Hazırlığını Antalyada davam etdirən Qəbələnin eyni adlı komandasının yeni transferi Rəşad Sadiqov İdmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinin sualllarını cavablandırıb:
– Komandanın hazırlığı necə gedir?
– Hazırlığımız yaxşı keçir, gündə iki dəfə olmaqla məşqlər edirik. Rəhbərlik komanda üçün hər cür şəraiti yaradıb ki, çempionata yaxşı hazırlaşaq.
– Təzə komandana uyğunlaşmaqda çətinliklər olmur?
– Komandanın məşqlərində hiss edirəm ki uyğunlaşma problemi olmayacaq. Çünki, komanda yoldaşlarımdan həm yerli futbolçular ilə, həm də legionerlərlə yaxşı münasibətdəyəm.
– Bilirik ki, "Xəzər Lənkəran"dan klubun siyasətini dəyişdirdiyi üçün ayrıldın, sonra da bu il hələki oyununu tapa bilməyən "Qəbələ"yə transfer oldun. "Neftçi"dən sonrakı dönəmi sənin üçün uğursuz adlandırmaq olarmı?
– Futboldu, futbolda belə şeylər olur. Hər an klub dəyişə bilərsən. "Qəbələ"ni də uğursuz adlandırmazdım, hər cür şərait var. Yaxşı hazırlaşıb bunların qarşılığını vermək istəyirik. Əsas hədəfimiz Avroliqada mübarizə aparmaqdır.
– Rəşad Sadiqov 2015-də "Qəbələ"dən nə gözləyir?
– Yaxşı şeylər gözləmək olar. Öncəki baş məşqçi ilə oyunçular arasında problemin olduğu bilinirdi. Amma indi baş məşqçi futbolçularla daha yaxşı ünsiyyətdədi həmişə deyib-gülür. Mənə elə gəlir indi nəsə gözləmək olar "Qəbələ"dən…
– "Xəzər Lənkəran"la "Qəbələ"ni nə ilə fərqləndirərdin?
– Hələ bir söz demək çətindir, çünki yeniyəm komandada. Amma burda olduğum müddətdə gördüm ki, "Qəbələ"yə "Xəzər Lənkəran"dan daha yaxşı şərait yaradılır. Oyun baxımından isə nəsə danışmağım hələ tezdir.
Səxavət QURBANOV_ Antalya