23 Dekabr 2024
Kateqoriyasız Müsahibə

Elxan Məmmədov: “Bizim əməkdaşlarımız onu məhkəməyə vermək istəyirdilər” – Müsahibə

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasdan sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun mətbuat konfransı təşkil olunub. Məmmədov media nümayəndələri ilə görüşdə jurnalistlərin suallarını cavablandırıb:

– Premyer Liqada komanda sayının 10-a qaldırılacağını dediz. İki yeni komanda hansıdır? Diviziona da əlavə komandalar cəlb olunacaq?
– Komanda sayının artırılması çox önəmlidir. Hansı komandaların Premyer Liqada olacağını demək çətindir. İnanıram ki, iki yer üçün 3-4 namizəd olacaq. Çalışacağıq ki, diviziona da əlavə 2-3 komanda qoşulsun. Onlar da Region Liqasından gələcək.

– “Keşlə” martdan yeni adla Şamaxıda çıxış edəcək?
– Bəli, komanda mart ayından ev oyunlarını Şamaxıda keçirəcək. Artıq bu barədə UEFA-da məsələyə baxılır. Biz öz tərəfimizdən hər şeyi təsdiqləmişik və UEFA-nın qərarını gözləyirik.

– Bu mövsüm VAR sistemi tətbiq olunacaq?
– VAR sistemi tək çiplə bağlı deyil. Son mərhələdəyik, avadanlığın Azərbaycana gəlməsi məsələsi qalıb. Gözlənilir ki, yaxınlarda Azərbaycana gəlməlidir. VAR sistemi 28 oyun yoxlanmalıdır. Yəni bu, yoxlama matçı da ola bilər. Bu oyunları süni meydançalarda da təşkil etmək olar. 16-17 günə 28 oyun keçirə bilərik.

– Futzal millisi ilə bağlı nəsə qərar qəbul edilib?
– Futzal millisi qrupda qalsa da, son oyunda qələbə qazandı. Yaxşı olardı ki, milli növbəti mərhələyə yüksəlsin. Gürcüstanla matçı udmaq lazım idi. Federasiya rəhbərliyi ilə görüşmüşük və bəzi dəyişikliklər olacaq. Yanaşmalar fərqli olacaq, sistemdə, liqada, milli komandada yeniliklər olacaq. May ayına qədər Futzal Federasiyası bizlə bərabər təqdimatlar hazırlayacaq. Futzal çempionatına bir az peşəkarlıq lazımdır.

– İcraiyyə Komitəsində yeni təyinat oldu?
– Bəli, İslam oyunları ilə əlaqədar millinin baş məşqçisi Samir Əliyev olacaq.

– Bukmeker kontoru olan “Misli”nin çempionata sponsor olacağı deyilir.
– Bazara rəqabət gəlib. Bu, yaxşı haldır. Danışıqlar gedir.

– Çempionata Bakı təmsilçiləri gələcək, ya bölgə? Bu haqda bir düşüncəniz var?
– Bunu deyə bilmərəm. Müraciətdən asılıdır. Ola bilər ki, komanda 1-2-ci yerləri tutsun, amma lisenziya ala bilməsin.

– “Qarabağ” Konfrans Liqasında səfərdə “Marsel”lə qarşılacaq. Səfər oyununda hansısa ola biləcək təxribatın qarşısının alınması üçün UEFA-ya müraciətiniz olacaq?
– Bəli, bununla bağlı Fransadan olan həmkarıma məktub göndərmişəm, gələn həftə onunla görüşəcəyik. O, həm də UEFA-da mənim müavinimdir. Əvvəlki təcrübə göstərir ki, bizə qarşı təxribat tətbiq etsinlər. Fransadakı oyunda təhlükəsizlik meneceri olacaq. Eyni zamanda, Fransadakı səfirimizə də bu haqda məlumat vermişik. Futbolda təxribatlar olmamalıdır. Biz heç vaxt heç kimə təxribat etməmişik. Qarşı tərəf də belə olmalıdır.

– Premyer Liqada 5 əvəzetmə qaydası tətbiq olunacaq?
– Yaxşı olardı ki, bu sualı PFL-in prezidentinə verəsiz. Legioner limiti isə komanda sayının artırılmasından sonra müzakirə oluna bilər. Çünki limit götürülsə, azərbaycanlı futbolçular kənarda qala bilər. Limitlə bağlı məsələ yeni mövsümdə komanda sayının artmasından sonra müzakirə olunacaq.

– “Səbail”in meydançasında – “Asco Arena”da ot örtüyü keyfiyyət baxımından yaxşı deyil. Dəyişilməsi gündəmdədir?
– Bununla bağlı tender elan olunub. Yeni mövsümə qədər süni örtüklü meydança qurulacaq. Bu meydança çox tez-tez yüklənir. “Səbail” başqa bir stadion tapsa, biz işlərə mayda yox, apreldə başlayarıq.

– Azərbaycanlı futbolçuların Türkiyədə legioner kimi olmaması üçün danışıqlar aparılırmı?
– Bəli, bu məsələ davamlı müzakirə olunur.

– 10 komandalı çempionatda neçə dövrə olacaq?
– 4 dövrəlik sistem ideal variantdır.

– UEFA və FİFA klublardan qadın komandaların yaradılmasını tələb edib. Bir neçə klubun bundan imtina etdiyi deyilib. Bu haqda fikirləriniz nədir?
– Biz klublarımız üçün lazım olan hər şeyi etmişik. Tələb qaçılmazdır. Bu, Avropanın və dünyanın tələbidir. Qadın futbolçuları tənqid edən zaman çox məyus olurlar. Amma bəzən deyirlər ki, uduzduq, bizi tənqid edən olmadı. Buna baxmayaraq, qadın komandalara dəstək olmaq lazımdır. Onlara bir az dəstək olmaq lazımdır. Qadın olsun, kişi olsun, futbolçu olmağı özü seçir.

– Mahir Emreli ilə bağlı fikirləriniz nədir?
– İki həftə əvvəl Mahirlə danışdım. O, detallı şəkildə hər şeyi danışdı. Ona kömək edə biləcəyimizi dedim. Onun yanında təcrübəli hüquq məsləhətçiləri işləyir. Biz də hər zaman ona bu baxımdan kömək göstərməyə hazırıq. O, ilk növbədə azərbaycanlıdır. İkinci növbədə isə milli komandamızın oyunçusudur. Dünən millimizin nümayəndəsi də Mahirlə əlaqə saxladı. Emreli ilk olaraq “Legiya” ilə problemini həll etsin. Mahir Emrelidən bu məsələni tez həll etməsini istədik. Onun formasından uzaq qalmasını istəmirik.

– “Neftçi”nin yeni transferi Azər Əliyev çempionatda legioner statusunda olacaq.
– Azər Əliyev dünən debüt etdi. “Neftçi” bizə şifahi müraciət edib. Amma prosedura görə, futbolçu özü ərizə yazmalıdır. Sonra Rusiya Futbol İttifaqına məktub göndərilir və təsdiq alınmalıdır ki, futbolçu Rusiya yığmasında oynamayıb. Daha sonra isə sənədlər FİFA-ya göndərilir. Azər Əliyev özü rəsmi olaraq AFFA-ya müraciət etməyib.

– Vəkil Aslan İsmayılovu məhkəməyə vermişdiz. Detalları deyə bilərsiz?
– Həmin şəxs sübutu olmadan əsassız iddialar irəli sürmüşdü. Biz susa bilməzdik. O, ictimaiyyətdə tanınmışdır. Belə iddialar biz tərəfdən qəbul edilə bilməz. Bizim öz əməkdaşlarımız ayrı-ayrılıqda onu məhkəməyə vermək istəyirdilər. Dedim ki, lazım deyil, özümüz iddia qaldıracağıq və sonda qalib gəldik. Məhkəmə prosesi üç ay çəkdi. Sonda düzgün və ədalətli qərar qəbul edildi.

– AFFA-nın media ilə bağlı xüsusi bir layihəsi varmı?
– Kimsə kimisə işinə görə tənqid edə bilər. Bu, normal haldır. Əsas olan odur ki, təhqir olmasın. Sizdən xahiş edirəm ki, xətti keçməyək. Dostluq münasibətlərini saxlayaq. Media ilə bağlı daha çox tədbirlər planlaşdırırıq. Gözəl planımız var, açıqlamaq istəmirəm. Gözləyirik ki, pandemiya dövrü bitsin. Media Komitəsində bəzi səhvlər buraxıldı. Amma yenilik idi. Çalışdıq ki, ortalığa yaxşı məhsul çıxaraq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43