Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaq. İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə Maqomed Omarovla üz-üzə gələcək. Rusiyali boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub. Qeyd edək ki, bu Məcidovla Omarovun artıq 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London Olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən dünya çempionatının ¼ finalında da Rusiya təmsilçisindən üstün olmuşdu. Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui qarşılaşacaq.
Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə littalı Eimantas Stanionislə görüşəcək. APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki boksçumuzun hələ Rio Olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə qəldə edən boksçular qalib gələrək, Olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya Olimpiadasına lisenziyanın sahibi olacaq.