29 Dekabr 2024
Kateqoriyasız

Jurnalistin ölümünə görə 6 nəfər həbs olundu- Rəsmi açıqlama

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cavid Hüseynovla birgə 5 nəfər həbs olunub. 

İdmanxeber.com-un məlumatına görə,  bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilmiş, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi facebook səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçıb. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmamış və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

İstintaqın gedişi və həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məruzə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43