23 Dekabr 2024
Müsahibə

Elxan Məmmədov: “İlk iki yerdən birini tutmaq çox çətin olacaq” (MÜSAHİBƏ)

AFFA-nın baş katibi Elxan Məmmədov İdmanxeber.com-a müshaibə verib.

–  Millimizin İtaliya matçını izləmək üçün Bakı Olimpiya stadionuna 48 000 azarkeş toplaşmışdı. AFFA bu oyundan gəlir götürə bildi?
– Maddi baxımdan bizim gəlirimiz oldu. Amma belə oyunların təşkili üçün də çoxlu maliyyə xərcləri olur. Fürsətdən istifadə edib bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar hava şəraitinin pis olmasına baxmayaraq, yığmamızı dəstəkləmək üçün stadiona gəlmişdilər. Bu, tarixi görüş idi. Dünya çempionuna qarşı oynayırdıq, millimizin Bakı Olimpiya stadionunda ilk görüşü idi, Rəşad Sadıqov yığmada 100-cü oyununa çıxmışdı. Bu münasibətlə UEFA-nın baş katibinin müavini də matçı izləməyə gəlmişdi. O, oyundan öncə AFFA prezidenti Rövnəq Abdullayevlə birgə kapitanımızı təbrik etdi. Təəssüf ki, məlum səbəblərdən UEFA prezidenti Mişel Platini bu görüşə gələ bilmədi.

– İtaliya ilə oyun göstərdi ki, belə böyük arenanı azarkeşlə doldurmaq elə də asan deyil. Növbəti tsikl üçün hansı planlarınız var?
– Biz belə böyük matçların Bakı Olimpiya stadionunda keçirilməsinin tərəfdarıyıq. Hansısa başqa oyuna da böyük maraq olsa, sözügedən arenada keçirilməsinə çalışacağıq.

–  Prosineçki Rəşad Sadıqovun yığmadakı karyerası ilə bağlı Bolqarıstanla oyundan sonra söhbət edəcəyini açıqlayıb. Bəs AFFA onun yığmada qalması üçün hansı addımı atmağa hazırlaşır?
– Biz bu məsələyə heç bir halda qarışmağa hazırlaşmırıq. Çünki bu, onun şəxsi işidir. O, ölkə futbolunun inkişafına bir neçə ildir xidmət edir. Futbolçu ilə də ancaq baş məşqçi söhbət apara bilər. Biz bütün bunları sadəcə, kənardan izləyə bilərik.

– Sadıqov karyerasını başa vursa, milli ilə vida matçı keçirilə bilər?
– Biz onu elə-belə buraxmayacağıq. Əgər o, getməyə qərar versə, elə bir vida matçı təşkil edəcəyik ki, bu, həm onun, həm də futbol həvəskarlarının yadında qalsın.

– Qarşıda seçmə mərhələnin son matçı çərçivəsində Bolqarıstanla görüş var. Sofiyadakı görüşlə bağlı nə düşünürsünüz?
– Sofiyaya qələbə üçün gəlmişik. Buradan 3 xalla qayıtmağa ümidliyik. Bu qələbə bizə qrupdan çıxmağa şərait yaratmasa da, tsikli xoş əhval-ruhiyyədə bitirmək baxımından önəmlidir. Qələbə həm də yığmamızı qrup dördüncüsü edə bilər.

– Millimiz noyabrda Moldova ilə yoxlama oyunu keçirməlidir. Ondan sonra hansı rəqiblə qarşılaşmağı planlaşdırırsınız?
– Biz hələ yeni rəqib axtarışına çıxmamışıq. Böyük ehtimalla yeni rəqib axtarışına noyabrın axırında başlayacağıq.

– Yığmamız İtaliya ilə oyun öncəsi ilk dəfə təlim-məşq toplanışını milli komandalarımız üçün inşa olunmuş bazada həyata keçirdi. Bəs bu bazanın rəsmi açılışı nə vaxt olacaq?
– Qeyri-rəsmi açılış artıq baş tutdu, amma rəsmi açılış hələ qabaqdadır. UEFA rəsmiləri bazanı ziyarət etdi. Dekabrın sonunda süni örtüklü qazonun döşənməsi başa çatacaq.

– Gənclər yığmamızın Avstriyaya 0:7 hesablı məğlubiyyətini necə qarşıladınız?
– Belə nəticəni mənfi hal kimi qiymətləndiririk. Məşqçilər Komitəsinə müraciət etmişik. Uğursuz nəticənin səbəbləri araşdırılacaq və AFFA-ya raport təqdim olunacaq. Çünki məhz Məşqçilər Komitəsinin məsləhəti ilə U-21 Yaşar Vahabzadəyə tapşırılmışdı. Yalnız bizə təqdim olunan hesabatlardan sonra qərar veriləcək.

– Sizcə, Vahabzadənin istefası vəziyyətdən çıxış yolu ola bilər?
– Öncə uğursuz çıxışın səbəbləri araşdırılmalıdır. Yalnız ondan sonra qərar veriləcək. Qarşıda Finlandiya ilə oyun var. Belə qısa müddət ərzində hansısa radikal qərarlar vermək düzgün olmaz. Qoy Finlandiya ilə oyun başa çatsın, sonra bu məsələyə ətraflı baxacağıq. Bu nəticədən əsas millinin baş məşqçisi Robert Prosineçki də narahatdır. Çünki növbəti tsikldə gənclər yığmamızın bəzi üzvləri əsas milliyə dəvət alacaqlar.

– Millimizin növbəti tsikl üçün əsas hədəfi nədən ibarət olacaq?
– Real yanaşsaq, ilk iki yerdən birini tutmaq çox çətin olacaq. Amma bu, o demək deyil ki, qarşımıza üçüncü yerdən yuxarı qalxmağı hədəf qoya bilmərik. Bu, irəliyə addım olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43