23 Dekabr 2024
Kateqoriyasız

Yaşar Vahazadə coşdu: “Siz oyuna baxmışdız, ya yox?”

Azərbaycanın 21 yaşlılardan ibarət millisinin baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi.

– Yaşar bəy, sualı kəsə qoyuram: Avstriyada nə baş vermişdi?

– Əslində, heç nə baş verməmişdi. Biz birinci hissəni çox gözəl oynadıq. Hətta qapı dirəyindən qayıdan topumuz da var idi. Bəlkə də o qol olsaydı, oyunun taleyi başqa cür olardı. İkinci hissədə qapımıza təyin olunmuş penalti zərbəsi deyərdim ki, oyunun qırılma nöqtəsi oldu.

– İndi bu rüsvayçılığa görə məsuliyyət kimin boynundadı: sizin, yoxsa futbolçuların?

– Əlbəttə, məsuliyyət mənim üzərimdədi. Öz məsuliyyətimi heç kəsin üzərinə atmaq fikrim yoxdu. Amma bir şeyi də unutmayaq ki, futbolçuların da psixoloji durumu yerində deyil. Mən nə qədər çalışsam da, ikinci qoldan sonra futbolçuları oyuna kökləyə bilmədim. Bu da əsas amillərdən biridi.

– Bəs istefa? İstefa vermək haqda düşünmədizmi?

– Bilirsiz, bu, düzgün yanaşma deyil. Siz oyuna baxmışdız, ya yox? Bilməliydiz ki, bizim əsas heyətdən altı futbolçumuz zədəli idi. İki oyunçumuz da Avstriyada zədələndi. Bunlar hamısı oyunumuza ciddi təsir etdi. Təsəvvür edirsiz, biz cəmi 14 futbolçuyla qalmışdıq. Onların da səkkiz nəfəri müdafiəçi idi. İndi siz deyin, biz bu heyətlə nəyə ümid edə bilərdik?

– AFFA-da bu oyuna görə sizə nə dedilər?

– Biz dünən axşam gəlmişik və hələ ki, bizə heç kim heç nə deməyib.

– Yaşar bəy, sabah komandamız Finlandiya yığması ilə qarşılaşacaq. Psixoloji cəhətdən sınmış futbolçularla bu görüşdə nəyə ümid edirsiz?

– Çalışacağıq ki, yaxşı nəticə qazanaq və Avstriyada qeydə alınmış nəticəni unutduraq.

– Əsas millinin kapitanı Rəşad Sadıqov yığma karyerasını bitirmək istəyir. Sizcə, U-21-də gələcəkdə Rəşadı əvəzləyəcək futbolçu varmı?

– Rəşad çox istedadlı futbolçudu. Açığı, onun milli karyerasını başa vurmaq istəməsinə üzüldüm. O ki qaldı onu əvəz edəcək futbolçunun olmasına, düşünürəm ki, var. Amma həmin futbolçular daha çox məşq etməli və öz üzərlərində çox çalışmalıdılar.

komanda.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43