23 Dekabr 2024
Kateqoriyasız

İki gün oynanılan oyun 500-cü oldu

Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz heç-heçə qeydə alınıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 19-cu turunun “Qəbələ” – “Zirə” görüşünə təsadüf edib. 1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” – 89, “Keşlə” – 70, “Bakı” – 62, “Şüvəlan” – 54, “Turan” – 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43