Braziliyalı əfsanəvi futbolçu Pele Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib.
İdmanxeber.com-un məlumatına görə, 78 yaşlı veteran hücumçu səhhətindəki problemlə əlaqədar DÇ-2018-in oyunlarına gedə bilməyəcək.
Pele 2016-cı ildə Braziliyada keçirilmiş Yay Olimpiya Oyunlarında da iştirak edə bilməyib. O, səhhətindəki problemləri əsas gətirərək olimpiya məşəlini yandırmaq təklifini qəbul etməyib. Braziliyalı ulduz 2012-ci ildə osteoxondroz xəstəliyinə görə cərrahi müdaxiləyə ehtiyac duyub. Lakin bu əməliyyat fəsad verib.
Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.
Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.