23 Dekabr 2024
Müsahibə

“Neftçi”, “Xəzər Lənkəran” kimi komandalar əvvəlki kimi güclü olmalıdır” (MÜSAHİBƏ)

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın rəsmi saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Bir müddət əvvəl əməliyyat olunmusunuz. Hazırda özünüzü necə hiss edirsiniz?

– Qorxulu bir əməliyyat deyildi. Gördüyünüz kimi, çox yaxşıyam. Hər şey geridə qaldı. Əməliyyatdan sonra həkim məsləhətiylə bir gün xəstəxanada qaldım. Artıq iki gündür iş başındayam.

– Azərbaycanda fəaliyyətinizin bir ili tamam oldu. Bu müddətdə görülən işləri necə qiymətləndirirsiniz?

– Yaxşı qiymətləndirə bilərəm. Milli komanda yaxşı futbol nümayiş etdirməyə başlayıb. Gənc oyunçular milliyə dəvət olunub, onlara şans verilib. Azərbaycan futbolu inkişaf etmək üçün düzgün yoldadır.

– Milli komanda üçün 2015-ci ili necə dəyərləndirirsiniz?

– Məncə, 1 il kimi qısa müddətdə çox şeyi dəyişə bildik. Narazı qaldığım yeganə oyun Bolqarıstan yığması ilə qarşılaşma olub. Xırdalıqları xatırlatmaq istəmirəm. Xorvatiya, Norveç kimi güclü rəqiblərlə oyunlarda xal qazanmağı bacardıq. Malta yığmasına evdə qalib gəlib, səfərdə heç-heçə etdik. Hərçənd həmin görüşdə rəqibdən aşkar üstün futbol nümayiş etdirmişdik, qələbə qazanmalıydıq. Moldova yığması ilə yoldaşlıq görüşündən qalib ayrıldıq. Həmin oyunda ilk dəfə dörd yeni futbolçuya şans verdim. Təkcə nəticə deyil, həm də nümayiş etdirdiyimiz futbol məni qane etdi. Nəzərə almaq lazımdır ki, Moldova yığmasıyla oyunda əsas heyətin bir neçə üzvü oynamırdı.

– İlk açıqlamalarınızda əsas işinizin futbolçuların özünəinam hissini qaytarmaq olduğunu bildirmişdiniz. Bu istəyinizə nail olmusunuzmu?

– Əldə etdiyimiz nəticələrlə bunu müəyyənləşdirmək olar. Bəli, futbolçuların özlərinə inamını qaytara bildik. Seçmə mərhələyə çox pis başlamışdıq. Ardıcıl məğlubiyyətlərdən sonra futbolçuların psixoloji problemlərinin olması təbii haldır. Malta yığması ilə oyundan əvvəl oyunçulara, mənə, eləcə də AFFA-ya çox təzyiqlər vardı. Həmin qələbədən sonra işləmək asan oldu. Dediyim kimi, ardınca Norveç və Xorvatiya yığmalarına qarşı inamlı mübarizə aparıb heç-heçəyə nail olduq. Müsbət nəticələrə baxmayaraq, bununla kifayətlənmək niyyətində deyilik. Daha səylə çalışmalıyıq. DÇ-2018-in seçmə mərhələsində güclü komandaların yer aldığı qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya kimi güclü komandalara qarşı mübarizə aparacağıq. Qrupun favoriti hesab olunan Almaniya millisini çıxmaq şərtilə, istənilən komandaya qarşı oynaya bilərik. Bunu oyunçularımla yanaşı, rəqiblərimiz də yaxşı bilirlər. Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil.

– Ötən müddətdə nəyi dəyişmək istəyirdiniz, lakin dəyişə bilmədiniz?

– Çox şeyi dəyişmişik. Daha yaxşı oynaya bilərdik. Ola bilsin, bu istəyimi hələ tam həyata keçirə bilməmişəm. Hazırda bunun üzərində çalışırıq. Məqsədimiz daha yaxşı futbol nümayiş etdirməkdir. Oyunçuların potensialını nəzərə alaraq mən buna inanıram.

– Milli komandanın 2016-cı il üçün hazırlıq planı məlumdurmu?

Ümumiyyətlə, növbəti ildə komandada nə kimi dəyişikliklər gözləmək olar?

– Mən və köməkçilərim klublarımızın qış təlim-məşq toplanışını, keçirdikləri yoxlama oyunlarını izləyəcəyik, məşqçilərlə görüşümüz olacaq.  

– Aşağı yaş qruplarından ibarət yığma komandaları da diqqət mərkəzində saxlayırsınız, məşqçiləri ilə mütəmadi görüşlər keçirirsiniz. Onların çıxışları və əldə etdiyi nəticələr gələcəyə nikbin baxmağa əsas verirmi?

– Bu yaş qruplarında nəticələrin elə bir əhəmiyyəti yoxdur. Aşağı yaş qruplarından ibarət yığmaların əsas məqsədi milli komandaya oyunçu hazırlamaqdır. Elə oyunçular var ki, əsas milli komandaya dəvət almaqla yanaşı U-21-in və U-19-un da formasını geyinirlər. Namiq Ələgərov 1995-ci il təvəllüdlüdür. U-19-un formasını geyinir. Təəssüflər olsun ki, ciddi zədə səbəbindən uzun müddət oynaya bilmədi. Elnur Cəfərov, demək olar ki, millinin hər toplanışına dəvət olunur. O da U-19-un üzvüdür. Elvin Camalov, Coşqun Diniyev U-21-in formasını geyinirlər. Bunları nəzərə alaraq, deyə bilərəm ki, gələcəyə nikbin baxmağa dəyər.

– Azərbaycan Premyer Liqasında qış fasiləsinə az qalıb. Çempionatdakı mübarizə, komandaların oyunları, futbolçuların hazırlıq səviyyəsi sizi qane edirmi?

– Xeyr, qane etmir. Mövsümün əvvəlində hamı deyirdi ki, “Qəbələ” bu il nəsə edə bilər. Hazırda lider “Qarabağ”dan 8 xal geri qalır. Bir çox mütəxəssis “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını düşünürdü. Təəssüf ki, “Neftçi” istədiyi futbolu nümayiş etdirə bilmir. Digər tərəfdən, sevindirici haldır ki, Premyer Liqa təcrübəsi olmayan “Zirə” komandası diqqəti cəlb edir. “İnter”in ötən mövsümlə müqayisədə nəticələri yaxşı olsa da, oyun baxımından geri qalır. Son oyunlarda “Sumqayıt”la “Rəvan” yaxşı nəticələr əldə edir. Əlbəttə, AZAL-ı unutmaq olmaz. Hesab edirəm ki, komandaların vəziyyəti bundan da yaxşı ola bilərdi. “Neftçi”, “Xəzər Lənkəran” kimi komandalar əvvəlki kimi güclü olmalıdır ki, çempionatda rəqabət daha da artsın.

– Avropa Liqasında mübarizə aparan komandalarımızın çıxışlarını necə qiymətləndirirsiniz?

– Hər iki təmsilçimiz güclü komandaların yer aldığı qrupda mübarizə apardı. Almaniya nəhəngi “Borussiya” ilə oyunlar “Qəbələ” üçün yaxşı təcrübə oldu. “Qəbələ”nin qrup mərhələsində mübarizə aparması özü böyük uğurdur. Nəzəri cəhətdən “Qarabağ”ın şansı davam edir. Çox çətin olacaq. Belçika futbolu haqda danışanda ilk ağıla gələn komanda “Anderlext”dir. “Qarabağ” rəqibini səfərdə məğlub etməklə yanaşı, digər oyunun nəticəsini də gözləməlidir. “Tottenhem”, “Monako” kimi komandalarla oyunlar göstərdi ki, “Qarabağ” istənilən rəqiblə mübarizə aparmağa qadirdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43