Rusiyanın gənclərdən ibarət yığması və Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev müsahibə verib. Azərbaycan millisinə çağırılması gündəmdə olan istedadlı futbolçu maraqlı fikirlər səsləndirib.
– Bir azərbaycanlı futbolçu kimi özünü Rusiya Premyer Liqasında necə hiss edirsən?
– Rusiyada böyüdüyüm üçün hər şey normaldır. “Spartak”ın yetirməsiyəm. Hazırda da doğma klubumda oynayıram. Özümü burada yaxşı hiss edirəm. Mənim üçün Rusiya Premyer Liqasında çıxış etmək çətin deyil.
– “Anji”nin əsas heyətində oynasan da, yenidən “Spartak”a qayıtdın. Səncə, Moskva klubunda möhkəmlənə biləcəksən?
– Hələ ki, hamı istirahətdədir. Ona görə də nəsə deyə bilmirəm. Bəlkə “Spartak”da qaldım. Bəlkə də başqa bir kluba keçərəm. Məni yenidən icarəyə də verə bilərlər. Hər şey ola bilər.
– AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, tez-tez Ayazla əlaqə saxlayırıq. Axırıncı dəfə nə vaxt danışmısınız?
– Açığı, axırıncı dəfə Elxan Məmmədovla nə vaxt danışdığımız yadımda deyil. Çünki tarixi dəqiq xatırlamıram.
– Sənə Azərbaycan millisində oynamaq təklif olunub?
– AFFA mənə hələlik belə bir təklif göndərməyib. Sadəcə, zəng vururlar, bir həmyerli kimi söhbət edirik. Bu qədər.
– Azərbaycan millisində oynamaq variantın var. Hazırda da bu məsələ müzakirə olunur. Maraqlıdır, təklif gəlsə, Aleksandr Səmədovun yolu ilə gedəcəksən, yoxsa Ramil Şeydayevin?
– Niyə Səmədov və ya Şeydayevin yolu ilə getməliyəm?! Üçüncü variant da var. Mən özümün, Ayaz Quliyevin yolu ilə gedəcəm. Tək mən yox, bütün futbolçular belədir. Hər bir futbolçunun – həm Şeydayevin, həm Səmədovun, həm də Quliyevin öz yolu var.
– Bəs Qurban Qurbanov özü səninlə əlaqə saxlayıb?
– Yox, Qurban Qurbanovla telefonda danışmamışıq.
– Millimizin baş məşqçisi deyib ki, Ayaz Quliyevi də xaricdə çıxış edən digər azərbaycanlılar kimi diqqətdə saxlayıram. Qurbanovun bu sözləri sənə nə dərəcədə stimul verdi?
– Əlbəttə ki, milli komandanın baş məşqçisinin haqqımda bu cür sözlər işlətməsi mənə xoş təsir bağışlayır. Fikrimcə, hamı mənim kimi düşünür.
– Ümumiyyətlə, özünü Azərbaycan yığmasında oynamağa hazır hesab edirsən?
– Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki nəsə desəm, başlayacaqlar ki, Ayaz Quliyev Azərbaycan millisində oynamağa razılıq verdi. Ona görə də hələlik bu barədə danışmayaq.
qol.az