Azərbaycan Kubok ¼ final mərhələsində cavab oyunlarının son qarşılaşması keçirilib. Sumqayıtda keçirilən qrşılaşmada “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb:
“Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişı kubok oyunlarına ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu. Məğlub olduq. Qalibə uğurlar arzulayırıq.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Riçard Almeyda və Dino Ndlovu niyə oynamırdı?
– İkisi də zədəli idi. Riçardda əzələsində dartılma var, Ndlovuda da həmçinin.
– Futbolçularda istirahət vaxtına görə rahatlıq hiss etdiniz?
– “Yox” deyə də bilmərəm. Futbolçu psixologiyasıdı. Özümdə də belə hallar olub. Nə qədər motivasiya etsəm də, düşünürdüm ki, son oyundu, gedirik istirahətə. Belə düşüncə var idi.
– “Sumqayıt”ın heyətində kimi fərqləndirərdiniz?
– Bunu deyə bilmərəm. Bütün futbolçuları izləyirəm. Bütün komandalardaki oyunçulara baxırıq.
– Qış fasiləsində kimlər gedəcək?
– Konkret olaraq, belə futbolçu yoxdu. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya get deyə bilmərik.
– Xarici klublardan təklif hanısa futbolçu üçün təklif almısınızmı?
– Ciddi bir təklif yoxdu. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi.
– Heyəti gücləndirmək baxımından addım atılacaqmı?
– Belə bir fikir var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadı. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidir.
– İlk oyundaki kimi burada da Jezniçak səhvə yol verdi. Sizcə mərkəz müdafiəçisi lazımdırmı?
– Hər xəttə uyğun bir futbolçu istəyirik. Belə fikrimiz var.
– “Neftçi” Rahidi transfer etmək istəyir, bu barədə müraciət almısınızmı?
– Bizə rəsmi təklif olmayıb. Rahid bizim əsas oyunçularımızdan biridir. Xeyli zaman var. Təklif olsa, fikir bildirə bilərik. Rahidə inanırıq. Onun mövqeyində vacib futbolçulardandır.
– Hə milli, həm də “Qarabağ”ı hazırlamaq çətin olmayacaq ki?
– Hətta bir komandanı hazırlamaq çətindi. Ancaq biz çətinlikdə qorxuruqsa, addım atmamalıyq. Hər şeyi düşünürəm. Elə işlər var ki, hər kəsin öz məsuliyyəti var. Təcrübəmiz də artıb. Oyunçunun potensialını bilmək üçün vaxt sərf etmirik. Əlaqələrmiz də var. Oyunçuların həyat tərzi barədə məlumat toplaya bilirikş Çətin olacaq, mənim üçün də məsuliyyət olacaq. Ancaq futbolumuz üçün bu addım atılmalıdır.