19 Yanvar 2025
Kateqoriyasız

Roman Qriqorçuk: “PAOK-la matçın hakimliyindən razı qalmadım”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirilmiş oyundan (0:0) sonra fikirlərini bölüşüb.

– “Krasnodar”ın (Rusiya) Almaniya “Borussiya”sına (Dortmund) qalib gəldiyini eşidəndən sonra futbolçularınızı bu oyuna necə motivasiya edə bildiniz?
– Ürəyimdə həmin oyunun nəticəsinə görə çox üzüldüm. Çünki biz qrupdan çıxmağı çox istəyirdik. Amma vəziyyət elə alındı ki, artıq PAOK-la oyuna çıxanadək bizim belə bir şansımız qalmadı. Buna baxmayaraq, futbolçuların işə münasibətindən razı qaldım. Komandam haqda ancaq xoş sözlər deyə bilərəm. Qrupdakı son oyunumuzu evdə “Krasnodar”a qarşı keçirəcəyik və həmin görüşdə qələbə qazanmağa çalışacağıq. Eyni zamanda çempionatda da uğurlu çıxış etməliyik.

– PAOK-la səfər heç-heçəsini “Qəbələ” üçün yaxşı nəticə sayıla bilər?
– Nəticə baxımından, bəli. Hər iki xalımızı PAOK-la görüşlərdə əldə etmişik. Amma oyun baxımından “Borussiya”ya qarşı Bakıda sərgilədiyimiz matçı xüsusi qeyd edərdim. “Krasnodar”la səfər matçını da. Baxmayaraq ki, onların hər ikisində uduzmuşduq.

– “Qəbələ” daha aktiv oynasaydı, qələbə qazana bilərdi?
– Fərqli də ola bilərdi. Daha aqressiv və ya fəal olmağın da həm müsbət, həm də mənfi nəticəsi mümkündür.

– Hakimliklə bağlı nə deyə bilərsiniz?
– Hakimlik xoşuma gəlmədi. Amma bu, mənim fikrimdir.

– Bu oyunu nəzərə alsaq, komandada hansı mövqeləri gücləndirmək istəyərdiniz?
– Özümüzə bəraət qazandırmaq fikrim yoxdur. Amma güclənmək həmişə lazımdır. Bunu istənilən baş məşqçi istəyər.

– Bu gün start heyətdə üç azərbaycanl futbolçunu meydana buraxmışdınız. Sonradan meydana çıxanlar da yerli futbolçular idilər. Bu, itkilərlə əlaqədar idi, ya heç bir şansınızın qalmaması ilə?
– Meydana çıxan futbolçular bu gün üçün daha yaxşı hazırlığa malik olanlar idilər. Burada başqa heç bir amil yoxdur.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43