Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında 1/4 finalçıların adları məlum olub.
İdmanxeber.com-un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın 3 üzvü 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.
Yelena Vıstropovadan sonra daha iki boksçumuz – Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər.
Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib – 2:0. Boksçumuz 1/4 finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.
Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.
Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) ¼ finala vəsiqə qazanmışdı. 1/4 final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.