“Qarabağ”ın futbolçusu Cavid Tağıyev Azərbaycan kubokunun 1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
– Oyunla bağlı fikirlərini öyrənək…
– Bilirdik ki, çətin oyun olacaq. “Şəmkir” birinci divizionda oynayan klub olsa da, “Qarabağ”a qarşı yaxşı oynadı. Hətta qol vurmaq üçün imkanları da çox oldu. Sevinirəm ki, növbəti mərhələyə biz keçdik.
– Sanki “Qarabağ” meydana çox rahat çıxmışdı…
– Belə deməzdim. Sadəcə ilk hissədə oyunumuz alınmadı. İkinci hissə başlayanda baş məşqçi tapşırıqlarını verdi və biz də üzərimizə düşən vəzifənin öhdəsindən gələrək qələbə qazandıq.
– Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqları verdi?
– Tapşırdı ki, daha ciddi oynayaq. İlk hissədə bizim də qol epizodlarımız oldu. Elə iki epizoddan mən yararlana bilmədim. Qurban Qurbanov da fasilədə tapşırdı ki, topu daha çox saxlayaq və qapıya zərbələrdə dəqiq oynayaq.
– Bir qol və bir məhsuldar ötürmə ilə komandanın qələbəsində böyük pay sahibi oldun…
– Təbii ki, fərqləndiyim üçün sevinirəm. Amma bu qələbəni komanda şəklində qazanmışıq. Qələbədə hər bir futbolçunun əməyi var. Qolu kimin vurmağının fərqi yoxdur. Əsas odur ki, növbəti mərhələyə yüksələk.
– “Şəmkir”lə oyunda əsas heyət futbolçularından çoxu demək olar ki, meydanda idi. Üç gün sonra Premyer Liqada “İnter”lə qarşılaşacaqsınız, daha sonra “Anderlext”lə matç üçün Belçikaya səfər edəcəksiniz. Belə sıx qrafiklə oynamaq çətin olmayacaq ki?
– Hər iki oyuna yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.