“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin quru seriyası qırılıb.
İdmanxeber.com-un məlumatına görə, ardıcıl 3 oyun qol buraxmamaqla mövsümün rekorduna imza atan qolkiper X turun “Sumqayıt”la matçında rəqibin fərqlənməsinə üzülüb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.
Bunadək isə Rəşad “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.
Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.