“Komandamız yarışa uğursuz başlasa da, şahmatçılarımız Avropa çempionu olmağı qarşılarına məqsəd qoymuşdular”.
İdmanxeber.com-un “Azərtac”a istinadən yaydığı xəbərə görə, bu sözləri Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında qalib gəlmiş idmançıların qarşılanma mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.
O bildirib ki, “Qarabağ”ın səfərdə “Atletiko” ilə uğurlu oyunu komandamızda böyük ruh yüksəkliyi yaradıb: “Bu ruh yüksəkliyinin nəticəsidir ki şahmatçılarımız iki gün sonra Ermənistan komandasına qalib gəldilər. Bizim komanda çox güclü idi və inanırdıq ki, qalib gələcəyik”.
Sevinc hisslərini bölüşən şahmatçı Şəhriyar Məmmədyarov deyib: 2013-cü ildə olduğu kimi, çempionata yenə uğursuz başladıq. İlk turda xal itkisi oldu. Nəhayət oyunda geri dönüş yarada bildik. Komandamızın üzvləri çox güclüdür və heç vaxt ruhdan düşmür, sonadək mübarizə aparırlar. Komandada iki nəfərin qalib gəlməyi kifayət edirdi ki, hesabda yaxşı nəticə göstərək. Rusiya və Macarıstan yığması əsas rəqiblərimiz idi. Onlara qalib gəlmək çox çətin olsa da, biz istədiyimiz nəticəni əldə etdik. Hədəfimiz Olimpiya çempionu olmaqdır.
Digər şahmatçımız Rauf Məmmədov isə Ermənistan komandası ilə qarşılaşmanın ən gərgin oyun kimi yadda qaldığını vurğulayıb: “Biz onlara qalib gəlməsəydik, özümüzü heç vaxt çempion saymayacaqdıq”. Avropa çempionu bildirib ki, bu qələbə həm də Vüqar Həşimovun qalibiyyətidir. Çünki Vüqar daim qəlbimizdə yaşayacaq.