28 Noyabr 2024
İdman

“Kəpəz” – “Qəbələ” matçında 2 rekord birdən

Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb. 
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, III turda qapılara 16 qol vurulub ki, bu da cari mövsümün ən yüksək göstəricisidir. Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4 top qeydə alınıb. “Kəpəz” – “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” – “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” – “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyib. Bunadək rekord 13 qolun vurulduğu I və XII turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub. Bu rəqəmin 4 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün XXVII turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” – “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün XXVII turunun “Qəbələ” – “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43