23 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanlı azarkeşlərin sevimli “Dinamo Kiyev”i

BU GÜN NƏ İŞLƏ MƏŞĞULDULAR?

Nə az, nə çox, düz 30 il əvvəl – hələ SSRİ-nin bir parçası olduğumuz vaxtda Kiyevin “Dinamo” komandası Kuboklar Kubokunda mövsüm ərzində ilk oyunlarını keçirirdi. İlk mərhələdəki rəqib Hollandiyanın “Utrext” komandası idi. Səfərdə məğlub olan “Dinamo” Kiyevdə qalib gələrək 1/8 finala vəsiqə qazandı…

Düz 30 il əvvəl – hamımızın “Neftçi”yə azarkeşlik etdiyimiz vaxt Azərbaycanda “Dinamo” üçün də ürəyi döyünənlər az deyildi. Nə qədər olmasa, bir ölkənin vətəndaşları idik. Həqiqətən, SSRİ dövründə Azərbaycanda Kiyev “Dinamo”suna böyük simpatiya var idi. İndi də həmvətənlərimiz arasında Ukrayna klublarına azarkeşlik edənlər az deyil. 

Düz 30 il əvvəl “Dinamo” Kuboklar Kubokunu qazanmaq üçün uzun yola çıxdı. Həmin vaxt SSRİ yığmasının əsasını bu klubun futbolçuları təmsil edirdilər. Yəni, onlara həm “Dinamo”ya, həm də yığmaya görə pərəstiş edirdik. 30 il əvvəl könülləri fəth edən futbolçular görəsən indi haradadılar? Sağ-salamatdılar? Hansı işlə məşğuldular? Bu sayımızdan etibarən onlar haqqında məlumat toplayıb dərc edəcəyik. Əlbəttə, hamısı haqqında informasiyanı 1 səhifəyə yerləşdirmək mümkün deyil və bu üzdən bu sayımızda 6 futbolçunu yada salacağıq. Düz 30 il əvvəl “Dinamo”da daşıdığı forma nömrələrinə uyğun olaraq…

1/16 final
“Utrext” (Utrext, Hollandiya) – “Dinamo” 2:1, 1:4.
Qollar: Demyanenko, Bloxin, Yaremçuk, Zavarov, Yevtuşenko
1/8 final
“Universitatya” (Krayova, Rumıniya) – “Dinamo” 2:2, 0:3.
Qollar: Zavarov (2), Rats, Belanov, Demyanenko
1/4 final
“Rapid” (Vyana, Avstriya) – “Dinamo” 1:4, 1:5.
Qollar: Belanov (3), Rats, Yakovenko, Yaremçuk (2), Bloxin, Yevtuşenko
1/2 final
“Dinamo” – “Dukla” (Praqa, Çexoslovakiya) 3:0, 1:1.
Qollar: Bloxin (2), Zavarov, Belanov

Kuboklar Kuboku, final
“Dinamo” (Kiyev, SSRİ) – “Atletiko” (Madrid, İspaniya) 3:0
02 may 1986-cı il, “Munisipial de Jerlan” stadionu (Lion, Fransa), 50.000 tamaşaçı
Hakim: Vöhrer Frans (Avstriya)
Qollar: Aleksandr Zavarov 5, Oleq Bloxin 85, Vadim Yevtuşenko 88
“Dinamo”: 1. Viktor Çanov 2. Vladimir Bessonov 3. Sergey Baltaça (15. Andrey Bal) 4. Oleq Kuznetsov 5. Anatoli Demyanenko (k) 6. Vasili Rats 7. Pavel Yakovenko 8. İvan Yaremçuk 9. Aleksandr Zavarov (12. Vadim Yevtuşenko, 70) 10. İqor Belanov 11. Oleq Bloxin
Baş məşqçi: Vladimir Lobanovski
“Atletiko”: 1. Ubaldo Filyol 2. Tomas Renones (k) 3. Klemente Villaverde Huelva 4. Xuan Karlos Arteçe Qomez 5. Migel Anxel Ruis Qarsiya 6. Xulio Prieto Martin 7. Luis Mario Qabrero Molina 8. Enrike Ramos Qonsales 9. Xorxe da Silva 10. Xesus Landaburu Samuquillo (14. Keke Setien, 61) 11. Roberto Simon Marina 
Baş məşqçi: Luis Araqones

Viktor Çanov
Viktor Viktoroviç 1959-cu il iyulun 21-də Ukraynanın Stalino şəhərində anadan olub. Stalino hazırki Donetsk şəhərinin 1924-61-ci illərdəki adıdır. Karyerasına 1978-ci ildə “Şaxtyor”da başlayıb. 1982-ci ildə “Dinamo”dan dəvət alıb və 1990-cı ilə kimi Kiyev komandasının qapısını qoruyub, 202 çempionat oyununda 167 qol buraxıb. SSRİ-nin süqutundan sonra karyerasını İsraildə davam etdirib və “Makkabi” (Hayfa) (1990-93) və “Bney Yehuda”da (1993-94) oynayıb. Sonuncu komandası Ukraynanın ÇSKA-Borisfen klubu olub. 1995-ci ildə karyerasını bitirib və həmin klubda məşqçi kimi fəaliyyətə başlayıb. 
Futbolçu kimi xeyli uğur qazanıb. 3 dəfə SSRİ, 1 dəfə İsrail çempionu olub, 5 dəfə SSRİ, 2 dəfə isə İsrail kubokunu başı üzərinə qaldırıb. SSRİ yığmasının heyətində 21 oyun keçirib (8 qol), 1988-ci ildə Avropa çempionatının gümüş medalçısıdı. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1980) və əməkdar idman ustası (1986) fəxri adlarına layiq görülüb. Atası Viktor Qavriloviç və böyük qardaşı Vyaçeslav Viktoroviç də SSRİ-nin məşhur qapıçılarından olublar. Vyaçeslav Çanov 1985-86-cı illərdə “Neftçi”də oynayıb (33 oyun, 35 qol).
Dinamo”nun “1 nömrə”si indi böyük biznesdədi. 16 il əvvəl futbolla birdəfəlik vidalaşan qolkiper bir neçə nəfərin təsis etdiyi kompaniyanın baş direktorudu. Kompaniya müxtəlif təyinatlı məhsulların daşınması ilə məşğuldu.

Vladimir Bessonov
İstedadlı müdafiəçinin əsl soyadı ukrayna dilində Bezsonovdu. 1958-ci martın 5-də Xarkovda anadan olub. Peşəkar karyerası “Dinamo” ilə bağlı olsa da (277 oyun, 27 qol), “nöqtə”ni 1991-ci ildə Hayfa “Makkabi”sində qoyub (2 oyun). SSRİ yığmasında 79 oyun keçirib, 4 qol vurub. Ümumiyyətlə, “Dinamo”nun o vaxtkı heyətinin futbolçularının hamısı yığmaya cəlb olunduqlarından hər dəfə hər birinin Avro-88-in gümüş mükafatçısı və SSRİ-nin əməkdar idman ustası olduğunu qeyd etməyəcəyik. 1980-ci il Moskvada keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 6 dəfə SSRİ çempionu, 4 dəfə kubokun sahibidi. Ukrayna hökuməti Vladimir Vasilyeviçi 2004-cü ildə “Vətən qarşısında xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Müxtəlif vaxtlarda bir neçə Ukrayna klubunu çalışdırıb. 2002-03-cü illərdə Türkmənistan millisinə rəhbərlik edib. Hazırki iş yeri doğma “Dinamo”du. Orada seleksiyaçı-məşqçi kimi çalışır. 
Bessonov haqqında bir neçə maraqlı faktı nəzərinizə çatdıraq. Peşəkar karyerası ərzində 80-dən çox zədə alıb. Onların arasında onurğa sütunu zədəsi də var. Yalnız 1980-ci ili salamat keçirə bilib. Digər maraqlı fakt futbol oynadığı vaxt daim siqaret çəkməsidi. Və sonda. 1975-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının heyətində olarkən buts oğurladığına görə komandadan uzaqlaşdırılıb və 2 il diskvalifikasiya edilib. 
Bessonovun ailə üzvləri də özü kimi məşhurdular. Həyat yoldaşı Viktoriya Serıx bədii gimnastika üzrə dünya çempionudur (1979). Qızı Anna da anasının yolunu davam etdirir. Bir neçə dəfə dünyanın ən güclü bədii gimnastı adını qazanıb. 2 dəfə isə Olimpiaya Oyunlarında bürünc medala layiq görülüb. Oğlu Aleksandr isə tennis üzrə idman ustasıdır.

Sergey Baltaça
1958-ci il fevralın 17-də Stalino (Donetsk) vilayətinin Jdanov şəhərində (indiki Mariupol) anadan olub. 1975-ci ildə Xarvokun “Metallist” komandasında peşəkar karyerasına start verib. Bir il sonra Kiyevə köçüb. 1988-ci ilə kimi “Dinamo”da oynayıb. Ardınca beynəlxalq karyera başlayıb. 1988-90-cı illərdə “İpsviç Taun” komandasında (28 oyun, 1 qol) oynayıb. Daha sonra Şotlandiyaya köç edib. 1990-93-cü illərdə “Sent-Conston” (90 oyun, 1 qol) və “İnverness”in (9 oyun) şərəfini qoruyub. “İnverness”də həmçinin oynayan-məşqçi kimi məşqçilik fəaliyyətinə başlayıb. ÇSKA-Borisfen (1995-98) və “Sent-Mirren”də (1998-99) məşqçi köməkçisi işləyib. 2001-ci ildən “Çarlton Atletik”in futbol akademiyasında işləyir (2008-2012-ci illər aralığında “Çelsi”nin futbol akademiyası). 4 dəfə SSRİ çempionu olub və eyni sayda kubokun sahibidir. SSRİ yığmasında 45 oyun keçirib, 2 qol vurub. Moskva Olimpiadasının mükafatçısıdır. 

Həyat yoldaşı Olqa Baltaça beşnövçülük və yeddinövçülük üzrə Moskva Olimpiadasının iştirakçısı olub. Oğlu Sergey futbolçudur. Qızı Yelena isə tennislə məşğul olurdu. Ötən il mayın 4-də qaraciyər serrozundan dünyasını dəyişib. Qızının ölümündən sonra Olqa ilə ayrılıb və ikinci həyat yoldaşı Oksana ilə Londonda yaşayır.

Oleq Kuznetsov
1963-cü il martın 22-də Almaniya Demokratik Respublikasının Maqdeburq şəhərində hərbçi ailəsində anadan olub. Bir müddət sonra ailəsi Ukraynaya köçüb. Futbolçu karyerasına 1981-ci ildə Çerniqov “Desna”sında başlayıb. 2 il sonra “Dinamo”ya keçib və 1990-cı ilə kimi Kiyev klubunda çıxış edib (181 oyun, 15 qol). Ardınca legioner həyatı başlayıb. “Qlazqo Reyncers”in (1990-94), Hayfa “Makkabi”sinin (1994) şərəfini qoruyub. 1995-ci ildə ÇSKA-Borisfen-ə keçib və 11 oyunda meydana çıxdıqdan sonra karyerasını bitirib. “Dinamo” ilə 3 dəfə SSRİ çempionu, 3 dəfə isə kubokun qalibi olub. 3 dəfə də Şotlandiya birinciliyinin qızıl medalını və 1 dəfə kubokunu qazanan Oleq Vladimiroviç SSRİ yığması (58 oyun, 1 qol) ilə yanaşı 5 dəfə MDB, 3 dəfə isə Ukrayna yığma komandalarının formasını geyinib. 1998-ci ildən bəri məşqçiliklə məşğuldur. Müxtəlif vaxtlarda ÇSKA (Kiyev), “Dinamo” (Kiyev) və “Moskva” klublarında məşqçi kimi işləyib. 2002-07-ci illərdə Ukrayna millisində köməkçi məşqçi olub. Hazırda Ukraynanın U-19 komandasını çalışdırır. 2004-cü ildə “Xidmətə görə” 3-cü dərəcəli, 2006-cı ildə isə 2-ci dərəcəli ordenlərlə təltif edilib. 1985-ci ildə ailə həyatı qurub, 1 qızı var.

Aleksandr Demyanenko
Aleksandr Vasilyeviç bizim azarkeşlərə yaxşı tanışdı. 2008-ci ildə “Neftçi”nin baş məşqçisi kimi uğur əldə edə bilməməmişdi. Amma futbolçu kimi qazandığı uğurlara həsəd aparmaq olar. 
Demyanenko 1959-cu il fevralın 19-da Dnepropetrovskda anadan olub. Peşəkar futbola 1976-cı ildə yerli “Dnepr”də başlayıb (20 oyun, 1 qol). 1979-cu ildə “Dinamo”ya dəvət edilib və 1990-cı ilə kimi bu komandada oynayıb (333 oyun, 28 qol). Kiyev klubunun heyətində 5 dəfə çempionluq, 4 dəfə kubok sevinci yaşayıb. 1985-ci ildə SSRİ-nin, 1982 və 1985-ci illərdə isə Ukraynanın ən yaxşı futbolçusu seçilib. Uzun müddət kapitan kimi komandanı meydana çıxarıb. 2 dəfə (1985, 1988) adı “Qızıl top”a namizədlər arasında olub. “Dinamo”dan sonra karyerasını Oleq Kuznetsovun dünyaya gəldiyi Maqdeburq şəhərinin eyniadlı komandasında (3 oyun) davam etdirib və az sonra Polşanın “Vidzev” klubuna (13 oyun) satılıb. 1992-ci ildə yenidən “Dinamo”ya qayıdıb və karyerasını başa vurub. Yığma komandadakı çıxışına gəlincə, 80 dəfə meydana çıxıb, 6 dəfə fərqlənib.

1993-cü ildən məşqçiliyə başlayıb. 1993-2005-ci illərdə “Dinamo”da məşqçi, 2005-2007-ci illərdə isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ili “Neftçi”də keçirəndən sonra Özbəkistanın “Nəcəf” (2010-11) və ölkəsinin “Volın” (2012-13) komandalarını çalışdırıb. 2004-cü ildə “Xidmətə görə” 3-cü dərəcəli, 2006-cı ildə isə 2-ci dərəcəli ordenlərlə təltif edilib. 
2 dəfə ailə həyatı qurub. Hər 2 nikahdan 2 övladı var. 

Vasili Rats
1961-ci il martın 25-də Zakarpatye vilayətinin Fançikovo kəndində anadan olub. Peşəkar futbolçu karyerasına 1979-cu ildə Lvovun “Karpatı” komandasında başlayıb, ardınca Vinnitsa “Lokomotiv”ində çıxış edib. “Dinamo”da 1981-90-cı illər aralığında oynayıb (185 oyun, 24 qol). Qeyd edək ki, yarımmüdafiəçi 1989-cu il mövsümünü İspaniyanın “Espanyol” komandasında keçirib və 11 oyunda La-Liqanın “dadını görüb”. 1990-cı ildə “Dinamo”dan birdəfəlik ayrıldıqdan sonra Macarıstana yollanıb və 1993-cü ilə kimi “Ferentsvaroş”un şərəfini qoruyub.
SSRİ yığmasında 47 oyunun iştirakçısı olub və 4 qol vurub. 
Futbolçu karyerasını “Ferensvaroş”da bitirdikdən sonra elə həmin klubda 1 il məşqçi kimi işləyib. Uzun fasilədən sonra bir daha 2007-ci ildə “Dinamo”da Yozef Saboya kömək edib. 2011-ci ildə əvvəl “Obolon”un gənclər, daha sonra əsas komandasını çalışdırıb. Elə həmin il səhhəti ilə əlaqədar məşqçilikdən imtina edib. 3 dəfə SSRİ çempionu olan və 3 dəfə kuboka sahib çıxan Vasili Rats hazırda işsizdir.

Pavel Yakovenko
1964-cü il dekabrın 19-da Ukraynanın Nikopol şəhərində doğulub. İlk peşəkar klubu Xarkov “Metallist”i (1981-82) olub. Burada cəmi 4 oyunda meydana çıxan Pavel Aleksandroviç 1982-ci ildə “Dinamo”ya çağrılıb və 1992-ci ilə kimi Kiyev klubunun şərəfini qoruyub (161 oyun, 5 qol). Karyerasını 1993-cü ildə Fransanın “Soşo” klubunda (6 oyun, 1 qol) başa vurub. SSRİ yığmasının formasını cəmi 19 dəfə geyinib, 1 qol vurub. 3 dəfə SSRİ çempionu olub, bir o sayda kubok qazanıb. 
2004-cü ildə “Xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edilib. Futbolçu həyatı başa çatdıqdan sonra məşqçiliyə başlayıb. Bir neçə Ukrayna və Rusiya, habelə Ukraynanın U-19 və U-21 komandalarını çalışdırıb. Son iş yeri U-21 yığması idi. 2012-ci ildə həmin postdan ayrılıb və hazırda nə işlə məşğul olduğunu dəqiqləşdirə bilmədik.
Ailəlidir, 2 oğlu var. Atasının mövqeyinə “sadiq qalan”, yəni yarımmüdafiəçi olan Aleksandr da, hücumda oynayan Yuri də Ukraynada xeyli tanınmış futbolçulardı. 

İvan Yaremçuk
1962-ci il martın 19-da Ukraynanın Zakarpatye vilayətinin Velikiy Bıçkov qəsəbəsində anadan olan İvan İvanoviçin futbolçu olmasında ötən əsrin 40-50-ci illərində Kiyev “Dinamo”sunun futbolçusu Fabianın böyük rolu olub. O, gənc futbolçunu Viktor Jilinə məsləhət görüb və ikinci Yaremçuku Kiyevdəki İdman Təmayüllü İnternat Məktəbinə gətirib. 1979-cu ildə məktəbi bitirən yarımmüdafiəçi Çerkassk “Dnepr”inə dəvət alıb. İlk klubunda onun baş məşqçisi Viktor Jilin idi. Yaremçuk 1983-cü ildə hərbi xidmətlə əlaqədar 2-ci dəstədə mübarizə aparan Kiyev OİK-inə keçib. Məhz bu zaman “Dinamo”nun baş məşqçisi Valeri Lobanovski İvanın oyununu görüb, bəyənib və 1985-ci ildə onu komandasına dəvət edib. Yaremçuk “Dinamo”da 1990-cı ilə kimi oynayıb. SSRİ dağılandan sonra Almaniyanın “Blau-Vayss”, ardınca “Herta” klubuna transfer edilib. Daha sonra müxtəlif vaxtlarda Rusiyanın KamAZ və “Tekstilşik”, İsrailin “Hapoel” (Rişon-le-Sion), Çexiyanın “Bohemians 1905″, Qazaxıstanın “Munayşi”, Ukraynanın “Vorskla” və “Prikarpatye” komandalarında oynayıb. Karyerasını da adıçəkilən sonuncu komandada 1998-ci ildə başa vurub. 

İvan Yaremçuk “Dinamo”dan sonra bütün klublardan problemlərlə ayrılıb. Çox vaxt maliyyə söz-söhbətləri onun “yerdəyişmə”sinə əsas olurdusa, “Hapoel”dən ayrılmasının səbəbi tam başqa idi. İsrail hökuməti seksual qalmaqala görə İvan Yaremçuku ölkədən deportasiya etmişdi.
2004-cü ildə “Xidmətə görə” 3-cü ərəcəli ordenlə təltif olunan veteran futbolçu həyatda heç də nümanəvi insan deyil. 2009-cu ildə azyaşlılara qarşı seksual hərəkətinə görə istintaqa cəlb olunub və şərti cəza alıb. Buna kimi isə bütün pulunu və əmlakını qumarda uduzub. Onun qızı Valeriya Yaremçuk sinxron üzgüçülük üzrə Ukrayna çempionudur. Özü isə 1998-ci ildə bilyard üzrə Ukrayna birinciliyinin mükafatçısıdır. Bir vaxtlar SSRİ yığmasının heyətində çıxış edən (18 oyun, 2 qol) istedadlı futbolçunun indi nə işlə məşğul olduğunu bilməsək də, məşqçilikdən uzaq olduğu dəqiqdir.

Aleksandr Zavarov
Ukrayna futbolunun ən hörmətli veteranlarından biri Aleksandr Anatolyeviç 1961-ci il aprelin 26-da Luqansk şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1977-ci ilə kimi yerli “Zarya”nın uşaq futbol məktəbində futbolun sirlərinə yiyələnib. Həmin il əsas komanaya götürülüb. 1983-cü ildə Valeri Labonovski Saşanı “Dinamo”ya çağırıb. 5 il Kiyev klubunun şərəfini qoruyan yarımmüdafiəçi 1988-ci ildə İtaliyanın “Yuventus” klubuna keçib. Bununla da SSRİ-nin ilk legioner futbolçusu kimi adını tarixə yazdırıb. O, həm də UEFA Kubokunu başı üzərinə qaldıran yeganə sovet futbolçusudur. 1990-cı ildə Fransanın “Nansi”sinə keçib. 5 ildən sonra isə Sen-Dize şəhərinin eyniadlı komandasında oynayan-məşqçi kimi işləyib. 1998-ci ildə karyerasını başa vurub. 
Məşqçi kimi ilk iş yeri “Sen-Dize” olub. Daha sonra İsveçrənin “Vil” komandasını çalışdırıb. Ardınca Qazaxıstanın “Jeniss”, Rusiyanın “Moskva” (əvəzedicilər), Ukraynanın “Metallist” (Xarkov) və “Arsenal” (Kiyev) komandalarının başında olub. 2012-ci ildən Ukrayna milli komandasının məşqçilər korpusunda yer alır. Milli demişkən, Zavarov SSRİ yığmasında 41 oyun keçirib, 6 qol vurub.

Olqa Zavarova ilə nikahdan 2 oğlu dünyaya gəlib – Aleksandr və Valeri. İkinci uşağa məşqçisi Lobanovskinin adını verib. Valeri Zavarov peşəkar futbolçu olub, bir neçə oyunda Kiyev “Arsenal”ının şərəfini qoruyub. Amma atasından fərqli olaraq “uzağa” gedə bilməyib. 

İqor Belanov
Sovet futbolunun ən istedadlı və titullu futbolçularından biri olan İqor İvanoviç 1960-cı il sentyabrın 20-də Odessada dünyaya gəlib. Onun peşəkar futbola gəlişi sırf təsadüf olub. Balaca İqor uşaq futbol məktəbində təhsil almayıb, 16 yaşına kimi küçə futbolu oynayıb. SSRİ dövründə “JEK” (Mənzil İstismar Sahəsi) arasında futbol yarışları keçirilirdi. Belə yarışların birində “Çernomorets”in məşqçiləri 16 yaşlı İqorun oyununu görüb, bəyəniblər və dərhal kluba – əvəzedici klmandaya dəvət ediblər. Əsas komandaya keçənə kimi İqor İvanoviç tikintidə işləyərək pul qazanırmış. 1978-ci ildə əsgərliyə çağrılan gənc Belanov doğma şəhərinin OİK klubunda hərbi xidmət keçib. 2 illik hərbi xidmətdən sonra “Çernomorets”ə qayıdıb və 1981-ci ildən etibarən əsas heyət üzvü olub. Belanovun digər futbolçulardan güclü, dəqiq zərbələri və yüksək sürəti ilə seçirildi. 1983-cü ildən SSRİ-nin olimpiya yığmasına çağrılan hücumçu 1985-ci ildən Kiyev “Dinamo”sunun şərəfini qoruyub. Elə həmin il SSRİ yığmasına dəvət alıb. 

1986-cı il Meksikada keçirilən dünya çempionatının 1/8 finalında SSRİ yığması Belçikaya məğlub oldu. Həmin oyunda sovet komandasının hər 3 qolunu Belanov vurmuşdu. Bununla da dünya çempionatlarının final mərhələsində “het-trik” edən yeganə sovet futbolçusu kimi adını tarixə yazdıra bilmişdi. Meksikada keçirilən mundialda sərgilədiyi oyun və “Dinamo”nun həmin il Kuboklar Kubokuna sahib çıxması mütəxəssislərin diqqətindən kənarda qalmamışdı. “Frans Futbol”un Avropanın ən yaxşı futbolçusunu seçmək üçün apardığı sorğunun nəticəsinə görə Belanov 1986-cı ildə 1-ci olmuşdu. Bundan başqa elə həmin il “World Soccer”in sorğusunda 2-ci yeri tutmuşdu. O, 2 dəfə FİFA-nın yığma komandasına dəvət alıb, 1987-ci ildə Böyük Britaniya və 1988-ci ildə Fransa yığmasına qarşı oynayıb.

Belanovun futbolçu karyerası haqqında maraqlı bir məqamı da xatırladaq. “Qızıl top” ona 1987-ci il martın 18-də Kuboklar Kubokunun 1/4 finalında “Beşiktaş”la Kiyevdəki oyundan əvvəl verilmişdi. Həmin oyunun 86-cı dəqiqəsində hücumçu penaltidən fərqlənə bilməmişdi. Top qapı çatına dəymişdi. Sonradan o, həyacanlı olduğu üçün büdrədiyini etiraf etmişdi. Bu, onun karyerasında “zay” etdiyi ilk penalti idi. 1 il sonra Avropa çempionatının final mərhələsində Hollandiya ilə final oyununun 60-cı dəqiqəsində daha bir penaltini boşa vermişdi.
İqor İvanoviç 1989-cü ilə kimi “Dinamo”nun şərəfini qoruyub. Daha sonra 5 il Almaniya Bundesliqasında çıxış edib. 1 il “Borussiya”da (Münhenqladbax), 4 il isə “Ayntraxt”da (Braunşveyq). 1995-ci ildə doğma “Çernomorets”ə qayıdan hücumçu 3-cü turda aldığı ağır zədə səbəbindən mövsümün sonuna kimi sıradan çıxıb. Peşəkar karyerasını 1 il sonra Mariupol “Metallurq”unda bitirib. Burada o, həmçinin klubun rəisi olub. SSRİ yığmasında 33 oyun keçirib, 8 qol vuran Belanov 2003-04-cü illərdə İsveçrənin “Vil” klubunun prezidenti olub. Hazırda Odessada yaşayır. Özünün adına olan uşaq futbol məktəbinə rəhbərlik edir. Ailə vəziyyətinə gəlincə, bir neçə il əvvəl həyat yoldanışdan boşanıb. 1 qızı, 2 oğlu var. 

Oleq Bloxin
Məsəli haqqında bəhs etdiyimiz futbolçulardan uzaq, deyirlər “dəvədən böyük fil var”. Belanov nə qədər istedadlı və titullu futbolçu olubsa da, ondan da istedadlı, hörmətli və titullu birisi də var idi – Oleq Vladimiroviç Bloxin. Bloxin o vaxtkı “Dinamo”nun sözün həqiqi mənasında ağsaqqalı idi. Həm yaşına, həm də oyununa görə. 

Oleq Bloxin 1952-ci il noyabrın 5-də Kiyevdə anadan olub. Atası Vladimir İvanoviç məşhur sovet sprinteri idi. Bundan başqa o, SSRİ DİN-nin zabiti idi. Uzun müddət “Ehtiyat ƏMək Qüvvələri” cəmiyyətinin rəis müavini işləyib. 12 il Ukrayna Beşnövçülük Fedarasiyasına rəhbərlik edib. Daha sonna “Dinamo” cəmiyyətinin şöbələrindən birinin rəhbəri olub. Böyük Vətən Müharibəsi veteranı olan ata Bloxin 2013-cü il martın 13-də vəfat edib. Anası Yelena Zaxarovna Adamenko uzun illər Kiyev İnşaat Universitetində dekan müavini kimi çalışıb. 

Oleq Vladimiroviç futbola “Dinamo”nun məktəbində başlayıb. 1969-cu ildə əsas komandaya cəlb edilib. 1975-ci il özü və komandası üçün çox uğurlu alınıb. Həmin il Kuboklar Kubokunu qazanan “Dinamo” UEFA Superkuboku uğrunda oyunlarda Münhen “Bavariya”sından güclü olublar. Mövsümün sonunda “Frans Futbol”un apardığı sorğuya əsasən Bloxin Avropanın ən yaxşı futbolçusu seçilib. Bu, SSRİ tarixində Lev Yaşindən sonra Avropanın ən güclü olan 2-ci sovet futbolçusu idi. 1973-75-ci illərdə SSRİ-nin ən yaxşısı adını da “özəlləşdirən” Bloxinin bu uğurunu heç kim təkrarlaya bilməyib. Bloxinin uğurları, qazandığı titullar haqqında daha ətraflı bəhs etsək, digər futbolçulara yer qalmaz. Bu üzdən onun karyerasına qısaca nəzər salmaq qənaətinə gəldik. SSRİ yığmasında ən çox oyun (112) keçirən hücumçu yığma ilə 2 dəfə (1972, 1976) Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Oleq Vladimiroviç 1988-ci ilə kimi Kiyev klubunda oynayıb. Həmin il Avstriyanın “Forverts” klubuna keçib. Bir il sonra isə Yunanıstanın “Aris”indən təklif alıb və 1990-cı ildə karyerasını yunan klubunda başa vurub. 

Elə həmin ildən məşqçilik fəaliyyətinə başlayıb. 1990-2012-ci illər aralığında müxtəlif vaxtlarda Yunanıstanın “Olimpiakos”, PAOK, “İonikos” və AEK komandalarını çalışdırıb. 2003-07 və 2011-12-ci illərdə Ukrayna milli komandasının, 2008-ci ildə “Moskva” və 2012-14-cü illərdə “Dinamo”nun (Kiyev) baş məşqçisi olub. 2014-cü il aprelin 16-da “Şaxtyor”a məğlubiyyətdən (0:2) sonra postundan göndərilib. 

Oleq Bloxin futbolla yanaşı siyasətlə də məşğuldu. 1998 və 2002-ci illərdə 2 dəfə Ukrayna Ali Radasının deputatı seçilib. Ukrayna Sosial-Demokrat Partiyasının və Siyasi Şurasının üzvüdü.

2 dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı İrina Deryugina bədii gimnastika üzrə dünya çempionu olub. Bu nikahdan cütlüyün İrina adlı qızı var. İkinci həyat yoldaşı Anjeladan isə 2 qızı var – Anna və Yekaterina. 4 kitab müəllifidir – “Vurmadığım qol”, “Qol vurmaq haqqı”, “Futbol diqtə edir” və “Bütün həyat üçün futbol”. 

Andrey Bal
“Atletiko” ilə oyunda oyuna sonradan qoşulan 2 sovet futbolçusundan biri Andrey Bal idi. O, oyunun 38-ci dəqiqəsində zədələnmiş Sergey Baltaçanı əvəzləmişdi. Andrey Mixayloviç 1958-ci il fevralın 16-da Lvov vilayətinin Nikolayev rayonunun Rozdol kəndində anadan olub. Körpə ikən atasını itirən Andreyin anası 2-ci dəfə ərə gedib. Onun təlim-tərbiyəsi ilə daha çox atalığı Qriqorii Qroqoriyeviç məşğul olub. Futbolla Yeni Rozdol qəsəbəsindəki UİGM-də məşğul olmağa başlayıb. 1970-ci ildə Kiyevdəki İdman Təmayüllü İnternat Məktəbinə daxil olmaq istəsə də, seçilməyib. Növbəti il Ukraynada birdən-birə 3 yeni internat məktəbinin açılması Andreyin işinə yarayıb. Lvov, Voroşilovqrad və Xarkovdakı məktəblərdən ən yaxınını seçib. Maraqlıdır ki, o, Lvovdakı məktəbə imtahansız qəbul edilib. 

Peşəkar karyerasına 1977-ci ildə Lvovun “Karpatı” klubunda başlayıb. 1981-ci ildə “Dimano”ya keçib. Kiyev klubunda 1990-cı ilə kimi çıxış edib. Daha sonra legioner həyatı başlayıb. 1 il Tel-Əviv “Makkabi”sinin şərəfini qoruduqdan sonra “Bney Yehuda”ya tranfser edilib. SSRİ yığmasının heyətində 20 oyunda (1 qol) meydana çıxan müdafiəçi 1993-cü ildə “Bney Yehuda”da klubda peşəkar futbolla vidalaşıb. 

Məşqçi kimi ilk iş yeri 1998-ci ildə Hersliya “Makkabi”si olub. 1999-2000-ci illərdə digər yəhudi klubu “Akoax”ı çalışdırıb. 2001-ci ildə vətənə qayıdıb və müxtəlif vaxtlarda “Vorskla”, “Çernomorets” (Odessa), Ukrayna milli komandasında işləyib, həmçinin, Rusiyanın “Moskva” klubunda çalışıb. Onun son iş yeri Ukraynı yığması olub. 2014-cü il avqustun 9-da Kiyevdəki Bannikov adına stadionda veteran futbolçuların yoldaşlıq görüşü zamanı ürəktutmasından 56 yaşında dünyasını dəyişib. Evli idi, həyat yoldaşı Svetlana Bal balerina idi. Oğlu Daniel isə futboldan kənar sahədə çalışır.

Vadim Yevtuşenko
Final oyunun 70-ci dəqiqəsində ilk qolun müəllifi Aleksandr Zavarovu əvəzləyən Vadim Anatolyeviç 1958-ci ilin ilk günündə Dnepropetrovsk vilayətinin Pyatixatki qəsəbəsində anadan olub. 10 yaşında qəsəbənin futbol məktəbinə daxil olub. 1978-ci ildə Kirovqradın həvəskar futbolçulardan ibarət “Burevestnik” komandasına götürürüb. Burada onun oyununu Kirovqradın “Zvezda” komandasının məşqçiləri bəyəniblər. Az sonra isə bu hal yenidən təkrarlanıb. Belə ki, “Dinamo”nun seleksionerləri yarımmüdafiəçini gözaltı ediblər. O, 1980-88-i illər aralığında “Dinamo”nun şərəfini qoruyub. Kiyev klubunda oynayarkən 12 oyunda SSRİ-nin yığmasının şərəfini qoruyub, 1 qol vurub. 1988-ci ildə “Dnepr”ə keçib. 1 il sonra isə İsveç AİK-inə dəvət alıb. 4 il Stokholm klubunda çıxış etdikdən sonra digər İsveç klubu “Sirius”a keçib və 1995-ci ildə karyerasını bitirib. Vadim Anatolyeviçlə bağlı maraqlı bir fakt – SSRİ-də müxtəlif 2 komandanın heyətində çempion olan 25 futbolçudan biridi. O, “Dinamo” ilə yanaşı “Dnepr”lə də çempionluq sevinci yaşayıb.
Məşqçi kimi ilk iş yeri 1996-cı ildə İsveçin “Reymersholm” klubu olub. 2008-ci ilə kimi İsveçdə işləyib, müxtəlif vaxtlarda “Hammarbü”, “Yarfalla” və “Valsta Sirianska” komandalarını çalışdırıb. 2008-ci ildə Ukrayna yığmasında məşqçi köməkçisi işləyib. Daha sonra doğma “Zvezda” və “Vorskla” komandalarının baş məşqçisi olub. 2014-cü ildən bu yana “Dinamo-2″ komandasının başındadı.
Evlidir, 2 oğlu, 1 nəvəsi var. Hər iki oğlu futbolçudur və İsveç komandalarında oynayırlar.
Haqqında bəhs etdiyimiz futbolçular “Atletiko” ilə final oyununun iştirakçıları idi. Amma finala kimi bir neçə futbolçu da komandanın uğuru üçün çalışmışdı ki, onların adını çəkməmək və qısa da olsa informasiya verməmək insafsızlıq olardı. 

Mixail Mixaylov komandanın 2-ci qapıçısı idi. 1959-cu il təvəllüdlü Mixail Leonidoviç bizim stajlı futbol azarkeşlərinə yaxşı tanışdır. 1988-ci ildə “Dinamo”dan ayrıldıqdan sonra 1 mövsüm doğmu “Neftçi”mizin şərəfini qoruyub, 24 oyunda 37 qol buraxıb. 1993-cü ildən məşqçiliklə məşğuldur. Hazırda Kiyev “Dinamo”sunun qapıçılarla işləyən məşqçisidir.

Vasili Yevseyev cəmi 1 avrokubok matçında – “Universitatya”ya qarşı ev oyununda forma geyinib. 1962-ci il təvəllüdlü Vasili Arkadyeviç 1996-cı ildə futbolçu kareyrasını bitirdikdən sonra məşqçiliklə məşğul olub. Son iş yeri Kiyevin “Arsenal” komandası idi. Burada məşqçi köməkçisi kimi çalışan Yevseyev 2010-cu ilin 26 iyununda intihar edib. Bir il sonra – 2011-ci il avqustun 19-da yeganə oğlu, futbolçu Yevgeni Yevseyev avtomobil qəzasında dünyasını dəyişib.
Komandanın zəfərinin əsas memarı şübhəsiz, baş məşqçi Valeri Vasilyeviç Lobanovski idi. 2002-ci il mayın 13-də dünyasını dəyişən əfsanəvi Lobanovski haqqında gələn saylarımızın birində geniş məlumat verəcəyik. Onun köməkçisi Vladimir Qriqoryeviç Veremeyev haqqında isə 2-3 cümlə ilə kifayətlənirik. 1948-ci il noyabrın 8-də Primorsk bölkəsində doğulub. 1967-82-ci illərdə “Zvezda” və “Dinamo”da futbol oynayıb. SSRİ yığmasının üzvü olub. Məşqçi kimi il iş yeri “Dinamo” olub. Hazırda Ukrayna yığmasında məşqçi kimi çalışır.

20 il əvvəlin qəhrəmanları haqqında bu qədər. Bu yazı gənc nəslin nümayəndələrinə bir qədər maraqsız gələ bilər. Amma bir qədər yaşlı futbol azarkeşlərinin yazını oxuduqdan sonra xəyallara dalacaqlarına, hətta bəzilərinin kövrələcəyinə əminik.

Hazırladı: Azər TAĞIYEV – “Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43