23 Dekabr 2024
Kateqoriyasız

Gözlənilən gedişat (KİÇİK QEYD)

Mövsümün əvvəlində “Zirə” hakim haqsızlıqları ilə üz-üzə qalanda Rəşad Sadıqovun haqlı iradlarını, üsyanlarını xatırlamış olarsınız. Sonra mövsümün gedişində yüngül səngimələr oldu. Sanki hər şey qaydasına düşürmüş kimi görüntü yaradıldı. Sadıqov hər oyundan sonra keçirilən mətbuat konfransında deyə bilmək istədiklərinin az bir qismini dilə gətirsə də, demədiyi o qədər şeylər qaldı ki…

Lakin ötən gün “Neftçi” ilə oyunda bu saxta gedişat yenidən pərən-pərən oldu. “Neftçi” ilə oyunda İnqilab Məmmədovun çaldığı yerli-yersiz fitlər “Zirə”nin, Sadıqovun əsəblərini cilovlaya bilməməsi ilə yekunlaşdı. Nəticə etibarı ilə “qartallar”ın iki futbolçusu “qırmızı” vərəqə ilə cəzalandırıldı. Sadıqov isə buna gülümsəyərək və əl çalaraq qarşılıq verdi. Gedişatın belə olacağını gözləyirmiş kimi…

Küsdürülür, incidilir, hər yolla ondakı bu həvəs məhv edilir. Sadıqov sürünməkdə olan futbolumuzun xilaskarı gözü ilə görünməsinin sanki cəzasını çəkir.

O,  Azərbaycan futboluna yeni nəfəs gətirməyə çalışan, futbolumuzdakı problemlərə sistemli şəkildə həll yolunu göstərən nadir mütəxəssislərdəndi. O kəslərdəndi ki, təkcə həll olunmalıdı demir, həm də həll yolunu ətraflı şəkildə izah edərək göstərir. Bu gün onun məşqçi kimi uğur qazanması həm də Azərbaycan futbolunun yenidən qazanması deməkdi. Futbolumuzun inkişafı naminə şərait yaradılmırsa, heç olmasa maneələr olmasın. Əks halda zərbələr almış Azərbaycan futbolunun məhvə sürüklənməsinin altına növbəti dəfə imzalarınızı atmış olarsınız.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43