22 Oktyabr 2024
Ölkə futbolu

Mikayıl Nərimanoğlu: “Bu, “Kəpəz”də vəziyyətin necə çətin olduğunu bildirir”

“Komandamız qış fasiləsindən sonra istədiyi oyunu nümayiş etdirə bilmirdi. Çox zəyif oyun nümayiş etdirirdik. Amma bu gün özünüz də gördünüz ki, komanda artıq toparlanmağı bacarıb və bu gün meydanda var gücü ilə mübarizə aparıb xal qazandı”.

Bu sözləri Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Neftçi” “Kəpəz” (0:0) matçından sonra Gəncə klubunun müşahidə şurasının üzvü və AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu idmanxeber.com-a açıqlamasında deyib.

O, azarkeşlərin “Bakı derbisinə xoş gəlmisiniz” yazılı pankartı barəsində də fikirlərini bildirib:

“Həmin azarkeşlərə də dərin təşəkkürümüzü bildiririk. Biz də istəyirik Gəncədə olaq, amma reallıq budur. Orada şərait yoxdur. Azarkeşlər də bunu bilirlər. Əgər əvəzedici komanda Samux rayonunun kəndində məşq edib, Yevlaxda oyunlarını keçirirsə, bu, vəziyyətin necə çətin olduğunu bildirir”.

M.Nərimanoğlu açıqlamasında Şahin Diniyevin istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumata da toxunub:

“İndi məşqçilərə nəticəyə görə qiymət vermək düzgün deyil. Komandanın şəraitini və büdcəsini də düşünmək lazımdır. “Kəpəz” eyni heyətlə, eyni baş məşqçi ilə Avroliqada oynamışdı və mərhələ keçmişdi. Sadəcə, komandanda psixoloji durum bir az yerində deyildi. Belə bir zamanda məşqçi haqqında mənfi fikir söyləmək, müqaviləni pozmaq düzgün deyil. Azarkeşlər stadionda Mahmud Qurbanovun adını səsləyirdi. Onların fikirlərinə hörmətlə yanaşırıq. Amma Şahin Diniyevin işindən razıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43