“Qəbələ”nin futbolçusu Samir Zərgərov “İnter”lə heç-heçə qaldıqları oyundan sonra İdmanxeber.com-a müsahibə verib.
– İlk öncə oyun haqda nə deyərdin?
Bilirsiz ki, “İnter” hər zaman çətin rəqib olub. Yaxşı komandadı. Ancaq diqqət etsəniz bütün komandalara qarşı təkqapı oyun oynayırıq. İmkanlarımız da olur. Bu oyunda da ilk qolu biz vurduq. Təəssüf ki, yenə qol buraxdıq. Bir qol vurmaqla kifayətlənmək lazım deyil.
– Hücumda bu qədər zəif oynamağınızın səbəbi nədir?
Neçə turdu ki, komanda az qol vurur. Məşqlərdə də bunun üzərində işləyirik.
– Komandanın avrokuboklarda çıxış etməsi çempionatda zəif oyun sərgiləmənizə səbəb olur, yoxsa…?
Deməzdim avrokuboklardakı oyunlarımızın təsiri var. Düzdü, Qəbələyə gələndə komandalar daha çox sıx oynayır. Hər oyun demək olar hər komandaya qarşı təkqapı oyun gedir.
– Çempionluğa iddia edirsiz, ancaq sizə qarşı sıx oyun sərgiləyən komandalar eynisini “Qarabağ”la matçda da göstərirlər. Belə başa düşdük ki, çempionluq yolunda əsas rəqibiniz olan “Qarabağ”dan bir addım gerisiz…
Deməzdim. Biz çempionatda heç bir komandadan zəif deyilik. Sadəcə imkanlarımızdan maksimum yararlana bilmirik. “İnter”lə matçda da 1:0 öndə olduğumuz halda bir neçə qol imkanımız var idi. İkinci qolu vura bilsəydik nəticə belə olmazdı.
– Qriqorçukun gedəcəyi ilə bağlı yayılan xəbərlərin ardından komanda zəif təsir bağışlayır. Bu amil komandanın zəif oynamasına səbəb deyil?
Yox, inanın klubda elə bir söz-söhbət yoxdu.
– Ard-arda xallar itirirsiz. “Qarabağ”la xal fərqiniz 7-ə yüksəldi. Çemponluq şansınızın getdikcə azaldığını düşünmürsüz?
Tələsməyək. Çempionat uzundu. Düzdü, 7 xallıq fərq “Qarabağ” kimi komanda ilə olduqca böyükdü. Ancaq qarşıda xeyli oyunlar var.