21 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin qrupdan çıxmaq şansı var”

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” və “Qarabag”ın oyunları milli komandamızın məsqçilərinin də diqqət mərkəzindədir. Millinin bas məsqçisi Robert Prosineçkinin istəyi ilə ilə köməkçiləri bu klubların həm çempionat, həm də avrokubok matçlarında şəxsən istirak edirlər.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin Krasnodarda keçirdiyi oyunu Prosineçkinin köməkçilərindən olan Elxan Abdullayev izləyib. Yeri gəlmişkən, 45 yaşlı mütəxəssis təsnifat mərhələsində “Qəbələ”nin Tiflisdə “Dinamo”yla, Kiprdə isə “Apollon”la oyunlarına da tamaşa edib. 

Millinin sabiq baş məşqçiləri – braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqstun da köməkçisi olmuş Abdullayev “Qəbələ İK”ya müsahibəsində “Qəbələ”nin, komandanın millidəki təmsilçiləri, eləcə də, “Avro-2016”nın seçmə mərhələsinin yekunları barədə fikirlərini bölüşüb.

– Avropa Liqasının qrup mərhələsində eyni vaxtda iki təmsilçimizin mübarizə aparması çox yaxşı haldır. Qrup mərhələsinin ikinci turunda “Qarabağ” kimi “Qəbələ” də qalib gələ bilərdi. Təəssüf ki, Krasnodarda istəyimizə nail ola bilmədik. “Qarabağ” 6 ildir Avropa Liqasında çıxış edir, ötən mövsüm də qrup mərhələsinə düşmüşdü. Bu komandanın sabit heyəti var, futbolçuları uzun müddətdir bir yerdə oynayır. “Qəbələ” isə Avropa Liqasında gənc komandadır, qrupun debütantıdır. Hər halda, komandanın hesabında xal var və bunu qrup mərhələsinin ilk oyununda qazanıb.

– Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışını necə dəyərləndirərdiz?

– Bu başdan qeyd edim ki, “Qəbələ”nin qrup mərhələsinə düşməsi
artıq böyük uğurdur. Həm də komandanız bu mərhələyədək güclü rəqiblərlə mübarizədən qalib ayrılıb. Avropa meydanlarında böyük təcrübəyə malik ”Apollon” və “Panatinaikos” kimi komandaları mübarizədən kənarlaşdırmasını, xüsusi qeyd edərdim. Onu da
unutmayın ki, həmin vaxt yerli çempionat start götürmüşdü və “Qəbələ” sıx qrafikdə oynamalı olurdu.

– “Krasnodar”la oyun haqqında nə deyə bilərsiz?

– “Qəbələ” ikinci hissəni ilk yarıdan qat-qat yaxşı oynadı. Fasilədən sonra komandamız böyük ərazi üstünlüyünə malik idi. Daha çox hücum edən tərəf biz idik, çoxlu qol imkanımız oldu. Hətta 2 dəfə rəqib qapısına yol tapsaq da, hakim qolları saymadı. Rəşad Sadiqovun tirdən qayıdan zərbəsi yaddaqalan oldu. Təəssüf ki, bu üstünlük oyunun nəticəsində əksini tapmadı. “Krasnodar”ın heyətində həm Rusiya, həm də digər ölkələrin yığmalarına cəlb olunan 8 futbolçu çıxış edir. Bu matçda qələbə topunu vuran Fyodr Smolov Rusiya millisinin hücumçusudur. “Krasnodar”dakı braziliyalılar da tanınmış futbolçulardır. Belə güclü heyəti olan rəqibə qarşı oynamaq və hətta bəzi epizodlarda onları üstələmək asan məsələ deyil. Həmin gün “Krasnodar”ın oyunu tam alınmadı. Çünki buna “Qəbələ” imkan vermədi. Şəxsən mən komandamızın oyunundan razı qaldım.

– “Qəbələ”nin qrupdan çıxması realdırmı?

– Qrupda güclü komandalar yer alıb. Avropanın ən tanınmış komandalarından olan Dortmund “Borussiya”sı favoritdir. PAOK azarkeş dəstəyi sayəsində doğma meydanında çox güclü oynayır. Yunanlar Almaniya klubundan xal almaqla bunu sübut etdilər. Odur ki, sonadək mübarizə aparmaq lazımdır. Əgər “Qəbələ” özünəməxsus tərzdə çıxış etsə, oyun keyfiyyətini daha da artırsa, növbəti mərhələyə çıxmaq şansını gerçəkliyə çevirə bilər. Niyə də yox? İnanıram ki, komanda xal ehtiyatını artıracaq.

– Millinin məşqçisi olaraq klublarda, o cümlədən, “Qəbələ”də əsas diqqəti yığma üzvlərinə, namizədlərə yönəldirsiz. Onların hazırlıq
durumu sizi qane edir?

– Əsas işim milli üzvlərinin oynununu izləyib, onların hazırlıq səviyyəsini diqqətdə saxlamaqdır. “Qəbələ”nin heyətində millinin 4-5 üzvü var. Təəssüf ki, onlar Avropa Liqasında az oynayırlar. Yaxşı olardı ki, azərbaycanlı futbolçulara avrokubok oyunlarında daha çox şans verilsin. Ancaq bu, mənim istəyimdir. Klubun isə öz planları var və buna heç kim qarışa bilməz. Təəssüf ki, “Qəbələ”nin milli üzvlərindən Ruslan Abışovla Vüqar Nadirov sifariş olunmadıqlarından avrokubok matçlarına çıxa bilmirlər. Halbuki, onlar qrup mərhələsi oyunlarında böyük təcrübə qazana bilərdilər.

– “Qəbələ”nin son yerli transferləri – Ruslan Abışov, Vüqar Nadirov və Vaqif Cavadov oldu. Bu futbolçuların “Qəbələ” kimi iddialı kluba keçməsi, güman ki, millinin məşqçilər korpusunu da sevindirdi.

– Klublarda çıxış edən oyunçuların uğurları bizi də sevindirir. Milli üzvünün ehtiyatda qalması isə ürəkaçan hal deyil. Məsələn, Məhəmməd Mirzəbəyov “Qəbələ”də az oynayır. Biz – millinin məşqçiləri onun müntəzəm oynamasını istərdik. Tək Məhəmməddə yox, bütün milli üzvlərində oyun praktikası çox olmalıdır. Milli üzvlərinin hansı klubda oynaması bizim üçün önəmli deyil. Əsas məsələ onların müntəzəm meydançaya çıxmasıdır. Ruslan yenidən “Qəbələ”də çıxış etdiyindən ona dəvət göndərdik və Bolqarıstanla oyunda şans verdik. Vüqarla Vaqif isə hələ ki ehtiyatda qalır. Qeyd edim ki, təkcə onlar deyil, hər bir azərbaycanlı futbolçu milli komandaya namizəddir.

– Əsas heyət oyunçusu, gənc müdafiəçi Ürfan Abbasov sentyabrda Xorvatiya və Maltayla oyunlar öncəsi milliyə çağırılsa da, sonradan heyətdən kənarlaşdırıldı. 20 yaşlı yarımmüdafi əçimiz Elvin Camalov isə Prosineçkinin vaxtında milliyə mütəmadi dəvət alsa da, hələ rəsmi debüt etməyib.

– Elvin U-21-də çıxış edir, bütün matçlarda oynayır. Hələ gəncdir, zamanı gələndə əsas yığmada da oynayacaq. Biz hər bir futbolçunu izləyirik. Elə oyun yoxdur ki, millinin məşqçiləri onu izləməsin. Hər bir futbolçu haqda məlumatımız var. Ürfanı çağırmışıqsa, deməli, onun potensialını görürük. Heyətlə bağlı son qərarı baş məşqçi verir. Vaxt gələcək, Abbasov da millidə çıxış edəcək. Prosineçki dəvət edibsə, deməli, o, Ürfanı diqqətdə saxlayıb.

– Milli komandamız üçün daha bir seçmə mərhələ arxada qaldı. Yekunda bu barədə nə deyərdiz?

– İtaliya yığmasıyla matç tarixi oyun oldu. İlk dəfə Olimpiya stadionunda futbol matçı keçirildi. İtaliyayla matçda məqsədimiz Xorvatiya ilə matçda olduğu kimi azarkeşləri öz oyunumuzla, nəticəylə sevindirmək idi. Bolqarıstan yığması da bizim kimi final mərhələsinə düşmək şansını itirdiyindən, nəticə baxımından gərgin olmayan bir matç oldu. Prosineçkinin gəlişindən sonra milli komandamızda irəliləyiş hiss olunur. Ancaq sabiq baş məşqçi Berti Foqstun dövründə ilk 4 oyunda xal qazanmamaq bizi geri saldı. Gərək növbəti seçmə mərhələdə daha yaxşı çıxış edək, nəticə verək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43