Dünən Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” matçında meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyevlə bir qrup azarkeş arasında xoşagəlməz hadisənin yaşanması barədə xəbər vermişdik.
İdmanxeber.com-a açıqlama verən Əliyev hadisədən danışıb. Futbolçuları söyən azarkeşlərə əli ilə ədəbsiz yerini göstərən Şəhriyar özündə olmadığını bildirib: “Orda yanlış anlaşılma baş verdi. Belə ki, azarkeş nəticə istəyir, qazanmaq istəyir. Həmçinin mən də. Futbolçu karyeram ərzində ən ağır məğlubiyyəti aldım desəm, yanılmaram. Kimin ki xətrinə dəymişəm, yəqin üzrlü sayar. Vallah, əsəbindən dəli olmuşdum, özümdə deyildim, o hərəkət zamanı.Birinci hissənin ortaları gedirdi. Elə söyüşlər söyürdülər, utanıram da deməyə. Axı niyə bizə qarşı elə ifadələr işlədirlər? Mən bilirəm Gəncə camaatı futbolu sevir, bizi dəstəkləyir. Sadəcə futbolda belə məğlubiyyətlər də var. İnanın mən Gəncə camaatı üçün, “Kəpəz” üçün canımı qoyuram. Deməyə də dilim gəlmir, mənim hər iki tərəfim zədəlidi, sürüşmə fəndi etməkdən. Üzr istəyirəm, əynimə şalvarı zorla geyinirəm, ağrıdan. Başa düşən insanlara çox təşəkkür edirəm. Ancaq söymək olmaz, biz də futbolçuyuq. İnşallah, Gəncəyə gedəcəm və həmin azarkeşləri tapıb görüşəcəm. Mehriban olmaq lazımdı. Dost kimi söhbət edək, bir-birimizi başa düşək. Mənə elə gəlir, orda olan, elə ordaca qaldı.“