Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Xəzər Lənkəran” – “Kəpəz” (1:0) oyunundan sonra Gəncə klubunun futbolçularına bir günlük istirahət verilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına sabah start verəcək.
“Sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. “Kəpəz”in dekabrın 4-nə təyin olunan məşqi saat 11:00-da başlayacaq.
“Sumqayıt”la səfərdə görüşəcək komanda dekabrın 5-i və 6-sı tarixlərində də hazırlıq prosesini adı çəkilən stadionda keçirəcək. Rəqibin ev oyunlarının keçirdiyi “Kapital Bank Arena”nın da ot örtüyü “Dalğa Arena” kimi süni olduğundan məşqçilər heyəti oyun öncəsi son məşq üçün Sumqayıta yollanmağı lazım bilməyib.
Qeyd edək ki,“Sumqayıt” – “Kəpəz” oyunu dekabrın 7-də saat 17:00-da başlayacaq.