“Qəbələ” Futbol Klubu yeni baş məşqçisi Roman Qriqorçuku ictimaiyyətə təqdim edib. Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə Qəbələdəki oyunundan sonra baş tutan tədbiri klubun vitse-prezidenti Fariz Nəcəfov giriş sözü ilə açıb.
İdmanxeber.com-un məlumatına görə, o, mətbuat konfransına qatılanları salamlayıb və ukraynalı mütəxəssisin təyinatı ilə bağlı fikirlərini açıqlayıb:
“Dorinel Muntyanu ilə yollarımızı ayırdıq. Bunun bir çox səbəbləri var. Amma indi bu haqda danışmaq istəmirəm. İndi komandamızın yeni baş məşqçisi var. Bu, Roman Qriqorçukdur. Onunla hələ yayda maraqlanırdıq. Amma o zaman danışıqlarımız baş tutmamışdı. Bu dəfə anlaşa bildik. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli olacaq. Baş məşqçimizin qarşısına komandanı avrokuboklara çıxarmaq vəzifəsi qoyulub”.