“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı 2:0 hesabı iləməğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com-un məlumatına görə, matçın 81-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atan futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
– Birinci divizion komandası olmasına baxmayaraq, rəqib bu gün bizə çətinliklər yaratdı. Bizim futbolçulardan bəziləri oyun təcrübəsindən əziyyət çəkdikləri üçün bir az problemlər oldu. Bununla yanaşı, sona qədər mübarizə apardıq.
– Birinci hissədə “Qarabağ” çox zəif oynadı. Maraqlıdır, fasilədə Qurban Qurbanov sizə nə dedi ki, ikinci yarıya tamam fərqli başladınız?
– Birinci hissədə pis oynadığımızı deməzdim. Sadəcə, meydanın mərkəzində bəzi epizodlarda toplar itirilirdi ki, bu da rəqibin əks-hücumlarına səbəb olurdu. Belədə isə futbolçular yorulurlar. İkinci hissədə həmin səhvləri təkrarlamamağa çalışdıq. Düşünürəm ki, bizdə alındı.
– Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən?
– Bir az qəliz məsələdir. Mən qarışmaq istəmirəm. Bunu PAOK və “Qarabağ” öz aralarında həll etməlidirlər.
– Bəs öz istəyin nədir?
– Mən futbol oynamaq istəyirəm. Əgər “Qarabağ” məni istəyirsə, qalacam. Yenə deyirəm, bu məsələyə qarışmaq istəmirəm. Əsas məqsədim oynamaqdır.