“Dinamo” ilə ilk oyunda uduzduğumuzdan cavab matçına çox ciddi hazırlaşmışdıq. Qarşılaşmaya hazırlıq zamanı ikiqat səylə çalışmışdıq. Hamı bizdən qələbə gözləyirdi. Əziyyətimizin bəhrəsini görüb, qalib gəldik. Artırılan vaxtı da saysaq, 95 dəqiqə rəqibdən üstün oynadıq. Bunun da nəticəsində layiqli qələbə qazandıq”.
Bu sözləri “Qəbələ”nin futbolçusu Asif Məmmədov klubun rəsmi saytına açılamasında Avropa Liqasının I təsnifa mərhələsinin “Dinamo” ilə cavab matçı haqda danışarkən deyib.
“Qəbələ”nin ilk qolunun müəllifi olan təcrübəli yarımmüdafiəçi görüşdə fərqlənəcəyinə əvvəlcədən inandığını bildirib:
“Meydana daxil olanda qol vuracağıma inanırdım. Çünki belə bir vəziyyətdə baş məşqçi mənə inanıb, meydana buraxıbsa, deməli məndən qol gözləyir. Mən də hücumçuyam və rəqib qapısına yol tapmalıyam. Hətta vaxt az olsa belə bunun üçün çalışmalıyam. Görürdüm ki, komandamız aşkar üstün futbol göstərir, daim hücumdadır və qol vurmaq üçün imkanlar var. Hətta oyundan qabaq komanda yoldaşım Samir Zərgərova demişdim ki, bu matçın taleyini ikimizdən birinin vurduğu qol həll edəcək. Vurduğum qol bütün komandanın əməyidir. Qol epizoduna gəlincə, Arif Daşdəmirovun ötürməsindən sonra fərqləndim. Onunla əvvəllər də eyni komandada çıxış etmişəm. Bilirəm ki, cinahla irəliləyib arxaya ötürmə verir. Yenə belə olacağına əmin olmasam da, o, ötürmə verəndə dayandım. Hamı irəli getdiyindən bir az arxada tək qaldım. Arifin də ötürməsini tamamlaya bildim. Çox sevinirəm ki, qalib gəldik. Bu oyun çox vacib olduğundan qələbə qazanmalı idik”.
8 ildən sonra yenidən “Qəbələ”nin heyətində rəsmi oyuna çıxan Məmmədov “qırmızı-qara” formada 10-cu oyununu keçirib. “Qəbələ”də 4-cü qolunu vuran futbolçu II təsnifat mərhələsindəki rəqib haqda da fikirlərini bölüşüb. Məmmədov Serbiyanın “Çukariçki” klubu ilə görüşlərdə də qələbə qazanmağa çalışacaqlarını bildirib: “II təsnifat mərhələsində də çətin oyunlar olacaq. Bu üzdən qarşılaşmalara ciddi hazırlaşacağıq. Düzdür, konkret “Çukariçki” haqqında hələlik ətraflı məlumatım yoxdur. Amma Serbiya futbolunun – həm yığma, həm klub səviyyəsində güclü olduğunu bilirik. Həm də bu komanda mərhələ keçibsə, deməli ciddi rəqibdir. Qarşıda bizi çətin oyunlar gözləsə də, mərhələ keçməliyik. Avropa Liqasında qrupa düşməyi düşünürük. Buna görə də təsnifat mərhələlərini adlamalıyıq”.