Hazırda karyerasını Çinin birinci liqa təmsilçisi “Xançjou Qrintaun” klubunda davam etdirən Dino Ndlovu ölkə mətbuatına müsahibə verib. Keçirdiyi 24 oyuna 19 qol vuran cənubi afrikalı futbolçu komandasının Superliqaya yüksəlməməsinə üzüldüyünü bildirib:
“Bu qədər yaxşı çıxış etdiyimiz mövsümdə Superliqaya çıxa bilməməyimiz məni çox üzür. Amma nəzərə almaq lazımdır ki, yeni komandayıq. Artıq daha təcrübəliyik və hədəfimiz elitaya yüksəlməkdir. Karyeramda heç vaxt bu qədər qol vurmamışdım. Düşünürəm ki, oyunumla hamının cavabını verdim”
Çindəki həyat tərzindən də danışan futbolçu bu ölkənin yeməklərini sevdiyini və dilini öyrənməyə çalışdığını qeyd edib:
“Bura yeni gələndə ciddi dil problemi ilə üzləşdim. Ancaq hazırda müəyyən qədər öyrənmişəm. Bəzi sözləri deyib müəyyən qədər də anlaya bilirəm. Buradakı hər anımdan zövq alıram. Bir çox Çin yeməyinin dadına baxmışam və demək olar ki, hamısını sevirəm”
Ndlovu 2016-cı ilin yayından 2018-ci ilin qışına kimi “Qarabağ”ın formasını geyinib.