22 Dekabr 2024
Ölkə futbolu

“Kral lütdür!”

Hans Kristian Handersenin məşhur “Kral lütdür” əsəri var. Yazıçı əsərdə dərzi tərəfindən aldadılan şahın üzərində ən yaxşı əlbisə olduğunu düşünərək, xalqın qarşısına anadangəlmə çılpaq çıxmasından bəhs edir. Və bütün millət də şahın qorxusundan bunu dilə gətirməyə cəsarət etmədən, sultanın necə də gözəl geyindiyi söyləyir.

Bir gün yenə şah bu şəkildə millətin önünə çıxıb, yaltaqlardan  yağlı təriflər alırmış. Üzərində heçnə olmamasına rəğmən şaha hər kəs yaxşı geyindiyini və çox möhtəşəm göründüyünü bildirirmiş. Bütün hər kəs alqışlarla, sevinclə imperatoru salamlarkən, kənardan bir uşaq qışqırtısı eşidilir: Kral lütdür!

Bu sözdən sonra hər kəs şoka düşür. Az vaxt sonra uşağın atası və digər insanlar da kralın lüt olduğunu söyləməyə başlar. Və beləliklə kral ətrafındakı yaltaqlar və qorxaqlar tərəfindən aldadıldığını başa düşər və bütün ölkəyə rəzil olar.

Eynən dünənki kimi ! Senyor Bordin, dünənə qədər lider gələrək gah mətbuat konfranslarında jurnalistlərin suallarına ağız əydin, gah rəqib baş məşqçilərə qarşı qoçuluq etdin, gah da özünü çox ağıllı apardın. Ancaq hər şey dünən bitdi!

Mövsümboyu heç  kimə qulaq asmayan, öz naməlum sistemində israr edən, “Neftçi” kimi böyük bir klubu adi çempionat oyunlarında belə müdafiə olunmağa məcbur edən Bordin gerçəklərlə üzləşdi. Cəmi üç yaşı olan bir “uşaq” uca səslə “Kral lütdür” dedi.

Komanda məğlub da olar, heç-heçə də edər. Buna sözüm yoxdur. Ancaq çempionluğa oynayan komanda bu cür oyun göstərməz. Elə təsadüfü deyil ki, “Neftçi”nin çempion olacağına mövsüm ərzində öz sadiq azarkeşlərindən başqa heç kim inanmadı. Ötən dəfə finalın “Bakcell Arena”da yox, Qəbələ səfərində olacağını demişdim. Ancaq deyəsən, iş daha tez həll olunacaq. Əgər həsrətlə gözlənilən çempionluq bu il də gəlməsə, tək günahkar və hədəf taxtası məhz italiyalı olmalıdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43