Premyer Liqanın XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra xoşagəlməz olay yaşanıb.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “Forza” azad azarkeş qrupunun bir üzvü – Nail Nərimanoğlu həbs olunub.
“Forza”nın aktiv azarkeşlərindən olan Nailin həbsinə səbəb isə “Böyük oyun”dan sonra əzəli rəqib üzərində qazanılan qələbəni stadionun kənarında fakel yandıraraq bayram etməsi olub. “Bakcell Arena”nın ətrafında olan polis əməkdaşları isə azarkeşi saxlayaraq bölməyə aparıblar. Bu barədə saytımıza “Forza”nın rəhbərlərindən biri Sübhan Əliyev məlumat verib. Əliyev klub rəhbərliyinin biganə yanaşmasından da gileylənib:
“Naili polis əməkdaşaları stadion kənarında fakel yandırdığına görə saxlayıblar. Onu döyərək maşına salıb bölməyə apardılar. Maşına mindirməmişdən öncə isə kimsə kənardan PPX-nın avtomobilinə daş atdı. Atılan daş maşını əzdi. Hazırda 24-cü polis bölməsinin qarşısındayam. Klub rəhbərliyindən heç kim maraqlanmayıb. O cür dəstəyin qarşısında biganəlik bizi çox üzür”.
Qeyd edək ki, “Neftçi” “Böyük oyun”da “Xəzər Lənkəran”ı məğlub edib – 1:0.