Millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti iki oyununu keçirdi. Robert Prosineçkinin yetirmələri bu ilin martından başlayan məğlubiyyətsiz oyunlar seriyasını Xorvatiya ilə Maltayla matçlarda davam etdirdi. H qrupunda yer alan millimiz bu mütəxəssisin rəhbərliyi altında növbəti iki oyunda heç-heçə edib.
İdmanxeber.com-un məlumatına görə, Prosineçki bu iki matça “Qəbələ”dən 5 futbolçunu çağırmışdı. Müdafiəçi Ürfan Abbasov rəsmi oyunlaradək hazırlıqdan kənarlaşdırılıb. 4 futbolçu – müdafiəçilər Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Rəşad Sadiqovla Elvin Camalov millinin heyətində olub. Prosineçki bu matçlarda müdafiənin sol və sağ cinahını müvafiq olaraq Ariflə Məhəmmədə tapşırıb. Onlar əvəzolunmadan çıxış ediblər. Rəşad hər 2 matçda ikinci hissədə (63 və 70-ci dəqiqələrdə) meydana çıxıbsa, Elvin ümumiyyətlə oynamayıb.
Bu, Mirzəbəyovun millimizdə rəsmi debütü olub. 25 yaşlı müdafiəçi daha öncə iyunun 7-də Serbiya yığmasıyla Avstriyada keçirilən yoldaşlıq görüşündə (1:4) forma geyinmişdi. “Qəbələ İK”ya təəssüratlarını bölüşən Məhəmməd “Qəbələ”də olduğu kimi, millidə də rəsmi debütündə nəticə qazandıqlarına görə sevindiyini bildirib:
“Bu, Serbiyayla oyundan fərqli olaraq rəsmi matç idi. Əsas heyətdə meydana çıxacağımı oyuna 2 gün qalmış bilirdim. Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim. Sevinirəm ki, həm baş məşqçinin etimadını doğrultdum, həm də güclü rəqiblə oyunda xal qazandıq. Hər halda, Xorvatiya Avropanın ən güclü yığma komandalarından biridi. Təbii ki, belə rəqiblə matçda rəsmi debütüm, onun da uğurlu alınması məni çox sevindirdi. Söz yox, “Real, “Barselona” və “Yuventus” kimi güclü klublarda çıxış edən futbolçulara qarşı oynamaq çətin idi. Ancaq şükür ki, rəqibin güclü təzyiqinə dözdük və xal qazandıq. Əlbəttə, məqsədim, həm də klubumuzu layiqincə təmsil etmək idi. Düşünürəm ki, “Qəbələ”li futbolçular da yaxşı təsir bağışladı”.
Sadiqov isə uzun fasilədən sonra milliyə qayıdıb. Prosineçki Sadiqovu fevralda Antalya toplanışına çağırsa da, 32 yaşlı futbolçu zədə üzündən hazırlıqda iştirak edə bilməmişdi. Bu dəfə belə problem yaşamayan Rəşad xorvatiyalı mütəxəssisin ona göstərdiyi diqqəti qeyd edib:
“Göründüyü kimi, Prosineçki Avropa Liqası matçlarında oyunumu görərək, mənə yenidən dəvət göndərdi. Təəssüratlarım çox yaxşı oldu. Yeni baş məşqçinin dönəmində milliyə qayıdışımda yaxşı nəticə qazandıq. Açığı, oynayacağımı gözləyirdim. Prosineçki matçdan öncə mənə dedi ki, hər dəqiqə səni meydana buraxa bilərəm. Ona görə də hər an oynamağa hazır idim. Prosineçki yaxşı mütəxəssisdi, futbolçulara inamı var. O, komandaya qələbə ruhu verir. Mənə elə gəlir ki, Prosineçkinin vaxtında millidə daha yaxşı nəticələr əldə etmək olar”.