23 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin hazırlıq planı bəlli oldu

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, UEFA Avropa Liqasının pley-off mərhələsindən “Panatinaikos”la (Yunanıstan) avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan futbolçular sentyabrın 1-də bir araya gələcək.

“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komanda Odessa şəhərində 6 gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana dönəcək Roman Qriqorçukun yetirmələrinin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi planlaşdırılıb. Roman Qriqorçukun komandası sentyabrın 6-da “Çernomorets”lə qarşılaşacaq. “Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayacaq. Belə ki, milli komandaların düşərgəsində olan futbolçular hazırlıqlarda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya millisinin düşərgəsindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43