Avroliqanın qrup oyunu çərçivəsində keçirilmiş “Düdelanj” – “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq davam edir”.
Bunu ölkənin Milli Təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırarkən deyib.
Nazir Lüksemburq polisinin “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını bildirib: “Matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal əlavə dəstək üçün 30 agent çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi. İstintaq davam edir. Yaxın həftələrdə məlumat veriləcək.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş və yekunda “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi oyunun 30-cu dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. “Qarabağ”ın futbolçuları təxribatın qarşısını ala biliblər. Görüş təxminən 24 dəqiqə dayandırılıb.