“Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçala”nın baş məşqçisi Kamal Quliyev Azərbaycan kubokunun 1/8 finalında “Sumqayıt”a uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
K.Quliyev kubokda bacardıqlarını etdikləri, əsas hədəflərinin isə I divizionda çempion olmaq olduğunu bildirib: “Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.