24 Noyabr 2024
İdman

“Qəbələ” “Mançester Siti” və “Qalatasaray”la eyni qrupda mübarizə aparacaq

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” aprelin 5-8-də Türkiyədə keçiriləcək ənənəvi “İzmir cup”da qüvvəsini sınayacaq. “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirdə 16 futbolçuya güvənəcək. Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdur.

Turnirdə 56 komanda mübarizə aparacaq. Aprelin 6-da keçiriləcək qrup mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” A qrupunda İngiltərənin “Mançester Siti”, Hollandiyanın “Alkmaar”, Türkiyənin “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” klublarının U-12 komandaları ilə üz-üzə gələcək. “Qırmızı-qaralar” ilk turda “Çaykur Rizəspor”, ardınca “Karasu” ilə qarşılaşacaq. Növbəti iki matçında “Mançester Siti” və “Qalatasaray”la görüşəcək komanda V turda istirahət edib, sonda “Altay” və “Alkmaar”la üz-üzə gələcək. İştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43