27 Dekabr 2024
Kateqoriyasız

Tuyqun Nadirov: “Bizim 100 min manat verdiyimiz futbolçuya iki qat artığını verirdilər”

“Azərbaycan klublarının maddi böhranda olması fikri ilə razı deyiləm. Klublar necə böhran içərisində ola bilər ki, bu gün onların əksəriyyəti Avropada, Türkiyədə yüksək səviyyədə təlim-məşq toplanışı keçirirlər?! Əvvəllər də “Qəbələ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi aparıcı klublar xaricə toplanışa gedirdilər, indi də”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında AFFA Klublar Komitəsinin sədri və “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi sponsorlar sarıdan müəyyən problemlərin olduğunu etiraf etsə də, buna maddi böhran kimi yanaşılmasını düzgün saymayıb: “Hazırkı qlobal maliyyə sıxıntıları, iqtisadiyyatda olan çətinliklər hər yerdə özünü büruzə verir. Bəzi ölkələr, hətta millinin baş məşqçisinin pulunu verməyə çətinlik çəkir. Ancaq Azərbaycanda belə deyil. Yəni, bizdə süni panika salıb, böhran demək olmaz”.

T.Nadirov əvvəlki illərlə müqayisədə Azərbaycan klublarının maddi çətinliklərlə üzləşməsini əvvəlki illərdə futbolçulara dəyərindən artıq pul ödənilməsi ilə əlaqələndirib: “Bu gün klublar var ki, Azərbaycan çempionatında futbolçunun dəyəri 100-150 min manat olanda, ona 300-350 min manat pul verirdilər. “Xəzər Lənkəran” klubu yaradıldığı vaxt Azərbaycan futbolunda qiymətlərin səviyyəsini məntiqi həddə qədər qaldırdı. Bəzi klublar vardı ki, bizim 100 min manat verdiyimiz futbolçuya iki qat artığını verirdilər. Bu isə məntiqsiz artım idi. Təbii ki, bu da problem yaradır və külli miqdarda vəsaitin kənara getməsinə şərait yaradır. Klub vardı ki, 2 ildə oyunçuya 1 milyon verirdi, amma özünün bazası yox idi”.

“Xəzər Lənkəran” rəsmisi hesab edir ki, bahalı futbolçu gətirmək üçün ilk növbədə, infrastruktura diqqət yetirmək lazım idi: “Bahalı futbolçunu öz yer-yurdunu möhkəmləndirdikdən sonra gətirmək lazımdır. Amma “Xəzər Lənkəran” bu işləri paralel görüb. İlk növbədə stadion inşa etdi, təlim-məşq bazası, akademiyasını yaratdı, meydançalar saldı və paralel olaraq da yaxşı əcnəbi mütəxəssisləri cəlb etdi. Gərək klublar optimist olsun və sponsorları da ürəklə onların arxasında dayansın”.

Klublar Komitəsi sədrinin sözlərinə görə, heç bir klub maddi böhran panikalarından qorxmamalıdır: “Çünki AFFA kimi bir qurum onlara dəstək verir. Federasiya prezidenti Rövnəq Abdullayev başda olmaqla, vitse-prezidentlər və baş katib Elxan Məmmədov lazım olan dəstəyi verir. Ötən mövsüm hər bir klub bunun şahidi oldu. Elə düşünürəm ki, bu cür böhran panikalarına ehtiyac yoxdur. Çempionatımız olacaq, bəlkə də əvvəlki illərdən daha gözəl keçəcək. Oyunlar gərgin və maraqlı mübarizə şəraitində keçəcək. Əsl idman mübarizəsi olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43