“Neftçi”nin hücumçusu Anyete AZAL-la oyundan sonra İdmanxeber.com-a müsahibə verib.
– Oyunla bağlı nə deyərdin?
– Adətən, oyuna yaxşı başlamayanda matç çox çətin keçir. Fikrimcə, biz ikinci hissədə yaxşı oynadıq. Amma qol vurmağı bacarmadıq. Ona görə də uduzduq.
– Meydana ikinci hissədə çıxdınız. Hər iki epizodda hakim rəqib qapısına penalti təyin edə bilərdi. İkincidə sizə hətta simulyasiyaya görə sarı vərəqə də göstərildi…
– Birinci epizod çox sürətli yaşandı. Ona görə də orada penalti olub-olmadığını deyə bilmərəm. İkinci epizod da demək olar ki, oxşar idi. Mən yıxıldım. Amma simulyasiya barədə qətiyyən düşünmürdüm. Başa düşürəm ki, hakim həmin epizodu yaxşı görməyə bilərdi. Amma bu, mənim simulyasiya etdiyim anlamına gəlir. O, mənə sarı vərəqəni də göstərməyə bilərdi.
– Hakimin sizi xaldan etdiyini demək olar?
– Hakimlərdən danışmağı sevmirəm. Sadəcə, onu deyə bilərəm ki, hakimlər bizə xal qazanmaqda kömək etmədilər.
– Əsgər Abdullayevin gəlişindən sonra komandanız uğurlu nəticələr qazansa da, oyun planında xüsusi irəliləyiş yoxdur…
– Sizinlə razılaşmıram. Çünki son oyunlarda yaxşı nəticələr qazanmışıq. Lənkərandan, Qəbələdən qələbə ilə qayıtmışıq. Bakıda “Qarabağ”a gəlmişik. Amma AZAL-la oyunda bəxtimiz gətirmədi. Futbolda belə hallar olur. Bu qədər hücim etməyimizə baxmayaraq, rəqib qapısına yol tapa bilmədik.
– Rəqib qapısına dəqiq zərbə endirə bilmirdiniz…
– Mənim də şanslarım oldu. Amma səhvlər də buraxdıq.
– Zədədən sonra əvvəlki formanızı bərpa edə bilmisiniz?
– Uzun müddət oynamadım. Meydana çıxmağı çox istəyirdim. Zədədən sonra ideal formada olduğumu deməzdim. Üzərimdə çox çalışmalıyam.
– Siz cərimə zərbəsi qazansanız da, Ruslan Qurbanovu onu özünüzün yerinə yetirməyinizə imkan vermədi…
– Bunda heç bir problem yoxdur. Biz bir ailə, komandayıq. O, zərbəni vurmaq istədiyini bildirdi və məndən icazə istədi. Mən də razılaşdım.
– Bolqarıstan mətbuatı sizin “Levski”yə qayıdacağınızı yazır. Bu barədə nə deyə bilərsiniz?
– Mənim cavabım sadədir – yox! Bolqarıstana qayıdacağım, “Levski”yə keçəcəyim barədə xəbərlər həqiqəti əks etdirmir. “Neftçi” ilə uğur qazanmaq istəyirəm. “Neftçi”dən ancaq burada çoxlu qol vurandan sonra gedəcəyəm. Ona qədər getmək barədə düşünmək istəmirəm.