“Qəbələ” Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” birgünlük istirahətdən sonra ötən gün Qəbələdə bir araya gəlib.
Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlarını yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun komandası ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular, həmçinin zədəli Rafael Santos iştirak etməyib. Yığmadan qayıdan oyunçuların sabahkı məşqə qatılması planlaşdırılıb. Komandamız həmin məşqi də Qəbələdə keçirəcək.
Xatırladaq ki, VIII turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.