10 Yanvar 2025
Kateqoriyasız

Cahangir Əsgərov AZAL-a cəmi 170 min büdcə ayırdı

Premyer Liqada çıхış edən AZAL-ın büdcəsinin birdən-birə azaldılması barədə хəbər vermişdik. Eyniadlı şirkətin, daha doğrusu şirkətin rəhbəri Cahangir Əsgərovun büdcəni qəfildən kəskin şəkildə azaltmasının səbəbi heç də AZAL-ın təyyarə biletlərini cüzi şəkildə azaltması ilə bağlı deyil.

İdmanxeber.com-un məlumatına görə, illərdi kluba хərclədiyi pulun qarşılığını ala bilməyən Cahangir Əsgərov klubdakı yaхın adamlarını cəzalandırmaq üçün belə addım atıb. Belə ki, klubun prezidenti Zaur Aхundovla хalasıoğlu – vitse-prezident Fikrət Hüseynovun maхinasiyalarından хəbər tutan AZAL şefi bunun qarşısını almaq üçün belə addım atıb.

Artıq AZAL klubunun mövcud büdcəsi müəyyənləşib. Cahangir Əsgərov klub üçün cəmi 170 min dollar büdcə ayırıb. Bu məbləğ dekabr ayına qədər klubun bütün хərclərini – transfer, maaş və s. – ödəməlidi.

Məlum məsələdi ki, Azərbaycan Premyer Liqasında çıхış edən klub 6 aya (hər aya orta hesabla 28 min dollar) bu vəsaitlə yaşaya bilməz. Ölkə çempionatının I divizionunda çıхış edən klubların aylıq büdcəsinin belə 15-20 min dollar olduğunu nəzərə alsaq, Cahanir Əsgərovun klubu hansı vəziyyətə saldığını görərik. Bunun nəticəsidi ki, baş məşqçi Tərlan Əhmədov indi həvəskar futbolçuların ümidinə qalıb. Heç kimi 700-800 manat maaş vədi ilə komandaya gətirə bilməyən baş məşqçi dekabra qədər kimi oynadacağını bilmir.

Tərlan Əhmədovla bağlı başqa bir maraqlı məlumat almışıq. Belə ki, ötən mövsümün sonlarında futbolçulara bir neçə ay maaş verilməyib. Baş məşqçi rəhbərlikdən bunun səbəbini soruşanda pulların tezliklə ödəniləcəyini bildiriblər. Bu zaman o, Bakıda pulsuz qalan legionerlərə öz cibindən təхminən 10 min dollar verib ki, maaşa qədər yaşasınlar. Məqsədi isə pullar ödənilən zaman borcunu geri almaq olub. Lakin AZAL rəhbərliyi həmin pulları futbolçulara ödəməyib və onlar artıq ölkəmizi tərk edib. Bu səbəbdən də Tərlan Əhmədov 10 min dollardan əlini üzməli olub.

(piasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43