25 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” bəyanat yaydı

“Qəbələ” klubu bəyanat yayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda son 3 mövsümdə əvəzedici komandada baş məşqçi kimi çalışmış Luis Araqonla müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə dair mətbuatda yer alan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

Klubun yaydığı bəyanatda deyilir: “Diqqətinizə çatdırmaq istərdik ki, klub rəsmiləri tərəfindən məsələ ilə bağlı daha öncə verilən açıqlamalarda olduğu kimi, müqavilə şərtləri Luis Araqonun və klubun nümayəndələri tərəfindən bir daha nəzərdən keçirildikdən sonra klub üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib. Bir daha vurğulamaq istərdik ki, məsələ mətbuatda qeyd edildiyi kimi FİFA-nın müvafiq qurumlarının çıxardığı qərara əsasən deyil, tərəflər arasında həllini tapıb. Klub Luis Araqonun fəaliyyət göstərdiyi dönəmdə işini yüksək qiymətləndirir və dostluq münasibətlərini davam etdirir. Məsələnin FİFA qurumları tərəfindən həll edildiyi ilə bağlı mətbuatda yer alan xəbərlər həm klubumuzun, həm Luis Araqonun təəccübünə səbəb olub”.

İspaniyalı mütəxəssis özü də bununla bağlı kluba göndərdiyi məktubda məsələnin tərəflər arasında həll edildiyini bildirib: “Azarkeşlər, klub əməkdaşları və 3 il ərzində çalışdığım bütün insanlara salamlarımı çatdırıram. Öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm: klub və mənim aramda yaranmış müqavilə ilə bağlı şərtlər hər iki tərəfi məmnun edəcək şəkildə öz aramızda həllini tapıb. Çox şadam ki, Azərbaycanın ən yaxşı klubunda işləmək şansı əldə etdim. Müəyyən müddət klubun əsas komandasında da çalışdım və mənə etimad göstərdikləri üçün bütün klub nümayəndələrinə “çox sağ olun” deyirəm. Əvəzedici komandada, U-19 komandasında gördüyümüz bütün işlər məni razı saldı. Mən və ailəm yaşadığımız bu 3 illik gözəl təcrübədən razı şəkildə ayrıldıq. Bu müddətdə yeni mədəniyyətlə tanış oldum və verilən şansdan həzz alaraq yararlandım.

Klubda daim peşəkarlar tərəfindən əhatə olundum və 3 il ərzində çalışdığım bütün oyunçulara davranışlarına görə təşəkkür edirəm. İş və məişət planında mənə kömək edən hər bir şəxsə bir daha minnətdarlığımı bildirirəm, onların əməyini unuda bilmərəm. Əminəm ki, klubda hər kəs meydançada və ondan kənarda əlimdən gələnin ən yaxşısını etdiyimi bilir. Mən gördüyüm işlərdən məmnun şəkildə ayrılmışam və klubla münasibətlərimiz həmişə yüksək səviyyədə qalır. Bir daha 3 il ərzində mənə dəstək olan azarkeşlərə, klub əməkdaşlarına, oyunçulara “sağ olun” deyirəm, kluba gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, yollarımız bir daha kəsişəcək”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43