2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə “Qarabağ” rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı. Əslən Ağdamdan olan tanınmış jurnalist Rövşən Binnətlinin sualı, daha doğrusu, xahiş/təklifi çoxları kimi, yəqin elə Tahir bəyin özü üçün də gözlənilməz olmuşdu. Rövşən Binnətlinin istəyi nə idi və klub rəhbərliyinə cəmi 1 il əvvəl gələn Tahir Gözəl ilk baxışda qəbuledilməz görünə biləcək bu təklifə hansı cavabı vermişdi, buna yazının gedişatında toxunacağıq.
İndi xüsusi olaraq bir məsələnin üzərinə gəlməyi vacib bilirəm ki, bunun üçün də həmin tədbirdən 3 il əvvələ, yəni 2001-ci ilə qayıtmalı oluram. Həmin o dövrə ki, Ağdamın işğalından sonra uzun illər “Qarabağ”a sponsorluq etmiş şəhərin və bölgənin fədakar, xeyirxah insanlarının maddi durumu get-getə pisləşmiş, bu səbəbdən onların kluba kömək etmək üçün iqtisadi gücləri qalmamışdı. Bunun zərbəsi də əlbəttə, birbaşa kluba dəymişdi. O dərəcədə ki, Azərbaycan futbolunun nəhənglərindən olmuş komanda 1990-cı illərin sonlarından yaşamaq uğrunda son nəfəsi verməyə başlamışdı. 2000-ci ildə isə bütün Ağdam camaatını üzən və ciddi əsası olan daha bir xəbər yayılmışdı: “Qarabağ” dağılır və bir daha olmayacaq!
Təbii, “Qarabağ”ın olmaması bir tərəfdən Azərbaycan futbolu üçün itki idi, amma daha da pisi o idi ki, torpağı işğal olumuş insanların yeganə təsəlli yeri olan komanda göz görə-görə itirdi, məhv olurdu. Və məhz belə bir ağır anda klubun o vaxtkı prezidenti (mərhum Adil Nadirov) növbəti dəfə yeni sponsor axtarışına çıxdı. Bir müddət sonra onlara Azərbaycanın iqtisadi bazarına yenicə daxil olan, sonradan uğurlu fəaliyyəti ilə şirkətdən holdinq kimi nəhəng bir biznes qurumuna çevrilməyi bacaran “Azərsun”dan müsbət cavab gəldi. Şirkətin prezidenti Abdolbari Gözəl “Qarabağ”ın o vaxtı rəhbərliyinin müraciətinə həssaslıqla yanaşaraq, hər hansı maddi gəlir əldə etməyəcəyini, əksinə özünün ilk illərdə yüzminlərlə dollar həcmində xərcə düşəcəyini bildiyi halda komandaya sahib oldu. Daha doğrusu, “Qarabağ”ı ölümün pəncəsindən aldı.
Əlbəttə, Gözəl bəyin bu nəcib, xeyirxah addımı ilk gündən minnətdarlıqla qarşılandı. Üstündən az
qala 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Ağdam bölgəsindən olan tanınmış ziyalılar Abdolbari bəyin komandaya çətin gündə dayaq olmasını söyləməyi indiyədək özlərinə vəfa borcu bilirlər. Amma bu yerdə “Azərsun”un sponsorluğunun ilk illərində istənməyərəkdən, yaxud o vaxt sırf futbol təcrübəsinin azlığındanmı komandanın azarkeşlərinin qəlbinə dəyən bir hadisəni də xatırlamalı oluram. Gərək ki, 2002-ci ildə klubun adı önünə “Azərsun”un da adı əlavə edilmiş, beləliklə də komandanın adı dəyişərək “Qarabağ-Azərsun” olmuşdu. Və Rövşən Binnətli Tahir Gözələ mətbuat konfransındakı müraciətində məhz bu məsələni qaldırmaqla “Qarabağ” azarkeşlərinin məyusluğunu ona çatdıraraq komandanın adından “Azərsun”un adının çıxarılmasını xahiş etmişdi.
Azərbaycanda bir çox özəl şirkətin sponsorluq məsələsində milli deyil, şəxsi maraqları daha öndə tutduğunu nəzərə alsaq, klub rəhbərliyinin Rövşən Binnətlinin bu istəyinə biganə yanaşacağını düşünmək olardı. Amma Tahir Gözəl elə həmin mətbuat konfransında vəd etdi ki, komandanın adından “Azərsun” sözü çıxarılacaq. Tezliklə Gözəl ailəsi Ağdam camaatının istəyini anlayış və hörmətlə qəbul etdiyini həm də əməli ilə təsdiqlədi. 2004-cü ildə Ağdam klubu yenidən oyunlara əvvəlki və bundan sonra həmişə əbədi qalacaq “Qarabağ” adı ilə çıxmağa başladı.
***
2003-cü ildə Abdulbari Gözəlin təşəbbüsü, nəzarəti və rəhbərliyi ilə “Qarabağ” klubunda yeni struktur formalaşdırıldı. Klubun vitse-prezidentliyinə o vaxt cəmi 31 yaşı olan Tahir Gözəl, direktorluğuna isə hələ 26 yaşı tamam olmamış Emrah Çelikel gətirildi. Gənc, amma daha da önəmlisi futbol təcrübəsi heç olmayan bu iki şəxs daha çox dələduzların, çirkli oyun ustalarının meydan suladığı Azərbaycan futbolunda necə duruş gətirə bilərdilər və necə gətirdilər? Ötən ilin elə bu vaxtlarında Tahir Gözəllə müsahibəm zamanı bu məsələyə toxunmaya bilməzdim. Odur ki, ona belə bir sual ünvanlandım:
– “Qarabağ”a rəhbərliyinizdən 15 il keçir. Yanılmıramsa, Azərbaycanda heç bir klubun rəhbərliyi eyni yerdə bu qədər uzun müddət çalışmayıb. Bir “Qarabağ”dı, bir də “Qəbələ”. Klubunuzun adı da maliyyə yeyintilərində demək olar, hallanmayıb. Maraqlıdı, “Qarabağ”ın idarəetməsinə insanları hansı kriteriyalara görə seçirsiniz və bu davamlılığın qaynağı haradı?
– Bunun əsası Gözəl bəyin (Abdolbari Gözəl – A.B.) ürəyidir. “Qarabağ”ın əsası dürüstlükdür, təmizlikdir, xoşməramlılıqdır, ciddiyətdir. Biz ilk başlayanda futbolda təcrübəsiz idik. Çox acı təcrübələrdən keçmişik. Elə məşqçilər gətirdik ki, fikirləri klubdan başqa hər şeydə idi. Ancaq özlərini düşünürdülər. Komandada intizam qura bilmirdilər, özləri də intizamsız idilər. Bizi isə bir yerdə saxlayan xoş niyyətimiz oldu. Həmişə işə ciddiyyətlə baxdıq və özümüzə sual verdik ki, bu klub üçün nələr edək? Məqsəd klubu idarə etməkdisə, iki oyun alıb-satmaqla nəyə nail olacaqsınız? Bizim üçün ilk məqsəd heç vaxt çempion olmaq deyildi. Çempionluğu istəyirdik, amma əsas məqsəd bu çempionluğa nail ola biləcək klub və onun gücünü yaratmaq idi. Biz özümüzü heç vaxt aldatmadıq. Deyək ki, bir il çempion olduq. Amma mən deyirdim ki, qarışqaların dünyasında fil olmağın nə mənası var? Əgər sənin fikrin böyük deyilsə, qarışqa kimi qalmısansa, qarışqalar aləmində kral olmağın xeyri yoxdur. O vaxt Azərbaycan futbol dünyası da çox şeyə hazır deyildi. Oyunlar alınırdı, satılırdı. Nizam-intizam yox idi. Kefimizin pozulduğu çox anlar olurdu.
***
Beləliklə, 2003-2008-ci illər “Qarabağ”ın tarixinə daha çox klubun düzgün idarəetmə sisteminin qurulması dövrü kimi daxil oldu. Abdolbari Gözəlin rəhbərliyi, Tahir Gözəl və Emrah Çelikelin idarəçiliyi ilə “Qarabağ”da uğurlu personal yaranmağa başladı ki, o personala daxil olan iki şəxs – Asif Əsgərov (hazırda baş menecer) və Nurlan İbrahimov (hazırda mətbuat xidmətinin rəhbəri) hazırda nəinki klublarında, bizim futbolda artıq zəngin karyeraya malik əsl peşəkar kadrlar kimi özlərini təsdiqləyiblər.
Amma əlbəttə, klubu qorumaq, yaşatmaqla yanaşı, nəhayət, güclü bir futbol komandası yaratmaq da lazım idi. Qurban Qurbanovun baş məşqçiliyə gətirilməsinin nə qədər doğru qərar olduğunu söyləməklə yeni nəsə demiş olmayacağıq. Amma bununla yanaşı, Q.Qurbanovun rəhbərliyi altında 108 illik futbol tariximizdə ən yüksək uğurlara da məhz “Qarabağ”ın nail olduğunu söyləməliyik. Qısa statistika: Çempionlar Liqasının qrupu (ilk dəfə), 4 dəfə (ən çox) Avropa Liqasının qrupunda oynamaq, dalbadal 6 dəfə Azərbaycan çempionluğu. İkinci belə klubumuz yoxdur.
Qurban Qurbanov özünün və komandasının üzərində daim işləməsi, işə məsuliyyəti, ciddiyyəti və yüksək peşəkar tələbkarlığı bu uğurların başlıca səbəbidir. Bir məşqçi üçün ən vacib şərtlərdən biri də rahat bir mühitin, daha dəqiqi, komandada yeganə söz sahibinin onun özünün olmasıdır. Bu halda o, həm yaxşı düşünə bilir, həm də ideyalarını həyata keçirməyi bacarır. Klub rəhbərliyinin məşqçi işinə müdaxiləsi birmənalı şəkildə yolverilməz və qəbuledilməz haldır. Azərbaycan futbolunda onlarla fakt göstərmək olar ki, sırf bu məsələyə görə klub uğur əldə edə bilməyib, həm komandanın nəticələrinə, həm də məşqçinin karyerasına, inkişafına ciddi zərbə vurub. “Qarabağ” rəhbərliyi isə Qurban Qurbanovun komandaya gəldiyi gündən (2008) ailə ortamı yaratmaqla yanaşı, onun işinə nəinki müdaxilə etmədi, əksinə hər zaman məşqçisinə dəstək oldu, heç vaxt onun arxasınca gizli işlər görmədi. Bu mənada, futbolumuzun Qurban Qurbanov kimi nadir bir mütəxəssis qazanmasında “Qarabağ” rəhbərliyinin öz məşqçisinə dürüst münasibəti az rol oynamadı. 2010-cu illərin əvvəllərində “Qarabağ”ın müəyyən uğursuzluqları zamanı, hətta azarkeşlər baş məşqçisini istefaya səslədiyi zaman klub sona qədər məşqçinin arxasında durdu, ona dəstək oldu, yerinə başqa məşqçi gətirməyi ağlından belə keçirmədi. Bu, bir tərəfdən, əlbəttə, Qurban Qurbanovun şəxsiyyəti faktorunun qəbul edilməsinin göstəricisi, digər tərəfdən də klubun rəhbərliyinin artıq mərd, kişiyana davranışı, dostluğa sadiqliyinin isbatı idi.
“Qarabağ”a ölüm yatağındaykən əvvəl nəfəs verib yaşadan, sonra əl verib ayağa qaldıran, sonra ayaqda dimdik saxlayıb hamıdan güclü edən də bu sadiqlik idi. Və bu sadiqliyin adı dəyərdi.
Yəni “Qarabağ”ın Anayasası!
Aydın BAĞIROV