Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.
“Qəbələ” ukraynalı yarımmüdafiəçi Aleksey Qayı heyətinə cəlb edib. Antalya toplanışı zamanı komandaya qoşulan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq “qırmızı-qaralar”la ilk məşqə də çıxıb.
1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl medal qazanan Qay 7 dəfə ölkə kubokunun qalibi, 3 dəfə finalçısı olub. 2008/2009 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-2006-cı illərdə “İliçevets”in çıxış edən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.
Qeyd edək ki, 2003-2011-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.