şıxlarov uşaqlıq arzusuna çatmaqla yanaşı, verdiyi sözə də əməl edir.
Həmin vaxt “Neftçi” SSRİ birinciliyinin 1-ci dəstəsində mübarizə aparırdı. Əsas heyətdə Nikolay Smolnikov, Nadir Eynullayev, Fizuli Cavadov, Rafiq Əlizadə, Elbrus Abbasov və digər təcrübəli hücumçuların olduğu bir vaxtda Şıxlarov çox vaxt ehtiyatda otururdu. Amma əvəzedici komandanın əsas heyət üzvü idi və demək olar ki, hər oyunda fərqlənirdi. İlk qolunu hələ 1973-cü ildə “Alqa”ya (Frunze) vuran gənc hücumçu əsas komandada ardıcıl 2 il fərqlənə bilməmişdi.
1975-ci ilin may ayında SSRİ Futbol Federasiyasının qərarı ilə 1-ci dəstədə çıxış edən klubların əvəzedici komandaları ləğv edilir. Bununla yanaşı, əsas komandada da işçi ştatı azaldılır. İxtisara düşən Şıxlarov İsgəndər Cavadovla birgə Sumqayıtın “Xəzər” komandasının baş məşqçisi Anatoli Banişevski tərəfindən dəvət alır və ilk oyundaca 4:1 hesabı ilə qalib gəldiklərin “Dila”nın (Qori) qapısından 2 top keçirir. Lakin onların “Xəzər” karyerası qısa olur. Maaşların gecikdirilməsi və təhsillə bağlı problemlər (“Neftçi”də olarkən Şıxlarov Bədən Tərbiyəsi İnstitutuna qəbul edilmişdi – İ.T.) hər iki gəncin yeni yaranmış “Avtomobilçi”yə gəlişinə səbəb olur. İlyarım Bakı klubunda çıxış edən cütlük məhz “Avtomobilçi”nin sayəsində yenidən “Neftçi”yə qayıda bilir: “Neftçi”dən ayrıldıqdan sonra özümə söz vermişdim ki, yenidən ora qayıdacam. “Avtomobilçi” ev oyunlarını “Spartak” stadionunda keçirirdi. Azarkeşlər mənim yenidən “Neftçi”yə qaytarılmağımı tələb edirdilər. Onda “Neftçi” yüksək dəstəyə çıxmışdı və komandada hücumçu qıtlığı var idi. Fizuli və Elbrusdan başqa demək olar ki, hücumçu yox idi. Onlar da fərqlənə bilmirdilər. Baş məşqçi Gennadi Bondarenko 1977-ci ilin əvvəlində İsgəndəri, mövsümün sonuna 5 tur qalmış isə məni “Neftçi”yə çağırdı. Beləliklə, yenə də verdiyim sözün üstündə dayandım”.
1978-ci ildə Bondarenkonu əfsanəvi sovet futbolçusu İqor Netto əvəzləyir. Bir qədər sonra isə Əhməd Ələsgərov komandaya baş məşqçi gətirilir.
“Lazım olsaydı, şimala – ağ ayıların yanına göndərəcəkdilər”
1980-ci ildə Səmədağa müəllim yenidən “Neftçi”dən ayrılmalı olur. Bu dəfə onun komandada qalmasına hərbi xidmət maneçilik törədir. Qismətdən həmin vaxt “Neftçi”dəki sonuncu oyunu Rostovun OİK komandası ilə olur. Matçdan əvvəl OİK-in baş məşqçisi German Zorin və rostovluların rəsmisi Leonid Martinyuk ilə danışan Şıxlarov hərbi xidməti Rostovda keçmək istədiyini bildirir və Zonin də bu qərarı sevinclə qarşılayır. Kim istəməzdi ki, komandasında Şıxlarov kimi futbolçu olmasın? Gəl ki, hər şeyin “yağ kimi” getdiyi bir vaxtda “Neftçi”nin rəhbərliyi sövdələşmədən xəbər tutur və Şıxlarov Lənkərana – Tank Alayına göndərilir. Onun adı hərbi hissədə getsə də, “Xəzər”də sevimli peşəsini davam etdirir.
Hər işdə bir xeyir var deyiblər. 1981-ci ilin yanvarında Nikolay Smolnikov, İqor Çermisov kimi futbolçularla birlikdə “Xəzər”in heyətində Kislovodska təlim-məşq toplanışına yollanan Şıxlarov Lənkərana qayıtdıqdan sonra xoş sürprizlə qarşılaşır. Ona və Gennadi Drozdova yüksək dəstə komandası ÇSKA-dan dəvət göndərmişdilər. 1981-ci ilin fevralında Moskvaya yollanan hücumçu bir müddət Oleq Bazileviçin rəhbərlik etdiyi komandada məşq edir. Həmin vaxt ÇSKA çox güclü heyətə malik idi. Təsadüfi deyil ki, SSRİ yığmasının əsas hücumçularından sayılan Andrey Çesnokov və Aleksandr Tarxanov ÇSKA-da idilər. Hələ o biri hücumçuların adlarını demirəm. Vəziyyətə uyğun olaraq yeni başlamış mövsümün ilk 2 oyununu əvəzedici komandanın heyətində “Şaxtyor” və “Dnepr”lə qarşılaşmalarda meydana çıxan Şıxlarov bir qol vurur. ÇSKA-da əsas heyətə düşə bilməyəcəyini anladığından, başqa komandaya keçmək haqqında düşünür və istəyinə tezliklə nail olur. SSRİ Kuboku uğrunda Moskvada keçirlən OİK (Rostov) – Spartak (Moskva) oyununda Martinyukla görüşmək imkanı qazanan Şıxlarov ondan Rostova aparılmasını istəyir. Məqsəd isə yüksək dəstədə oynamaq idi: “Bazileviç ÇSKA-ya baş məşqçi təyin olunmuşdu. Özü də Vladimir Muntyanu ilə möhkəm dost idi. Məni Muntyanunun işlədiyi Kiyev OİK-inə göndərmək istəyirdi. Kubok oyununun ertəsi günü gördüm ki, komandanın baş məşqçisi Fedotov ilə Vladimir Muntyanu məni işarə edib Bazileviçlə nəsə danışırlar. Bir qədər sonra yanlarına çağırdılar və ÇSKA-da qalıb-qalmamaq istəyimi soruşdular. Dedim ki, burada ehtiyatda oturmaqdansa, başqa komandada əsas heyətdə oynamaq yaxşıdır. Bazileviç məni Kiyevə göndərmək istədiklərini bildirdi. Özümsə həmin mövsüm Kuboklar Kubokunda çıxış edəcəkdim deyə, Rostov klubuna getmək istəyirdim. Kim idi mənim fikrimlə oturub-duran? Sıravi əsgər idim. Lazım olsaydı, şimala – ağ ayıların yanına göndərəcəkdilər. Çar-naçar yollandım Kiyevə”.
Səmədağa müəllim ilyarım 1-ci dəstədə çıxış edən Kiyev OİK-ində çıxış etdikdən sonra yenidən “Neftçi”yə qayıdır. Onun komanda yoldaşları hərbi xidmətlərini başa vurduqdan sonra SSRİ çempionatının yüksək dəstəsində çıxış edən komandalara keçirlər. Elə Səmədağa müəllim də bu sarıdan problemlə üzləşmir. Bəstəboy hücumçunu “Neftçi”dən başqa OİK (Rostov), “Çernomorets” (Odessa), “Metallist” (Xarkov), “Fakel” (Voronej) və “Spartak” (Moskva) heyətində görmək istəyirdi: “Hələ Kiyevdə oynayarkən SSRİ Kuboku uğrunda yarımqrupların birinin oyunları Bakıda keçirilirdi. Rəhmətlik Ruslan Həbibov da mənimlə bir yerdə idi. “Neftçi”yə qarşı oyundan sonra Əhməd Ələsgərov əsgərlikdən sonra yenidən “Neftçi”yə qaytmağımı istəmişdi. Vaxt-vədə yetişəndə Muntyanu məndən hara gedəcəyimi soruşdu. Bildirdim ki, Azərbaycana qayıtmaq isəyirəm. Onun bir sözü indiki kimi yadımdadır: “Futbol ömrü çox qısadı. Başını bir dəfə sağa, bir dəfə sola çevirib irəli baxanda görəcəksən ki, artıq gecdir”. Bakıya qaytmağımı istəmirdi. Deyirdi ki, bu qədər komanda səni istəyir, get onların birinə. “Spartak” səndən əl çəkmir. Lap istəyirsən Kiyevdə qal. Vicdanım haqqı, boş xidməti orderi mənə göstərib dedi ki, Svetoçnıda (Kiyevin mərkəzi küçələrindən biri – İ.T.) sənə 2 otaqlı ev veririk, 1-2 aya da avtomobil bağışlayarıq, Bakıya qayıtma. Sənin böyük perspektivin var. Dedim ki, yox, valideynlərim yaşlaşıb, qayıtmaq istəyirəm. İndi, o vaxt verdiyim qərara görə o qədər peşmanam ki. “Spartak”da oynasaydım, Avropa Kuboklarında çıxış etmək imkanım olacaqdı. Düzü, həmin vaxt özümü qorxutdum. “Spartak”da Sergey Şvetsov, Georgi Yartsev, Yuri Qavrilov kimi futbolçular var idi. Onlara görə əsas heyətə düşməyəcəyimdən çəkindim. Yevgeni Lemeşko az qala yalvarırdı ki, “Metallist”ə keçim. 3 otaqlı mənzil, “Volqa”, daha nələr vəd edirdi. 1982-ci ilin aprelində “Neftçi”yə qayıtdım. Pul mənim üçün önəmli deyildi. Önəmli olsaydı, “Neftçi”də olmağımdan istifadə edib çox şey əldə edərdim”.
Səmədağa Şıxlarov “Neftçi”də 1985-ci ilin yanvarına kimi çıxış edib. Valentin Solovyovun baş məqçi postuna gətirilməsindən sonra komandaya lazım olmayıb və Gəncənin “Dinamo” komandasına keçib. Onun “Neftçi”dən gedişi, “Dinamo” karyerası, Çexoslovakiya həyatı və futbolla vidalaşması haqqında bir qədər sonra “Əlifba dərsi”ndə.
Karyerasını 1989-cu ildə bitirməsinə baxmayaraq, Şıxlarov 1992-ci ildə qısa müddətə olsa da, yenidən sevimli peşəsinə qayıdıb. Artıq müstəqil çempionatımız keçirilməyə başlayırdı və Siyəzənin “Çıraqqala” komandasının baş məşqçisi Əbdülqəni Nurməmmədov keçmiş komanda yoldaşından onlara kömək etməsini istəyib. Əvvəlcə etiraz edən Səmədağa müəllim sonradan yaxınlarının təkidi ilə razılaşıb. Bəs, dost dosta hansı gündə lazımdır? Həm də Səmədağa müəllimlə Nurməmmədov yaxın qonşu olublar. Şıxlarovun 11 oyunda “Çıraqqala”nın heyətində meydana çıxıb 3 qol vurmasının Əbdülqəni müəllimə nə dərəcədə kömək etdiyini bilmirəm. Bildiyim isə odur ki, həmsöhbətim o vaxtdan peşəkar futboldan uzaqlaşıb.
Bir müddət bizneslə məşğul olan Şıxlarov bir də 2004-cü ildə futbol “təsərrüfatı”nda işləməyə başlayıb. Bu dəfə məşqçi kimi. Ağasəlim Mircavadovun dəvəti ilə bir müddət “Neftçi-2”də çalışdıqdan sonra 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin “Şirvan” komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda çempionluğu və kuboku qazanıb, UEFA-nın Həvəskarlar Liqasında çıxış edib. 2006-cı ildə Vaqif Qasımovun dəvəti ilə güclülər dəstəsində çıxış edən Bakının “Olimpik” komandasına hücumçularla işləyən məşqçi vəzifəsinə təyin olunub. 2008-ci ildə AZAL-dan ayrılan Şıxlarov həmin il “Neftçi”yə seleksiyaçı-məşqçi kimi işə düzəlib. Vaqif Sadıqovun gəlişindən sonra “Neftçi”dən gedən Səmədağa müəllim yenidən AZAL-a çağırılıb. Ötən il “Neftçi”yə baş məşqçi təyin olunan Nazim Süleymanovun köməkçisi işləyib. Nazim müəllimin istefasından sonra onunla birgə komandadan ayrılıb. Lakin bir neçə ay sonra komandanın uşaq futboluna rəhbərlik etmək üçün yenidən “Neftçi”dən dəvət alıb. Hazırda klubun seleksiyaçı-məşqçisidir.
A – Ad. Seyid nəslindənəm. Babam Əbdülhüseyn kişi dindar idi. Qardaşımın adı Hökümağadır. İndiyə kimi heç yerdə bu adla rastlaşmamışam. Məhz şıx nəslindən olduğumuz üçün mənə Səmədağa adını qoyublar. Amma bacılarımın adları müasirdir – Almaz və Gülnarə.
B – Biznes. Futbolla vidalaşdıqdan sonra yaxın dostum qapı-pəncərə sexi açmağı təklif etdi. Fikirləşdim ki, babam dülgər olub, elə onun sənətini davam etdirərəm, həm də bekar qalmaram. Bir müddət oranı işlətdik. SSRİ süqut etdikdən sonra respublikalararası pul köçürmələrində problemlər yaranmışdı. Vəziyyətdən istifadə edərək vaxtilə Çexoslovakiyada bir yerdə oynadığım Viktor Kondratyevə zəng vurdum və şərikli firma açmağı təklif etdim. Viktor ilə bir-birimizə inam var idi və təklifimi qəbul etdi. Ukraynada onun həyat yoldaşının adına firma təsis etdik və bankdan 6 min karbovanets (Ukraynanın keçmiş pul vahidi – İ.T.) kredit götürdük. Bəxtimizdən bankın rəhbəri əslən Zaqataladan olan Osmanov soyadlı azərbaycanlı idi və krediti almaqda köməyini əsirgəmədi. Firmamız hazır məhsullar və ehtiyat hissələrinin daşınması ilə məşğul olurdu. Pis deyildi, hər ikimiz dolanırdıq. Firmanı təsisi edənə qədər Çexiyadan, Macarıstandan Azərbaycana müxtəlif növ məhsullar gətirdiyimdən biznesdən anlayışım var idi. Ona görə də çətin olmadı. Bizneslə 2004-cü ilə kimi məşğul oldum. Sonradan ticarətdəki haramçılığı görüb uzaqlaşmaq qərarına gəldim. Necə deyərlər, həvəsdi, bəsdi.
C – Cəza. Cəzalarım az olmayıb. Ən ağırı Əhməd Ələsgərovun dediyi sözdür. İndiyə kimi də həmin sözü unutmamışam, əməl etməyə çalışıram. Deməli, 1978-ci il Bakıda “Paxtakor”la oynayırdıq. 0:2 hesabı ilə məğlub olduq. Düzdür, həmin oyunun ən yaxşı futbolçusu seçilmişdim, amma bu, təsəllidən başqa bir şey deyildi. Oyunun gedişində özbəklərin müdafiəçisi Aleksandr Korçyonov ayağıma “oynadı”. Ayağı qalxıb sifətinə yüngülvari sillə vurdum. Hakim görməsə də, bu hərəkət Əhməd müəllimin gözündən yayınmamışdı. Oyundan sonra yaxınlaşaraq “Səməd, centlmen olmaq lazımdır”, dedi. Həmin sözləri karyeramda ən ağır cəza hesab edirəm.
Haşiyə: Səmədağa müəllim 1978-ci il mayın 23-dəki “Neftçi” – “Paxtakor” oyunu haqqında danışırdı. Onun sillə vurduğu Aleksandr İvanoviç Karçyonov bir il sonra – 1979-cu il avqustun 11-də Çelyabinsk – Kişinyov reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olacaqdı. Yeri gəlmişkən, həmin aviaqəzada 178 sərnişin, o cümlədən “Paxtakor”un 17 üzvü həlak olmuşdu.
Ç – Çexoslovakiya. Hələ 1983-cü ildə Əbdülqəni Nurməmmədovu baş məşqçi Kazbek Tuayevlə mübahisəyə görə nəinki “Neftçi”dən uzaqlaşdırmışdılar, ümumiyyətlə, futboldan “silmişdilər”. Kimin cürəti çatardı ki, səsini çıxarsın. Adamı bircə günə “statya” ilə Sibirə sürgün edərdilər. Necə ki, bəzi oyunlardan əvvəl gəlib bizə hədə-qorxu gəlirdilər ki, uduzsanız, “gedər-gəlməzə”, yəni Sibirə yollayacağıq. Doğrudan da edərdilər. OİK-də olarkən komandanın rəisi var idi – Eduard Batkin. Çexoslovakiyada işləyirdi. Onunla əlaqə yaradıb dedim ki, yaxın dostuma burada oynamağa imkan vermirlər. Qayıtdı ki, əgər səndən yaxşı oğlandırsa, göndər gəlsin. Beləliklə, Əbdülqəninin problemi həlli olundu, 7 ilə yaxın orada oynadı. Bu əhvalatı nəyə görə danışdım? Çünki, Çexoslovakiyaya gedişimlə əlaqəli idi və Əbdülqəninin “Neftçi”dən ayrılması 2 il sonra bizim başımıza gələcəkdi.
Çexoslovakiyada 1985-ci ilin avqustundan 1987-ci ilin noyabrına kimi SSRİ MQD–nin (Mərkəzləşdirilmiş Qoşun Dəstəsi) komandasında oynadım. Belə komandalar Avropanın bir neçə dövlətində var idi. Oraya ailəmlə birgə getmişdim, Mlada Boleslav şəhərində yaşayırdıq. Praqadan 40 km aralı yerləşirdi. Kiçik sənaye şəhəridir. “Şkoda” avtomobilləri orada istehsal olunur. Düzü, Azərbaycana qayıtmaq istəmirdim. Ev almaq, şərait düzəltmək üçün imkanlar var idi. Həyat yoldaşım razı olmadı. Anası yaşlaşmışdı, Bakıda tək qalmasını istəmirdi.
D – Dost. Dostların çoxu yaşla gəlib-gedir. Belə dostlarım çox olub, indi də var. Amma bir nəfər var ki, onunla cavanlıqdan dostluq edirəm. 1976-cı ilin söhbətidi. Zədələnmişdim və yoxlanmaq üçün xəstəxanaya getdim. Tahir Səlimovla orada tanış olmuşdum. İndi 5 saylı xəstəxanada işləyir. Qardaşdan da yaxınıq. 11 il əvvəl oğlu avtoqəzada həlak olmuşdu. Bu günə kimi onun dərdinə şərikəm. Hər həftə qəbrini ziyarət etməyə gedirəm. Adlarını çəkmək istəmirəm, birdən yaddan çıxanı olar, köhnə futbolçulardan çoxları ilə dostluq münasibətlərim var. Amma Tahirin həyatımdakı yeri tamam başqadı.
E – Ev. 1979-cu il idi. “Kayrat”la oyundan əvvəl xəbər gəldi ki, Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev futbolçularla görüşəcək. Heydər Əliyev bazaya oğlu İlham Əliyevlə gəlmişdi. Onda İlham Əliyevin 17-18 yaş olardı. Görüşdə Əhməd Ələsgərov Heydər Əliyevə dedi ki, futbolçulara ev lazımdı. O dəqiqə Bakının o vaxtkı 1-ci katibi Nəcməddin Əhmədova tapşırıq verdi. Əhməd müəllimdən soruşdu ki, neçə ev lazımdır və haradan istəyirsiniz? Əhməd müəllim də 4 nəfərin mənzilə ehtiyacı olduğunu söylədi və bazanın yanında tikilən MTN-nin binasına işarə etdi. Gülə-gülə sabah “Kayrat”ı udursunuz, gedib mənzillərin orderlərini götürürsünüz. Amma bunu elə tonda dedi ki, başqa variant qalmırdı. “Kayrat”ı mütləq məğlub etməli idik. Şükür Allaha, ertəsi gün zülmlə olsa da, qalib gəldik. Əbdülqəni Nurməmmədov 90-cı dəqiqədə qol vurdu. Səhəri gün Əhməd müəllimin təklifi, Əbdülqəninin qolu və ən əsası, Heydər Əliyevin sayəsində mən və Nurməmmədova 2, rəhmətlik Rəşid Özbəyovə 3, rəhmətlik Ruslan Abdullayevə isə 4 otaqlı mənzil verildi. Allah Heydər Əliyevə də rəhmət eləsin, hələ də onun verdiyi mənzildə yaşayıram. Uşaqlar hərdən zarafatla deyirlər ki, binanın komendatısan.
Ə – Əkiz. Həyata tək gəlməmişəm. Əkiz qardaşım olub. Amma 1 yaşına çatmamış dünyasını dəyişib. Adı Sübhan idi. Əkiz qardaşımın olmasını böyüyəndə bilmişəm. Məndən gizlədirmişlər.
F – Fəhlə. İlk dəfə atamın yanında fəhləlik etmişəm. İkinci iş yerim isə NBNZ olub. Həyatı dərk etmək, çətinliklərə alışmaq baxımından ora mənim üçün əsl həyat məktəbi olub. Təsəvvür edin ki, səhər saat 7-də yuxudan durub gedirdim işə. 12-ə kimi işləyirdim. Vəzifəm də çilingər köməkçisi idi. Zavodda 20 qəpiyə nahar etdikdən sonra metro ilə “Gəncliy”ə məşqə gəlirdim. Məşqdən sonra da tanış uşaqlarla futbol oynayırdım. Axşam evə çatanda halım qalmırdı. 6 aydan sonra Nağı müəllimə işimin çətin olduğunu, yorulduğumu dedim. Sağ olsun, məni Respublika stadionuna işə düzəltdi. Meydançanı sulamaqla məşğul idim. Boş vaxtlarımda isə suladığım meydançada məşq edirdim. Fələyin işinə bax, bir il əvvəl zavodda şlanq daşıyan, ardınca meydança sulayan və heç kimin tanımadığı gənc bir neçə ay sonra minlərlə azarkeşin qarşısında, arzuların komandası olan “Neftçi”nin heyətində “meydan sulayacaqdı”. Heç vaxt fəhlə işlədiyimə görə utanmamışam. Çətinliklər xarakterimin möhkəmlənməsində əvəzsiz rol oynayıb.
G – Gəncə. “Neftçi”dən gedişim 1985-ci ildə olub. Yanvarın 4-də oğlum dünyaya gəldi, səhəri gün məni komandadan çıxardılar. Təkcə məni yox, 11 nəfəri uzaqlaşdırdılar. Komandaya baş məşqçi Solovyov gətirilmişdi. Hamımızı bir-bir yanına çağırıb söhbət etdikdən sonra getməli olduğumuzu bildirdi. Mənim növbəm çatanda dedim ki, yoldaş Solovyov, səhv edirsiniz. Özümə görə demirəm, bu uşaqlardan ən azı 5-6-sı komanda üçün lazımdır. Siz SSRİ-nin əməkdar məşqçisisiniz, əvvəl bu 11 nəfəri yoxlamalısınız. Başqalarının fikri ilə oturub-durmaq sizə yaraşmaz. Üzümə baxıb dedi ki, ona siyahı verilib və heç bir şey edə bilməz. Siyahını kim vermişdi? İki nəfərin adı hallanırdı – komandanın məşqçisi Ruslan Abdullayevin və rəis Rauf Adıgözəlovun. Siyahını tərtib edənin kim olduğunu indiyə kimi də bilmirəm. Solovyovun otağından çıxan kimi “Metallist”in baş məşqçisi Lemeşkoya zəng vurdum ki, gəlirəm. Sənədlərimi götürmək istəyəndə mənə dedilər ki, hara istəyirsən, get. Amma sənə verilən ev də əlindən alınır, üstəlik, Gəncənin Texnologiya İnstitutunda qiyabi təhsil alırdım, oradan da uzaqlaşdırılırsan. Bir növ şantaj etdilər. Məcbur olub yollandım Gəncəyə – “Dinamo”ya. “Dinamo” 2-ci dəstədə oynayırdı. Mənimlə birgə “Neftçi”dən ora 7 futbolçu getmişdi. Məqsədləri komandanı 1-ci dəstəyə çıxartmaq idi. Yüksək liqada oynamış futbolçu üçün 2-ci dəstə çox asan idi. Qarşımıza çıxan komandaya 3-4 top vururduq. Avqust ayında “Avtomobilçi” ilə oyunda dizimin çarpaz bağları zədələndi. Futbol oynaya bilmirdim. O vaxt Gəncənin 2-ci katibi Cümşüd Məmmədovun mənə simpatiyası var idi. Zaman keçdikcə, onunla ailəvi dost olduq. Cümşüd müəllimə getmək istəyimi bildirəndə etiraz elədi. “Neftçi”də mənə vəd olunan mükafatların verilməməsindən xəbərdar idi. Məni Gəncənin 1-ci katibi Ramiz Bağırlınan yanına apardı. Ramiz müəllim “Dinamo”da qalacağım təqdirdə mənə ev, QAZ-24, ən yüksək maaş verəcəyini vəd etsə də, fikrimdən dönmədim. Məqsədim Çexoslovakiyaya getmək idi. Ümumiyyətlə, Azərbaycanda oynamaq istəmirdim.
Gəncəyə bir də Çexoslavakiyadan qayıtdıqdan sonra getdim. Cümşüd müəllim vətənə döndüyümü bilən kimi dəvət elədi ki, gəl, komandaya kömək elə. Etiraz etmədim, 1 il “Kəpəz”də oldum. Artıq yaş öz sözünü deyirdi. 1989-cu ilin əvvəllərində futboldan getmək qərarına gəldim. Həmin ilin sonunda 2-ci təhsilimi də başa vurduqdan sonra Gəncədən ayrıldım.
H – Herd Müller. Hər bir uşağın kumiri olur. Körpə olanda Peleyə pərəstiş edirdim. Anatoli Banişevski də öz yerində. 1966-cı ildə dünya çempionatında oynadığı vaxtlar yadımdadır. Nəinki mən, çox uşaq onun kimi futbolçu olmağı arzulayırdı. “Neftçi”də oynayanda isə alman hücumçu Herd Müllerə bənzəmək, cərimə meydandaçasında onun kimi oynamaq, qol vurmaq istəyirdim.
X – Xarici səfərlər. Antarktidadan başqa bütün qitələrdə olmuşam. 40-a yaxın dövlətin torpağını tapdalamışam. Həmişə demişəm, gəzməyə Amerika (ABŞ – İ.T.), yaşamağa Almaniya. Amerika basabasdı. Oraya ancaq dincəlməyə gedəsən. Almaniyada isə sakitçilikdi. Əsl mənim yerimdi. Neçə ildir oğlum yanına çağırır, getmirəm. Bilirsən, burada məni tanıyırlar, özümə görə hörmətim var. Evdən çıxıb bazaya gedənə kimi 40-50 adamla görüşürəm. Bu yaşda Almaniyada kimə lazımam? Həm də Azərbaycandan kənarda yaşaya bilmərəm.
İ – İmperiya. Yenidən SSRİ-də yaşamaq istərdim. İmperiya adlandırsaq da, o vaxtlar qayda-qanun var idi. İnsanlar milliyətindən asılı olmayaraq bir-birlərinə yaxşı münasibət göstərirdilər. İnsana insan kimi hörmət qoyurdular. İdman baxımından da komanda növlərində o vaxt əməlli-başlı inkişaf var idi. SSRİ dağılanda çox təəssüfləndim. 1985-ci ildə Çexoslovakiyada olanda bir polyak ailə ilə dostluq edirdik. Qadın mənə demişdi ki, başında ləkə olan adam hakimiyyətə gələndə dövlətiniz dağılacaq. Nə dediyini anlamamışdım. Mixail Qorbaçov 1-ci katib seçiləndə barmağımı dişlədim. Deyəsən, SSRİ doğrudan da dağılacaqdı.
J – “Jiquli”. İlk avtomobilim “Jiquli” idi. Atam veteran olduğuna görə, 1982-ci ildə dövlət pay vermişdi. Xəstə olduğu üçün özü sürmürdü, çox vaxt məndə olurdu. Nömrəsi də yadımdadı – 71-34. Atama demişdim ki, “QAİ”nin rəisi Məmmədyar dayıdan 77-77 nömrəsini alsın. Məmmədyar kişi də mənə ismarıc göndərmişdi – “Səmədə de ki, “Spartak”a qol vursun, 77-77 seyfimdədi. Vurmasa, verməyəcəm”. 1983-cü il idi. Bu söhbət “Spartak”la oyundan 1-2 gün əvvəl olmuşdu. Qol vurdum, ertəsi gün gedib nömrəni götürdüm. İndiyə kimi çox avtomobilim olub. Hazırda ayağımı yerdən “Mersedes”lə götürürəm. Oğlum Almaniyadan göndərib.
K – Kriminal. Kriminal hadisələrlə bağlılığım olmayıb. Amma bir dəfə milisə düşmüşəm. 1975-ci il idi. “Xəzər”də oynayırdım. “Neftçi”dən rəhmətlik Arif Orucov mənə buts söz vermişdi. Bazaya gedib onu götürməliydim. Polis imkan vermədi, məni söydü. Mən də ona bir təpik vurub qaçdım. Arxamca 10-a yaxın polis düşmüşdü. Hara çatırdılar? Axırda ratsiya ilə xəbər verdilər, metronun yanında tutub Nərimanov rayon polis idarəsinə apardılar. İçəri girən kimi rəis mənə bir sillə vurdu və saldılar “kletka”ya. Heç 10 dəqiqə keçməmiş çaxnaşma düşdü və polislərin hamısı yoxa çıxdı. Qayıdanda məni vuranın ağız-burnu qan içindəydi. Dedim ki, görürsən, məni vurduğuna görə Allah adamın cəzasını belə verər. Komandanın rəisi, rəhmətlik Gülbala Allahverdiyev işə qarışdıqdan sonra buraxdılar. Amma 80 rublumu aldılar. Day bilmədim rüşvət idi, ya cərimə.
Q – Qol. “Neftçi”nin əsas heyətində ilk qolumu 1978-ci il mövsümünün birinci turunda “Kayrat”a vurmuşam. İndiyə kimi yadımdadır, 3-cü dəqiqə idi. Yeri gəlmişkən, həmin oyunda hakim düz 4 qolumuzu hesaba almadı. İki dəfə Banişevski, 1 dəfə Smolnikov, 1 dəfə isə mən fərqlənmişdim. Ən yaddaqalanı isə “Dnepr”ə səfərdə başla vurduğum qoldur. Bir də 1983-cü ilə “Spartak”a vurduğum 3-cü qol gözəl alınıb. Həmin qolu da başla vurmuşdum. “Spartak” demişkən, sizə maraqlı bir faktı deyim. SSRİ çempionatları tarixində “Spartak”ın əfsanəvi qapıçısı Rinat Dasayevə 4 qol vuran 3 futbolçu olub – Oleq Taran, bizim Oleq Ponamoryov və mən. Tolik bütün hallarda penaltidən fərqlənib. Mən isə oyundan. Dasayev çox güclü qapıçı idi. Ona boş yerə Avropanın “ən yaxşı qapıçısı” adını verməmişdilər. Bir əhvalat da danışım. Bunu indiyə kimi heç bir jurnalistə deməmişəm. Dasayevə SSRİ çempionatında ilk qol Bakıda vurulub. Ona kimi 5 oyunda qol buraxmamışdı, 6-cı oyun isə bizimləydi. İlk hissədən sonra 0:1 hesabı ilə məğlub olurduq. Köhnə kişilər yaxşı xatırlayarlar, “Neftçi” həmişə birinci hissədə sağ, ikinci hissədə isə sol qapıya hücum edirdi. İkinci hissə başlayan kimi Asif Əliyevə ötürmə verdim və vurduğu top güllə kimi qapıya girdi. Dasayevə yüksək dəstədəki karyerası ərzində ilk qolu məhz Asif vurub. Asifdən sonra mən və Smolnikov fərqləndik. Bizim vaxtımızda Bakıdakı oyunlarda hər dəfə Dasayevin qapısına 2-3 top vurub yola salırdıq.
Hə, bir də 1979-cu ildə “Ararat”ı 4:2 məğlub etdiyimiz oyun. “Neftçi”nin 600-cü qolunu mən vurmuşdum. “Ararat” demişkən, həmin oyundan 1-2 il əvvəl onların əvəzedicilərini 4:3 hesabı ilə udmuşduq. Baş məşqçiləri əslən bakılı olan Alyoşa Abramyan idi. “Neftçi”nin bütün qollarının mən vurmuşdum. Heç yaddan çıxası şeydir?
L – Ləqəb. Nağı müəllim həmişə məni “Tiqr” deyə çağırırdı. Tiqr rus dilindən tərcümədə pələng deməkdir. Niyə bu ləqəbi qoymuşdu, bilmirəm. Bəlkə də, cəld, qıvraq olduğuma görə.
M – Müdafiəçi. Moskvanın “Torpedo” komandasının müdafiəçilərinə qarşı oynayanda həmişə çətinlik çəkmişəm. “Torpedo” ortabab komanda idi. Nə özləri oynayırdılar, nə də oynayanlara imkan vermirdilər. Yaxşı müdafiəçiləri var idi – Sergey Priqoda, Viktor Kruqlov… SSRİ çempionatında demək olar ki, bütün komandalara qol vurmuşam. “Torpedo”dan başqa.
N – “Neftçi”. Mənim üçün həyatdı. Həyatda hər şeyi – dostları, hörməti, tanınmağı, hər şeyi “Neftçi”nin sayəsində qazanmışam. “Neftçi” mənə çox xeyir verib, yoxsa mən “Neftçi”yə? Maraqlı sualdı. Yəqin ki, “Neftçi” mənə.
O – Olimpiya yığması. Kiyevdən qayıtdıqdan sonra “Neftçi”nin heyətində 1 mövsümdə 10 qol vurdum və məni Asim Xudiyevlə birlikdə SSRİ-nin olimpiya yığmasına dəvət etdilər. Yığma ilə Trinidad və Tobaqoya getdik və respublikanın yaranmasının 20 illiyi ilə əlaqədar keçirilən turnir çərçivəsində onların olimpiyaçıları və çempionları ilə 2 yoldaşlıq oyunu keçirdik. Hər iki oyunda da böyük hesabla qalib gəlmişdik – 3:0 və 5:0. 1 qol vurmuşdum. Yenidən olimpiya yığmasında iştirak etməməyimə gəlincə, yığma Küveytə getməli idi və heyətdə mənim də adım vardı. Həmin ərəfədə Kiyevdə “Dinamo”ya 0:4 hesabı ilə məğlub olduq. Əhməd müəllim bərk hirslənmişdi. Komandanın baş məşqçisi Salkova zəng vurdu ki, bəs, Səmədağa gələ bilməyəcək. Ümumiyyətlə, 1982-ci il mənim üçün pis olmayıb. Olimpiya yığmasına dəvət almağımdan başqa mənə SSRİ İdman Ustası fəxri adı da verilib.
Ö – Övlad. Gözümün ağı, qarası bir oğlum var. Ruslan 1984-cü ildə anadan olub. Təəssüf ki, 1994-cü ildə həyat yoldaşımla ayrıldıq və o, Almaniyaya köçdü. Ondan sonra evlənmədim. İlk vaxtlar Ruslan mənimlə qalırdı. Bir qədər sonra başa düşdüm ki, uşağa atadan çox ana lazımdır, göndərdim Almaniyaya. 2002-ci ildə avtomatik olaraq Almaniya vətəndaşlığı alıb. Hazırda Almaniyada yaşayır. Əvvəllər vaxtaşırı oğluma baş çəkirdim. Son 3 ildə getməyə imkan olmayıb. Amma tez-tez internet vasitəsilə əlaqə saxlayıram. Ruslan da futbolla məşğul olub. “Bohum”un gənclərdən ibarət komandasının üzvü idi, bir ara bizim milliyə də çağırmışdılar. Gəl ki, zədə səbəbindən futbolu tez atdı. Bir ildə 13 dəfə əməliyyat keçirdi, xeyri olmadı. Hazırda Almaniya ordusunda könüllü xidmət keçir. İngilis, alman dillərində sərbəst danışır. Şükür Allaha, bir ata kimi vəziyyəti ürəyimcədir.
P – Pay. Kimdənsə pay almağı heç vaxt xoşlamamışam. Həyatımda ən böyük pay Heydər Əliyevin bağışladığı mənzildir. Ondan dəyərli hədiyyə olmayıb.
R – Ruslan Həbibov. Çox yaxın dost olmuşuq, uzun müddət bir yerdə oynamışıq. 1983-cü ildə avtomobil qəzasından sağ çıxmadı. Onun vəfatından sonra oğlum anadan oldu. Adını dostumun şərəfinə Ruslan qoydum.
S – Siqaret. Futbol oynayanda bir dəfə də olsun siqaret dadmamışam. Futbolu atdıdan sonra isə arada çəkirəm. Tərgitmişdim, amma yenə də başlamışam. Həkimlər bilsələr, məni birtəhər edəcəklər.
Ş – Şirvan. Hamı məni Əli-Bayramlılı Səmədağa kimi tanıyır. 2008-ci ildə Əli-Bayramlının adını dəyişib Şirvan qoydular. Oldum şirvanlı Səmədağa. Düzünə qalsa, Şirvan sözü dilimə yatmır. Ad dəyişikliyinə baxmayaraq indi də böyüdüyüm şəhərə Şirvan yox, Əli-Bayramlı deyirəm. Söz düşmüşkən, Əli-Bayramlının daha əvvəlki adı çar Rusiyası vaxtı Azərbaycanın işğal olunmasında yaxından iştirak edən general Valeryan Zubovun şərəfinə Zubovka adlandırılıb. Ötən əsrin 40-cı illərində inqilabçı Əli Bayramovun şərəfinə Əli-Bayramlı olub.
T – Təhsil. Əli-Bayramlıdakı 2 saylı orta məktəbdə təhsil almışam. Pis oxuyan şagird deyildim. “2” almamışam. Tramvay altında qalan “3”lər də çox az olub. Düzü, oxumağa həvəsim az idi. Fikrim-zikrim futbolun yanında qalırdı. Buna görə o qədər tənbeh olunmuşam. Kimya, coğrafiya fənlərini çox sevirdim. Fizikanı isə görməyə gözüm yox idi. İngilis dili dərsində mətni kiril əlifbasında yazıb oxuyurdum. Bir dəfə müəllim əməlimin üstünü açdı. Qulağımın dibinə bir şapalaq vurdu ki… İndiyə kimi ingilis dilini öyrənmədiyimə görə çox peşmanam. 1974-cü ildə İrana gedəndə orada hamının ingiliscə danışdığını gördüm. Həmin şapalaq yadıma düşdü. Özümə söz verdim ki, Bakıya qayıdanda ingilis dilini öyrənəcəm. Hələ də öyrənirəm (gülür). Özümü dərk edəndən sonra söz verdim ki, ailə üzvlərimin ingilis dilini və kompüteri öyrənməsinə çalışacam. Bu gün bacım, qardaşım uşaqları, oğlum, bir sözlə hamısı ingilis dilində sərbəst danışa bilir.
U – Uşaqlıq. Çox dəcəl uşaq olmuşam. Sözün həqiqi mənasında divara dırmaşırdım, yalın əllə. Bir dəfə ayağıma daş düşdü, barmağım kəsildi. Daha doğrusu, sallandı… Günümü həyətimizdəki 40 metr hündürlükdə olan su çəninə dırmaşmaqla keçirirdim. Dava-dalaş da öz yerində. Döysəm də, döyülsəm də dalaşırdım. Məndən 2 yaş böyük oğlan var idi, Mişa. İndi Yakutiyada yaşayır. Ən çox onunla dostluq edirdim. Əli-Bayramlıda “Təzə şəhər” deyilən yerdə çimərlik salmışdılar. Camaat şəhərdən ora avtobusla getdiyi halda biz piyada gedirdik. Özü də necə? Yolun qırağında 20 metrdən bir işıq dirəkləri var idi. 40 metr mən onu çiynimdə aparırdım, 40 metr isə o məni. Elə o vaxtdan fiziki cəhətdən güclü idim. Dalaşqanlığın, dəcəlliyin isə xarakterimin formalaşmasında rolu oldu.
Ü – Ümidsizlik. Hər bir insanın həyatında ümidsizliyə qapıldığı, pessimist olduğu vaxtlar olur. Məndə də həmçinin. 2006-cı ildə ayaqlarımdan əməliyyat olunanda yenidən sərbəst gəzəcəyimə ümidimi itirmişdim. Ayaq damarlarım dəyişməli idi. Mənim üçün elə bil həyatın sonu idi. Şükür Allaha, hər şey yaxşı qurtardı. Əməliyyatdan ayyarım sonra yenidən gəzməyə başlayanda elə bil mənə dünyanı bağışlamışdılar.
V – Valideyn. Atam Məhəmməd kişi Əli-Bayramlıya köçəndə “Şirvanneft”də çilingər işləyirdi. Əsl usta idi. O vaxtlar Əli-Bayramlıda işləmiş indiki daxili işlər naziri Ramil Usubov, rəhmətlik İsmət Qayıbov və digər tanınmış şəxslərin avtomobillərini təmir edib. Daha doğrusu, maşına bir şey olan kimi tapşırırdılar ki, aparın usta Məhəmməd baxsın. Özü də rəhmətlik müharibə veteranı idi. Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Qayıdanda isə bədənində xeyli qəlpə gətirmişdi. Qəlpələr onu çox incidirdi. Ömrünün sonuna kimi həkimlər bədənindən dəmir parçaları çıxarırdılar. Anam Xanım isə evdar qadın idi. Ailədə 4 uşaq olmuşuq – 2 qardaş, 2 bacı. Lap İran şahının ailəsi kimi. Böyükləri mən idim. İlk övlad olmağın məsuliyyəti böyükdür. Atam 1999-cu, anam isə 2004-cü ildə rəhmətə gedib. Həmişə qardaş-bacılarıma dayaq olmaqa çalışmışam. Bu gün hamısı ailə-uşaq sahibidirlər. Amma yenə də diqqətim üzərlərindədir.
Y – Yeddi. Fizuli Cavadov “Neftçi”dən gedəndən sonra “7 nömrə” boş idi. Xoşuma gəldi, götürdüm. Elə o vaxtdan “7 nömrə” oldum. 7 mənim üçün uğurlu rəqəmdir. 97-ci evin 7-ci mənzilində yaşayıram. Telefon nömrələrimdə 7 rəqəmləri var. Avtomobilimin nömrəsi də 770-di.
Z – Zədə. “Dinamo”da oynayarkən dizimdə “meniskus”lar zədələnmişdi. Heç bir futbolçuya bu zədəni arzulamıram. 1985-ci ilin dekabrında, yeni il ərəfəsində Kiyevdə əməliyyat etdirdim. Evdəkiləri narahat olmamaları üçün aldatmışdım ki, iynə vurdurmağa gedirəm. Dekabrın 30-da məni əl ağacında görəndə, vəziyyətdən hali oldular. Futbolu bitirdikdən sonra ayaqlarımda problemlər yarandı. 4 dəfə əməliyyat keçirmişəm, damarlarımı dəyişiblər. 2-ci qrup əliləm. Əliliyə görə 100 manat təqaüd alıram (gülür). O da evin kommunal xərclərinə sərf olunur.
Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news” qəzeti