Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”ı qəbul edən “Qarabağ” 3:0 hesablı qələbə qazandı. Matç ətrafında hakim qalmaqalı da yaranmışdı, ancaq ictimaiyyətdə daha çox rezonans doğuran məqam meydançaya bir neçə limon atılması idi.
Sosial şəbəkələrdə gərginlik aradan bu məsələyə “Xəzər Lənkəran” klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov reaksiya verib. O, “facebook” hesabında hərəkəti pisləyib və belə bir çağırışla “Qarabağ” klubu rəhbərliyinə müraciət edib: “Qarabağ” – “Xəzər Lənkəran” oyununda meydana limon atıblar.
Təbii ki, “Qarabağ” azarkeşlərindən bu məsələyə düzgün reaksiya verənlər oldu. Amma bu hərəkət çox vicdansızca edilmiş, səviyyəsiz bir hərəkətdir. Mən “Fırtna”nın rəhbəri olmuşam və hər zaman onu demişəm ki, Qarabağ azad olunana qədər biz o kluba aid ənənəvi şüar və bannerlərdən uzaq olacağıq. “Visla” ilə oyunda bütün Avropaya səs salan o pankartın da müəllifi mən olmuşam, yeri gəlmişkən. O atdığınız limonları bəlkə də təmsil etdiyiniz Qarabağ torpaqlarının qorunması yolunda şəhid olan Talış balasının ya anası, ya bacısı, ya qardaşı, ya da yaxını min əziyyətlə əkib bəlkə də hansısa şəhid ailəsinin övladlarını dolandırıb.
Siz hansı səviyyənin insanlarısınız? Nə axmaq adamlarsız siz? Təbii ki, belə bir şeyin arxasında hər şeyi kənara qoysaq, yenə də fanat qarşılaşması zəminində də dura bilmərsiniz. Mən şəxsən “Qarabağ” Futbol Klubundan bu barədə rəhbərlik səviyyəsində açıqlama gözləyirəm və tələb edirəm. Əks halda, bunu bütün “Qarabağ” futbol klubunun Lənkəranlılara qarşı etdikləri hörmətsizlik kimi qəbul edəcəyik.