Sonuncu dəfə Çernaqoriyada "Mladost"un futbolçuları ilə şillə-təpik davasına çıxmışdılar. Çox çəkmədi, Premyer Liqanın II turunda yenidən iş başında idilər. Bu dəfə hədəf azarkeşlər oldu. "İnter" yenilgisindən qəzəblənən, məğlubiyyəti həzm edə bilməyən, ölkənin "flaqman"ının əzilməsinə göz yummaq istəməyən azarakeşlərin etirazına cavab da "İnter Arena"da verildi. Sanki "razborka"ya gedirmişlər kimi… Futbolda alışmadığımı mənzərəni bizə yaşatdı "Neftçi" futbolçuları… Öz azarkeşlərinə hücum edib, təhqir etdilər.
Aftoritetlər yığını, qoçular məskənidi "Neftçi". İstəyər jurnalistə hücum edərlər, istəyər adi süpürgəçini öldürərlər, istəyərlərsə azarkeşi də döyüb təhqir edərlər. Edərlər, doymazlar, bezməzlər. Bunların işi-gücü budu. Hər kəs həyatda bir məqam üçün çalışar, vuruşar, mübarizə aparar. Onlar yenə rinqlə yaşıl meydanı səhv salmışdılar.
Zərərçəkən yenə "Neftçi" azarkeşləri oldu. Hansı ki, Müşahidə Şurasının hay-küylü gəlişi, gəlişindən doğan iddialı açıqlamalarından sonra onlar ən azından Sadıqovun qoyub getdiyi "Neftçi"ni görmək ümidi ilə yaşadılar. Yaşatmadılar onların ümidlərini. Sanki hədəf "Neftçi" adlı komandanı ayaqlar altına salmaq idi. Onların timsalında "ağ-qara"da "qara" daha çox görünməyə başlayır.
Araz Abdullayevə kapitanlıq sarğısını vermək özü bir cinayətdi. Cinayətkara sarğı həvalə olunmaz, qardaşım. O, yaxşı futbolçu ola bilər, yaxşı insan da ola bilər, ancaq ortada bir reallıq var ki, heç vaxt peşəkar futbolçu olmayacaq! Bəli, bunu qətiyyətlə demək olar. Sənin azarkeşini dünən komandaya gələn hansısa cılız futbolçu döyməyə cəhd edirsə sən onun cavabını elə oradaca verməlisən. Susmamalısan, o sarğı təkcə top və ya qapı seçmək üçün deyil! Kapitan olmalısan, kapitan!
Rahil Məmədov – Bəlkə də çoxlarınız bu futbolçunu heç tanımırsız. Bir haşiyəyə çıxaraq deyim ki, Rahil "Neftçi"nin "gəncləşdirmə siyasəti" adı altında əsas komandaya cəlb olunan bir neçə futbolçusundan biridi. Bildiyiniz yeni bir qoçu. Bəli, elə qoçuluq məktəbinin bariz nümunəsi, onların təbiricə desək fəxri. Sinəsini irəli verib, "burax Əliş, qoy bircədənə vurum" – fikirli və bu fikri ilə azarkeşə hücum edən kəslərdən biri, birincisi. Əslində onu da qınamaq olmur. Komanda daxilində nə varsa bu tip təcrübəsiz futbolçular bütün çirkablığı ilə belə ortalığa çıxarırlar. Gör-götür dünyasıdı. Nə görürlərsə onu da götürürlər.
Keçmişə nəzər salmaqla "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin müsahibələrin birində "Özünü apara bilməyən insanlar “Neftçi”dən rədd olunacaq. Futbol idman növüdü. Bura cavan uşaqlar gəlir. İdmandan nümunə götürməlidi. Üzr istəyirəm, özünü heyvan kimi aparanlardan cavanlar nə nümunə götürməlidi?" – dediyini görərik. Deməyi bir yana, hətta suala sualnan cavab verməyi adamı daha da düşünməyə vadar edirdi. Edirdi, amma indi hər şey fərqlidi. Əslində dünənə kimi də heç nə yolunda getmirdi.
Bəli, indi bu Müşahidə Şurası nə ilə fəxr edəcək? Avroliqada mərhələ adlaya bilməyən, azarkeşlərini döyən futbolçuları ilə? Bugünə kimi hansı radikal addımlar atdınız? "Neftçi" azarkeşləri stadionu tıklım-tıklım dolduracaq deyən sizlər idiniz. Sizlər idiniz ki, yeni nəfəs gətirmək istəyib də, komandanı komaya salan. Qarşılığında isə ayrı bir mənzərəyə şahidlik etmiş olduq.
Ehtimallar doğrulmaq üzrədi. Azərbaycan futbolunda "Neftçi" şousu davam edir. Yeni mövsümə yeni dava-dalaş, yeni-yeni "temalar"la rəng qatacaq komanda gəlir. Futbolçusu azarkeşini döyən, bəyanat yayaraq illərdi "Neftçi"nin qələbəsinə sevinib, məğlubiyyətinə üzülən azarkeşini tanımamazlıqdan gələn, onu "kənar şəxs" adlandıran komanda gəlir.
Şillə-təpiklə gəlirlər. Nəticələri yoxkən, ümid vermədikləri halda "muskullarını" şişirdib, ağzı bol söyüşlə gəlirlər. Qarşıla Azərbaycan futbolu, qarşıla "xalq komandası" adını itirmiş "qoçular komanda"sını. Hər gün ölən "Neftçi"ni qarşıla, qırmızı qərənfillə…