05 Fevral 2025
Ölkə futbolu

“Sumqayıt”da özbaşınalıq: Futbolçu qayıtmır, klub bəyanat yaydı

“Sumqayıt”ın yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Klubunun saytında yer alan bəyanatda bildirilir ki, adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib.

Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb:

“Klubu olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər “Sumqayıt” FK ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klubumuz aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.

Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə “Sumqayıt” FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədi. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FIFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.

Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, “Sumqayıt” yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43