İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında AFFA-nın baş katibi vəzifəsinin indiyə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunması ilə bağlı qərar qəbul olunub.
Idmanxeber.az xəbər verir ki, qurum yeni katibin tərcümeyi-halını dərc edib.
Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.
2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
2009-cu ildən bugünədək AFFA-da işləyir:
• 2009-2011 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
• 2011-2012 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
• 2012-ci ildən bugünədək baş katibin müavini
2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.
2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.
2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:
• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.